İnsanlara hürriyət, millətlərə istiqlal!

Çingiz Qənizadə: "Nankorluq və xəyanət edən məmurlar tapılıb üzə çıxarılmalıdır"

"Ataların bir deyimi var - qurd ağacı içindən yeyər. Bu gün Azərbaycan dövlətini gövdəli bir ağaca bənzətsək, təbii ki, onu da içindən yeməyə çalışan ziyanvericilər var. Son günlər mətbuatda xaricdəki "söyüş müxalifəti"ni maliyyələşdirən məmurlar haqqında yazılara rast gəlirik. Hesab edirəm ki, bu məsələ ilə bağlı bizim hüquq-mühafizə orqanlarının əlində kifayət qədər məlumat var. Əgər bir fakt belə təsdiqini tapacaqsa, bunun bir adı var - xəyanət və nankorluq. Xaricdəki "söyüş müxalifəti"ni istər könüllü şəkildə maliyyələşdirmək, istərsə də təhdidlərin təsiri altında maliyyələşdirmək, düşünürəm ki, iki məqsədə xidmət etmiş olur. Biri özünün vicdansız vücudunu qorumaqdırsa, digəri də dövləti daxildən sarsıtmaq meyilləri üçün edilən addımlardır".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib.

O qeyd edib ki, indi dövlətin müəyyən strukturlarında və ölkə başçısının ətrafında sıx birləşən sadiq məmurlar var:

"Amma çox təəssüf ki, elələri də var ki, öz qınlarında gizlənərək və tutduqları yüksək mövqedən istifadə edərək, sanki lazım olan vaxtda xəyanət etmək üçün məqam gözləyirlər. Bu ünsürlər yəqin ki, bütün dövlətlərdə var. Azərbaycan uzun müddət sonra torpaqlarını işğaldan azad etdi, suverenliyini bərpa etdi. Fikrimcə, mənliyimizi və qürurumuzu bizə qaytaran cənab Prezidentimizə xəyanət etmək ən ağır cəzaya layiqdir".

Ç.Qənizadə bildirib ki, Avropada gizlənən "söyüş müxalifəti" maliyyə yardımları almaqla və öz dolanışıqlarını təmin etməklə günbəgün artmağa başlayır:

"Yaxşı haldır ki, onlar özləri də son vaxtlar öz aralarında didişməyə başlayıblar. Belə blogerlərdən ikisi artıq bir-biri haqqında ifşaedici açıqlamalar yaymaqla bizim hüquq-mühafizə orqanlarına kömək etmiş oldu. Öz qınına çəkilib, kabinetlərdə oturub, hər şeyi kənardan izləmək istəyən məmurlar tapılıb üzə çıxarılmalıdır.

Mən rəsmi açıqlamalar olmadan kimisə ittiham etmək niyyətində deyiləm. Ancaq bu cür hallar araşdırılmalıdır. Nankorluq və xəyanət edən məmurlar varsa, onlar tapılıb üzə çıxarılmalıdır. Prezidentimizə dəstək olaraq, ona edilən hücumlara sinə gərib "söyüş müxalifəti"nin, radikalların cavabını məntiqli fikirləri ilə verməli olan insanlar nə qədər çoxdursa, təəssüf ki, içində xəyanətkar mövqe tutan və susqunluq edənlər də var. İnanıram ki, onların əməllərinin üstü gec-tez mütləq açılacaq".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR