İnsanlara hürriyət, millətlərə istiqlal!

Çingiz Abdullayev “ölkədən gedirəm” dedi, ölkə “başına yığıldı”

Kəramət Böyükçöl “pulun, evin-eşiyin, maşınların, bağ evlərin, medalların, ordenlərin var, nədən bezdin”, Fazil Mustafa isə “əcəba, nəyin savaşını verib bezikdiniz” soruşdular, bir çox tanınmışlar müdafiə etdi; Aqil Abbas “heç vaxt ölkədən getməz” dedi

Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq yazıçısı Çingiz Abdullayev Azərbaycanı tərk etmək istədiyini bildirib. Tanınmış yazıçı bu barədə sosial şəbəkədə paylaşımında yazıb. Ç.Abdullayev sosial şəbəkədə ona qarşı olan hücumlardan zinhara gəldiyini qeyd edib:

“Bu axmaq zarafatlardan bezmişəm. "Axmaqlar" yazsam, inciyəcəklər. “Yaramazlar” yazacam, daha da inciyəcəklər. Onların hamısı məni bezdirib. Bəlkə birdəfəlik çıxıb getməyim daha doğru olar?! Çox pis oluram. Bu mənim ölkəmdir, mənim şəhərimdir. Bu şəhərin ləhcəsini danışdığım üçün belə qınanıram. Həddindən artıq adekvat olmayan adamlar var. Bu isə bütün hər şeyi korlayır. Artıq nəsə etmək, qərar vermək vaxtıdır!", - deyə yazıçı vurğulayıb.

Kəramət Böyükçöl xalq yazıçısının bu istəyinə belə reaksiya verib: “Zalım oğlu, 40 dənə vəzifən var. Yazıçılar Birliyinin yiyəsisən. Xalq yazıçısısan, futboldan girib siyasətdən çıxırsan. Ölkədə məşğul olmadığın iş qalmayıb. Pulun, evin-eşiyin, maşınların, bağ evlərinin, medalların, ordenlərin, ölkədə bütün qapıları təpiklə açırsan, indi də deyirsən ki, bezmişəm. Ölkədə hər şey sənindir, bircə Azərbaycan dilindən başqa. Camaat sənə nə deyir ki? Deyir, Azərbaycan dilində danış da. Azərbaycan dilini öyrənmək sənin üçün belə çətindir?”

Keçmiş təhsil naziri Misir Mərdanov isə  Çingiz Abdullayevin müdafiəsinə qalxıb. “Dəfələrlə şahid olmuşam ki, Çingiz müəllim Qarabağ məsələsi ilə bağlı ən yüksək səviyyələrdə Rusiya rəhbərliyinin iştirak etdiyi tədbirlərdə Azərbaycanın mövqeyini müdafiə edib, ruslara ciddi iradlarını bildirib”, - deyən Misir Mərdanov xalq yazıçısını qınayanlarla razılaşmadığını vurğulayıb.

Fazil Mustafa güllələndi — Yenilənib

Fazil Mustafa

Millət vəkili Fazil Mustafa isə bu günə qədər Çingiz Abdullayevin heç bir kitabını oxumadığını, bununla belə, yazıçının ölkədən getməsini istəmədiyini deyib: “Mən indiyədək hörmətli xalq yazıçısı Çingiz Abdullayevin heç bir əsərini oxumamışam. Kitabxanamda da bircə əsəri belə yer almır. Yəni yazıçı kimi mənim menyumda yoxdur. Hansı kitabı oxumaq lazım gəldiyi barədə xüsusi intuisiyam var və buna hələ də güvənməkdəyəm. Ancaq qeyd etməliyəm ki, hörmətli Çingiz Abdullayevi oxuyanlara, sevənlərə, izləyənlərə, nəşrlərinin, tərcümə olunan kitablarının sayı üzərindən qürur duyanlara da yanaşmam normaldır.  Onun danışıq dili ilə bağlı lağlağılara da münasibətim mənfidir. Azərbaycan dilində səlis danışan o qədər susmalı adam olduğu halda belə köntöy danışığın iqtisadi, sosial, siyasi bir zərəri olduğunu düşünmürəm. Mənəvi zərəri hesablana bilərdi bəlkə də, ancaq hər işdə əsas aldığımız meyar əməldirsə, insanın bu qüsurunu da belə qabartmağına dəyməz. Çingiz Abdullayev öz makulaturası ilə dünyada və Azərbaycanda çoxlarının qəlbini fəth edə bilər, ancaq mənim qəlbim bu mövzuda öz muxtariyyətini qoruyursa, öz qəlbimin səsi ilə davranmağım da anlayışla qarşılanmalıdır. İnsaf naminə qeyd edim ki, Çingiz müəllim erudisiyalı, ədəbi, hüquqi və siyasi bilgiləri olan adamdır, müsahibələrində maraqlı fikirlər var və çıxışları da bəyəndiyim koloritdədir. Rusiya auditoriyasında da Azərbaycanı müdafiə edən çıxışlarını yüksək qiymətləndirirəm. Məşhurluğuna da çox müsbət yanaşıram. Ölkənin şişirdilmiş olsun, haqqına olsun, brend adamlarının olması bəzi kritik şərtlərdə çox vacib amilə çevrilir. Yəni ən azı ölkədən kənarda onun söylədiklərinə daha çox diqqət kəsiləcək. Titul, məşhurluq və sair amillərə görə.

Mətnin ikinci hissəsinə buradan keçid edirəm. “Artıq bezmişəm, ölkədən çıxıb getməyə hazırlaşmaq lazım!” Təqribən belə bir ifadə səsləndirdi və birdən-birə “Getmə, amandır!” naləsi bir çox tanınmış imzalar tərəfindən dövrəyə soxuldu. Aydın olmayan bir sual var, bunu mütləq cavablandırıb, sonra getmək barədə düşünmək doğru olmazmı? Əcəba, nəyin savaşını verib bezikdiniz? Hansı ədəbi cərəyanın aydınlanma davasında öncülü olaraq düşüncələrinizi ortaya qoydunuz? Hansı əsərinizdə cəmiyyətin yanlış dəyərlərinə qarşı savaş açdınız? Qarabağda qələbəmizə ermənilər qədər məyus olan və daxildən, xaricdən hər cür tərbiyəsizliyə yol verən müxalifətçi, bitərəf kimliklərə hansı qınağınız səsləndirildi? Mədəniyyət və ədəbiyyat sferasında fundamental mövzularda hansı yanlış siyasətə etirazınız ortaya qoyuldu? Onlarla belə sualları sıralamaq mümkündür. Dili, zadı bəhanə etməyin, məmləkətə, millətə səmimiyyətsizliyinizi, sevgisizliyinizi bəhanə edin! Danabaşların, qaragüruhun, cahil sürüsünün söyüşünə, təhqirinə, böhtanına, gülləsinə bu məmləkətdə hədəf olan bizlər heç vaxt küsməyi düşünmədik, bezmədik, getməyə hazırlaşmadıq. Çünki bu gün hamımızın qoyub getdiyi bu ölkə sabahın Əfqanıstanı, İranı və Allah bilir hansı cəhalətpərvərlərin bostanı olacaq.

Mən bütün səmimiyyətimlə hörmətli Çingiz müəllimin getməyini istəmirəm. Əksinə, Azərbaycana, onun problemlərinə, ağrılı-acılı məqamlarının üzərinə gəlməyini istəyirəm.

Çingiz Aytmatovu və Çingiz Hüseynovu təkrar oxumağa başlayıram. Necə olsa, həmişə bizimlə qalacaq Çingizlərdir..."

Mir Şahin Ağayev: Diqqət, ehtiyat, DÖVLƏT vaxtıdır!

Mir Şahin Ağayev 

Real TV-nin rəhbəri, jurnalist Mir Şahin Ağayev isə məsələyə bu cür mövqe bildirib: “Böyük” cəhiliyyə Böyük Çingiz Abdullayevə qarşı! Əslində qanunauyğunluqdur! Belə də olmalıydı. Vaxtında Çingiz Abdullayev (elə onun kimi başqaları da)  qaragüruhun hücumuna məruz qalan düşüncə sarbanlarını müdafiə etməkdən çəkinməməli, “qoy abırımı qoruyum” deməməli, var gücü ilə savaşmalı, qara qələm güruhuna yerini göstərməli idi. Çingiz müəllim, yenə də səhv yoldadır. Öz ölkəsini buraxıb harasa getmək haqqında yox, kirdən qartmaq bağlamış cahiliyyəni necə susdurmaq, hər şeyi və hər kəsi adı ilə çağırmaq barəsində fikirləşməlidir.  İoneskonun “Kərgədan”ını oxuyun Çingiz müəllim, mütləq oxuyun! Sizə və bizə hücum edənlər haqqındadır. Əsərin sonu çox dəhşətlidir. Vuruşun, qalib gəlin! Ordudan qaçmağı, total məğlubiyyəti aşılayanları, övladına əsgərliyə getməməyi təlqin edənləri, böyük Azərbaycan mədəniyyətini, söz azadlığını, gerçək şeir və əsl nəsri gözdən salanları, uğura və uğurlulara paxıllıq edən uğursuzları açıq döyüşdə məğlub etmək lazımdır, meydanı bu şəbəkə əbləhlərinə buraxmaq haqqında düşünmək yox. Çingiz Abdullayev addır! Onlar bu adı, belə adları batırmaq, bulaşdırmaq istəyirlər!"

Aqil Abbas: "Azərbaycanda Səhiyyə Nazirliyi yoxdur", General-mayor Polad  Həşimovun adına Qəbələdə küçə - BBC News Azərbaycanca

Aqil Abbas 

Millət vəkili, Azərbaycan Yazıçılar Birliyinin üzvü Aqil Abbas “Yeni Müsavat”a açıqlamasında məsələyə bu cür reaksiya verib: “Çingiz Abdullayev heç vaxt ölkədən getməz. Sadəcə, o yorulub və əsəbi şəkildə sosial şəbəkədə həmin statusu yazıb. Azərbaycanda hörmətli, tanınmış adamları, ziyalıları hörmətdən salmaq, əsəbiləşdirmək üçün sosial şəbəkələrdə nə qədər desən  böhtan, təhqir yazırlar. Sanki xüsusi bir qrupdur, indi kim tərəfindən idarə olunur, onu bilmək olmur. Amma hər halda, yuxarıdan hansısa "əl" onları idarə edir. Hətta klassiklərimizi də təhqir edirlər. İndi də Çingiz Abdullayevi hədəfə alıblar və o da hirslənib, belə bir açıqlama yazıb. Tez-tez nöqsan tuturlar ki, Çingiz Abdullayev Azərbaycan dilində pis danışır və yaxud ləhcə ilə danışır. Bakılıdır, ona görə də bakılı ləhcəsi ilə də danışır. Mən indi qarabağlıyam, o zonanın ləhcəsində danışıram, burada qəribə nə var ki, nöqsan tuturlar. Gah da deyirlər rus dillidir... Bir dəfə hamı Rasim Musabəyovu söyürdü ki, Azərbaycan dilində danışa bilmir. Onda cavab verdim ki, kənddə mənim əmimoğlanlarının hamısı Azərbaycan dilində çox gözəl danışır, amma heç biri Rasim Musabəyov deyil. Yəni sanki ziyalılara qarşı qısqanclıqla yanaşır, onları incitməyə çalışırlar. Bir daha deyirəm, Çingiz Abdulayev heç vaxt ölkədən getməz, sadəcə, əsəbiləşib, o cür yazıb".

Xalidə GƏRAY
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR