Onlayn ictimai-siyasi qəzet
"Çin xarici işlər nazirinin Münhen Təhlükəsizlik Konfransındakı çıxışı diqqətəlayiqdir".
Musavat.com xəbər verir ki, bunu politoloq Şahin Cəfərli deyib.
Onun sözlərinə görə, nazir Van İ ölkəsinin mövqeyini ümumiləşdirərkən bir sıra mühüm məqamları qeyd edib:
"Çin Avropaya rəqib kimi yox, tərəfdaş kimi baxır;
Müharibə Avropada gedir və Avropa İttifaqı Ukrayna sülh prosesində vacib rol oynamalıdır;
Ukrayna məsələsi 4 prinsip – hər iki ölkənin ərazi bütövlüyü və suverenliyi; BMT Nizamnaməsinin prinsip və qaydalarına əməl olunması; hər iki tərəfin maraqlarının nəzərə alınması; sülhə aparacaq bütün vasitələrdən istifadə - əsasında həll olunmalıdır.
Əlbəttə ki, Çinin mövqeyinə hazırda beynəlxalq münasibətlərə (o cümlədən beynəlxalq iqtisadi əlaqələrə) yeni oyun qaydaları gətirməyə çalışan Tramp reallığı nöqteyi-nəzərindən yanaşmaq lazımdır. Çin gözlənilən fırtınadan (ticarət savaşı) özünü qorumağa və ehtiyac halında qarşı tərəfə əks zərbə endirməyə hazırlaşır.
Pekində aydın dərk edirlər ki, Trampın ənənəvi ittifaqlara, çoxtərəfli tərəfdaşlıqlara soyuq baxması NATO-nun 5-ci maddəsinə bağlı qalacağına və bu çərçivədə Avropanı qoruyacağına olan şübhələr, Çinlə birlikdə Avropaya da rüsumlar vasitəsilə zərbə endirmək niyyəti, vitse-prezident Vens və müdafiə naziri Heqsetin avropalılara qarşı sərgilədikləri təkəbbür, dikbaşlıq, lovğalıq və Avropa radikal sağına ABŞ-dan verilən açıq dəstəyin Avropa müəssəs-nizamında yaratdığı ciddi narahatlıqlar Avropa İttifaqını istər-istəməz Çinlə yaxınlaşmağa, ən azı onu ABŞ-ın anti-Çin strategiyasına dəstək verməməyə sövq edir.
Belə bir anda Çinin vəzifəsi təbii ki, transatlantik ittifaqda əmələ gəlmiş bu çatı daha da dərinləşdirmək və iki tərəfi bir-birindən mümkün qədər ayırmağa çalışmaqdır. Qədim Çin müdrikliyi – "Savaş sənəti", "36 Stratagem" kimi traktatlarda ifadə olunan taktikalar bu cür durumlarda yol göstəricidir.
Gözlənilən qarşılıqlı rüsumlar nəticəsində ABŞ-la azalacağı ehtimal olunan ticarət həcmini tərəflər (Aİ və Çin) ötən il 786 milyard dollar təşkil etmiş ticarət dövriyyəsini daha da artıraraq qismən kompensasiya edə bilər. (Məsələn, Çin Almaniya avtomobil sənayesinin tənəzzülünə səbəb olan siyasətindən qismən geri addım atmaqla ona jest edə bilər və sair). Bu səbəbdən Çin Aİ-yə "rəqib yox, tərəfdaşıq" deyərək bərabər hərəkət etməyi təklif edir".
Politoloqa görə, Avropanın Ukrayna məsələsinin həlli prosesində yer almasının zəruriliyini vurğulaması da Çinin bu yanaşmasının tərkib hissəsidir:
"Bu, eyni zamanda Rusiyaya da bir mesajdır. Çünki Putin Ukrayna başda olmaqla, bütün aktual beynəlxalq mövzuları Trampla ikitərəfli müstəvidə müzakirə və mümkün olarsa, həll etmək niyyətindədir. Putinin Avropa ilə bərabər Çinin də olmadığı masa qurmaq istəməsi Pekində məqbul qarşılana bilməz. Eyni zamanda Çin Avropanın nəzərinə çatdırır ki, ABŞ-ın təhlükəsizlik çətirini itirəcəyiniz şəraitdə Rusiyanın aqressiv təsirini balanslaşdırmaqla sizi qoruyacaq gücə də sahibəm.
Tramp və komandasının BMT, beynəlxalq hüquq anlayışlarını ağızlarına almayıb meşə qanunlarına üstünlük verdikləri bir dövrdə Çinin antitez kimi ərazi bütövlüyü, suverenlik, BMT prinsiplərinin əhəmiyyətini vurğulaması da gözdən qaçmamalıdır. Çin hazırda xaos vəd edən ABŞ-dan fərqli olaraq daha məsuliyyətli qlobal güc olduğunu, qayda və prinsiplərə əsaslanan beynəlxalq sistemin qorunub salxlanılmasına tərəfdar çıxdığını Avropaya və dünyaya göstərməklə yaranmış fürsətdən öz nüfuzunu genişləndirmək istiqamətində yararlanmağa çalışır.
Yeni sərt reallıqlar Avropanı (Aİ + Britaniya) ekzistensial seçim qarşısında qoyur: ya strateji muxtariyyət və müstəqil güc mərkəzinə çevrilmək, o cümlədən "Qlobal Britaniya" konsepsiyası istiqamətində sözdən işə keçib real addımlar atmaq; ya da əriyib sıradan çıxmaq. Görünən odur ki, qoca qitə ingilislərlə bərabər hərəkət etməklə birinci yolu seçməyi düşünür. Aİ cari mərhələdə Ukrayna məsələsində mütləq şəkildə söz sahibi olmaq istəyir. Müharibədən sonrakı mərhələdə isə Aİ Ukraynanı mümkün olan ən qısa müddətdə öz içinə alaraq, onun hərbi gücünü də inteqrasiya etməklə öz hərbi komponentini gücləndirməyə çalışacaq.
Yeri gəlmişkən, bu vəzifəyə nail olmaq üçün Aİ-nin Türkiyəyə də ehtiyacı yaranacaq. Aİ-Türkiyə strateji tərəfdaşlığının hər sahədə dərinləşməsi hər iki tərəfin marağına uyğun perspektiv kimi görünür".
Musavat.com
20 Fevral 2025
19 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ