İnsanlara hürriyət, millətlərə istiqlal!

Çingiz Abdullayev üzr istəyəcəkmi? Baku TV-nin son reaksiyası

Xalq yazıçısı Çingiz Abdullayev Yazıçılar Birliyinin qurultayının təşkil edilməsi üçün xərclənən vəsaitlə bağlı ona sual ünvanlayan jurnalisti təhqir edib. Jurnalistə “...niyə ölmürsən, utanmaqdan” cavabı verən yazıçını dəstəkləyənlər də var. Lakin sosial media və bütövlükdə cəmiyyət bu məsələdə Çingiz Abdullayevi suçlu bilir və hazırda onun ünvanına ümumi qınaqlar yağmaqdadır.

Məsələyə Mətbuat Şurası (MŞ) İdarə Heyətinin üzvləri də reaksiya veriblər. Media eksperti, MŞ İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli sözügedən qalmaqalla əlaqədar Baku TV-yə açıqlamasında qeyd edib ki, müxbirin Ç.Abdullayevə ünvanladığı sual nə qanunlarla, nə etik kodekslə, nə də beynəlxalq konvensiyalarla qadağandır.

Medianın gəlirlərində ciddi azalma müşahidə olunur" - Müşfiq Ələsgərli

Müşfiq Ələsgərli

“Hətta hansısa jurnalist yayılması məqbul olmayan, yaxud həssas yanaşılması lazım olan mövzuda da sual verə bilər. Amma bu o demək deyil ki, qarşı tərəf ona aqressiv və aşağılayıcı formada cavab verməlidir”, - deyə ekspert əlavə edib.

Onun sözlərinə görə, Ç.Abdullayevin davranışı jurnalistin fəaliyyətinə mane olmaq, informasiya almaq hüququnu pozmaqdır və qanunla qadağandır.

Foto Rauf Arifoglu.jpg

Rauf Arifoğlu

“Yeni Müsavat” Media Qrupunun rəhbəri, MŞ İdarə Heyətinin üzvü Rauf Arifoğlu da məsələdə jurnalistə haqq verib. “Çingiz Abdullayev təhqir etdiyi jurnalistdən üzr istəməlidir”. Bunu o, Bakupost.az-a açıqlamasında deyib. O, Xalq yazıçısının jurnalistə verdiyi cavabı qeyri-etik adlandırıb. Jurnalistin ünvanladığı sualda isə heç bir yanlışlıq olmadığını vurğulayıb: “Mən bu nümunədə jurnalistdə heç bir günah, yanlışlıq görmürəm və onun verdiyi sual da etika çərçivəsində idi. Çingiz Abdullayevin cavabı isə qeyri-etik, təhqiramiz və yanlış idi. Hesab edirəm ki, Çingiz Abdullayev təhqir etdiyi jurnalistdən üzr istəməlidir”.

MŞ sədri Rəşad Məcid isə məsələyə bir qədər fərqli yanaşıb. O, Çingiz Abdullayevin cavabını doğru saymasa da, jurnalisti də qınayıb.

Çingiz Abdullayev: Özün ölmürsən utanmığdan? - BAKU TV - YouTube

 

Bəs bütün bu prosesin mərkəzində olan Baku TV-nin rəhbərliyi məsələ ilə bağlı nə düşünür? Əksər media mənsubları hesab edir ki, sualı verən jurnalist məhkəməyə müraciət etməlidir. Məsələ ilə bağlı Baku TV-dən qəzetimizə bildirilib ki, Mədəniyyət Nazirliyi tərəfindən Yazıçılar Birliyinə ayrılan 203 min manatın xərclər istiqaməti barədə ilk sualı AYB sədri Anar müəllimə ünvanlanıb: “O da öz növbəsində bu sualı Çingiz Abdullayevdən soruşmağı məsləhət görmüşdü. Əməkdaşımız da eyni sualla Xalq yazıçısına müraciət edib. Biz normal cavab alacağımızı düşünsək də, təəssüf ki, Çingiz Abdullayevin məlum kəskin və təhqir dolu cavabının şahidi olduq. Xüsusi olaraq vurğulamaq istəyirəm ki, verilən sual hər bir jurnalistin soruşa biləcəyi sual idi. Biz şəffaf və dolğun açıqlama gözləsək də, qarşılaşdığımız mənzərə fərqli oldu. Sualımız cavabsız qaldı və xoşagəlməz hadisə ilə qarşılaşdıq. Təəssüf edirik”.

Oxu.az - Qulu Məhərrəmli: “Xəzər”, “Space” və “Lider” telekanallarında  nöqsanlar hələ də var

Qulu Məhərrəmli: “Jurnalistə qarşı gərəksiz ifadələr birmənalı şəkildə pislənməlidir”

BDU-nun professoru, Əməkdar jurnalist Qulu Məhərrəmli mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlamasında öncə məsələdə fərqli mövqelərin sərgilənməsinə diqqət çəkdi: “İkiyə bölünmənin səbəbi də çox incədir. İndi biri adını media eksperti qoyur, ona necə sərfəlidirsə, o cür izah edir. O biri tərəf jurnalistə qarşı kobudluğa bəraət qazandırmağa çalışır. Yəni bu cür yanaşma doğru deyil. Əslində məsələ necədir? Bu ölkədə hər bir jurnalist qanunla qadağan olunmayan hər hansı mövzuda istənilən adama, istənilən sualı verə bilər. Bu onun hüququdur və qarşı tərəf də təbii ki, jurnalistin suallarını cavablandırmağa borcludur. Bunu ”Media haqqında" qanun da deyir, “İnformasiya əldə etmək azadlığı haqqında” qanun da, adi jurnalist praktikası da.

Konkret olaraq Çingiz Abdullayevlə bağlı olan məsələdə bir çox incə nüanslar var. Əlbəttə ki, jurnalistin ondan maliyyənin ayrılması və xərclənməsi ilə bağlı sual verməsi çox normaldır və əslində xalq yazıçısı da o sualları da çox normal şəkildə şəkildə cavablandırmağa çalışırdı. Amma indi ortaya sual çıxır ki, nəyə görə birdən-birə, belə xoş məramla başlayan müsahibədə birdən-birə intonasiya, leksika dəyişdi və artıq kobudluq nümayiş olundu. Jurnalistə qarşı gərəksiz ifadələr işləndi. Bunlar birmənalı şəkildə pislənməlidir".

“Amma mənə elə gəlir ki, Çingiz Abdullayevin əsəbiləşməsinin səbəbi onun maliyyə haqqında soruşulması deyildi”, - deyə Q. Məhərrəmli əlavə etdi ki, jurnalistin verdiyi ikinci sual eyhamlı idi: “Təqribən bu şəkildə verdi sualı: ”Hanı, burada 203 000 manatlıq nə isə var?" Bax, bu sualın özündə maliyyənin düzgün xərclənməməsi ilə bağlı şübhə ifadə olunur. Maliyyənin düzgün xərclənməməsilə bağlı rəy var. Bax, ona görə də Çingiz Abdullayev ona münasibət bildirdi. Yoxsa normal şəkildə jurnalistin sualına cavab verirdi. Mənə elə gəlir ki, bu epizodun özü bizim, xüsusən gənc həmkarlarımız üçün müəyyən mənada dərs çıxartmağa əsas verir. Biz hansı sualımızı hansı şəraitdə və hansı tərzdə veririk? Yəni biz doğrudanmı soruşuruq, yoxsa sual verərək münasibət bildiririk predmetə. Ona görə hesab edirəm ki, xalq yazıçısı çox təmkinli olmalıydı. Təxminən eyni sualı xalq yazısı Anara da verəndə o, xeyli təmkinli cavab verir. Çingiz Abdullayev bu sualın cavabında çox normal cavab verməli idi ki, sən yanlışsan, bu belədir, bunu mühasibatdan öyrənin. Ona görə də onun işlətdiyi utanmaq, ölmək və sair bu kimi ifadələr yolverilməzdir və haqlı olaraq camaatı qıcıqlandıran da bu məqamlardır ki, jurnalistin işi soruşmaqdır. Yəni sən ya buna cavab ver, ya da təhqir eləmə. İncəliklər burada gizlənir.

Mən sözün açığı, əlbəttə ki, bir jurnalist olaraq gənc həmkarıma qarşı o cür təzyiqi qəbul eləmirəm, pisləyirəm onu. Amma eyni zamanda bizim jurnalistlər, reportyorlar, sual vermə taktını, tərzini düzgün mənimsəməlidirlər ki, o cür situasiyalar yaranmasın. Bu proseslər ötüb gedəcək. Amma biz istər-istəməz orada jurnalist peşəkarlığı ilə bağlı məqamları dəqiqləşdirməliyik, öyrənməliyik, təbliğ etməliyik. Məsələ bu şəkildədir və təəssüflənirəm ki, belə bir hadisə baş verib".

AYB-nin qurultayı ətrafında gedən qalmaqal və narazılıqlarla bağlı AYB-nin sədr müavini Rəşad Məcid də əlaqə saxladıq. O dedi ki, yazdığı ilk status düzgün anlaşılmayıb: “Əvvəlki feysbuk statusumda Baku TV-nin və Çingiz müəllimə verilən suala aid deyildi. Akademik İsa Həbibbəyli ilə kobud davrandığına görə Abzas.net adlı saytın jurnalistləri haqqında yazmışdım. Amma Çingiz müəllim emosional, əsəbi cavab verib. Çingiz müəllimdə elə hallar olur. Arzulayarıq ki, yaxşı sonluqla bitsin. Mən də hər halda çalışacağam ki, hansısa formada özünə deyim ki, jurnalistlərlə sülh yaratmaq lazımdır”.

Hamıdan uşaq, hamıdan qoca - 55 yaşlı Rəşad Məcid

Rəşad Məcid: “Mən Çingiz müəllimlə danışmağa çalışacağam, jurnalistlərlə...”

Məcid, Çingiz Abdullayevin jurnalistlərə çox zaman cavab verməməsinə, mediaya qapalı olmasına, bəzi hallarda kobud cavab verməsinə də münasibət bildirib: “Çingiz müəllimin işi çoxdur. Dünya şöhrətli yazıçıdır. Səfərdə olur, işləri çox olur. Ola bilər cavab vermir”.

AYB-nin sədr müavini öz sosial media hesabında əlavə olaraq qeyd edib ki, jurnalistlər həmişə xalqın savadlı, mədəni, ziyalı təbəqəsi sayılıblar: “Bu keyfiyyətlərin daşıyıcısı olan həmkarlarımız bu gün də var. Onlar təvazökardırlar, abırlıdırlar, kənardan mətbuatımızın bugünkü mənzərəsinə baxıb köks ötürürlər. Jurnalist adı nəyə görə bu qədər nüfuzdan düşdü? Niyə cəmiyyət onlara əcaib və qorxulu məxluqlar kimi baxır, hətta bəzən kinayə və ironiya ilə yanaşırlar? Bunun bir səbəbi özünü jurnalist adlandıranların bir-birinə tükənməz kin-küdurət bəsləməsi, bir-birini aşağılaması, gözdən salmasıdırsa, bir səbəbi də sosial şəbəkələrin yaratdığı asudəlikdə yerindən duranın jurnalist adına iddia etməsidir. İndi hamı yazır, çəkir, danışır və ictimaiyyət də bu ”hamını" jurnalist simasında görür. Bu sektorda güclü özünütənzimləmə, sərt ictimai qınaq olmasa, fəsadları getdikcə dərinləşəcək. Jurnalist və yazar adına iddia edənlərin ömründə bir kitab oxumamasından, tariximizə və mədəniyyətimizə nabələdliyindən çox danışırıq, deyirik, qınayırıq, yoruluruq. Bəzən də özünü intellektual və ziyalı hesab edən neçə ilin jurnalistindən elə söz eşidirik ki, heyrətə gəlirik. Deməli, oxumayan, məlumatsız olan təkcə “iddialı” gənclər deyil,  belələri yaşlılar arasında da var. Neçə ilin jurnalisti verilişində Xalq şairi Ramiz Rövşənə atmaca atır, sonra deyir ki, son 30 ildə Anar nə yazıb ki? Halbuki bir az maraqlansa, görərdi ki, o, ömrünün 30 ilini dingiş şou proqramlara sərf edəndə Anar sakitcə öz yaradıcılığıyla məşğul olub, xalqımız, cəmiyyətimiz üçün bir çox vacib, sanballı və dəyərli əsərlər yaradıb. Anar bu 30 ildə 1000 səhifəlik “Yaşamaq haqqı” traktatını yazıb. “Yaşamaq haqqı” hər bir azərbaycanlının oxuması vacib, keçmişimizə güzgü tutan, gələcəyimizin yol xəritəsi olan Kitabdır. Anarın Heydər Əliyev mükafatına layiq görülmüş “LİK Azerbaydjana» üçcildliyindən, mədəni irsimizin bütün qatlarına işıq tutan ”Söz dünyası" beşcildliyindən, eləcə də çoxlu sayda ədəbi-bədii əsərlərindən xəbərsiz olub pafos üfürmək ziyalıya, intellektuala, peşəkara yaraşmayan, naqis hərəkətdir. Qınadığımız mütaliəsiz cavanlara belə “nümunə” göstərməklə onlar əslində, cəmiyyəti qaranlığa və xaosa sürükləyirlər. Unudurlar ki, dürüst yol - axına qoşulub bulanıq sulara qarışmaq yox, tərsinə, mənbəyə üzüb duruluğa çıxmağa çalışmaqdır".

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR