İnsanlara hürriyət, millətlərə istiqlal!

İran İsrailin nüvə sirlərini ələ keçirdi – Tehrandan sarsıdıcı iddia


İranın kəşfiyyat orqanları İsrailin nüvə proqramına dair minlərlə məxfi sənəd və strateji məlumat əldə edib.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı İranın dövlətə bağlı ISNA və Tasnim agentlikləri, həmçinin “Hizbullah”a yaxın olan Livan mətbuatı al-Mayadeen yayıb.

Bildirilib ki, İran tərəfi “sionist rejimə” aid mühüm nüvə planları və obyektləri ilə bağlı çoxsaylı sənədləri ələ keçirib.

İddialara görə, bu məlumatlar İsrail vətəndaşları – 24 yaşlı Roy Mizraxi və Almog Atias tərəfindən toplanaraq İrana ötürülüb. Hər iki şəxs may ayında İsrail polisi tərəfindən casusluq şübhəsi ilə saxlanılıb. Tasnimin yazdığına görə, sənədlərin həcmi və onların təhlükəsiz şəkildə ötürülməsi səbəbindən İran indiyədək bu barədə susmağa üstünlük verib.

Qeyd edək ki, İsrail tərəfi bu iddialara rəsmi reaksiya verməyib. The Times of Israel isə yazır ki, son illərdə İranın kəşfiyyat xidmətləri sadə israilliləri casus kimi cəlb etmək səylərini artırıb. Təkcə ötən ilin dekabrında İrana işləməkdə ittiham olunan 30-a yaxın israilli saxlanılıb.

İddialar bölgədə gərginliyi daha da artıracaq yeni casusluq qalmaqalının başlandığını göstərir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR