Onlayn ictimai-siyasi qəzet
Xaricdən avtomobil almaq istəyən bir qrup şəxs aldadılıb. Uzun müddətdir həmin şəxslər nə avtomobillərinə sahib ola, nə də ödədikləri pulu geri ala bilirlər.
Musavat.com-un xəbərinə görə, eyni üsulla aldadılan 10 nəfər müraciətində qeyd edib ki, 2024-cü ilin iyul-avqust aylarında “Volt Line” MMC-yə müraciət edərək Çindən avtomobil gətirmək istəyiblər.
Zərərçəkmiş şəxslər Musavat.com-a müraciətlərində bildiriblər ki, bu məqsədlə MMC-nin təsisçilərindən olan Ceyhun Sadıqovla görüşüblər:
“Ceyhun Sadıqov özünü “Volt Line” MMC-nin təsisçisi və rəhbəri kimi təqdim edib. Lazımi sənədlər hazırlanandan sonra “Volt Line” MMC-nin təqdim etdiyi Çindəki bank hesabına ödənişlər etmişik. Əlavə olaraq avtomobilin daşınma xərcinə görə ofis daxilində Ceyhun Sadıqova da nağd şəkildə ödəniş olunub”.
Şikayətçilərin sözlərinə görə, verilən vədə əsasən, avtomobillər 2 ay ərzində onlara təhvil verilməli imiş. 8 aydan çox vaxt keçsə də, avtomobillər gətirilməyib.
Şikayətçilər qeyd ediblər ki, MMC-nin rəsmi direktoru Elxan Məhərrəmov olub. Onlar təsisçiyə və direktora müraciət etsələr də, müxtəlif bəhanələrlə onların pulu qaytarılmayıb.
“Sonradan məlum oldu ki, “Volt Line” MMC Çindəki daşınma şirkətinə vətəndaşlardan alınan daşınma haqlarını ödəməyiblər. Buna görə avtomobillər daşınma şirkətinə olan borca görə girov saxlanılıb”, - deyə şikayətçilər bildiriblər.
Onların sözlərinə görə, Ceyhun Sadıqov hazırda eyni sahədə fəaliyyətini davam etdirir və “Volt Line Park” MMC adlı yeni şirkət açıb.
Redaksiyamıza müraciət edən 10 nəfərin ümumilikdə avtomobil üçün ödədikləri məbləğ 200 min manatdan çoxdur. Daşınma xərcləri üçün isə MMC-yə ödənilən məbləğ 50 min manatdan artıqdır.
Ceyhun Sadıqov bu işdə direktor Elxan Məhərrəmovu təqsirli bilir. Zərərçəkənlər isə pulunu MMC-dən tələb edir. Zərərçəkən şəxslər bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Özünü təqsirli bilməyən Ceyhun Sadıqov da Elxan Məhərrəmovdan şikayətçi olub.
Redaksiyamıza müraciət edən şəxslərdən əlavə də zərərçəkmişlərin olduğu bildirilir.
İlkin Muradov
Musavat.com
15 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ