Onlayn ictimai-siyasi qəzet
"Pekin qlobal ticarətdə anti-Amerikan bloku formalaşdırmağa çalışır".
Bu sözləri Musavat.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
Politoloq qeyd edib ki, ABŞ prezidenti Donald Tramp onlarla ölkəyə qarşı tarif siyasətini sərtləşdirərkən Çin lideri Si Cinpin fərqli strategiya seçib:
"Çin ABŞ-ın tarifləri artırmasına adekvat cavab verərək geri addım atmayıb. Bundan başqa, Pekin ABŞ-ın yüksək tariflərindən narazı qalan dövlətləri də öz tərəfinə çəkməyə çalışır. Si Cinpinin Vyetnam, Malayziya və Kambocaya başlayan üç günlük səfəri bununla əlaqəlidir. Si Cinpin bu ölkələri ABŞ-la ticarət müharibəsində yanında görmək istəyir. Ancaq buna nail olmaq çətindir. Doğrudur, Donald Tramp Vyetnam məhsullarına tarifləri 46 faiz, Malayziya məhsullarına 24 faiz, Kamboca məhsullarına isə 49 faiz qaldırıb. Buna baxmayaraq, bu 3 ölkə birmənalı Çinin yanında yer almaq istəmir.
Si Cinpin Vyetnamda 40-a yaxın saziş imzalayacaq. Bu, iki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin müxtəlif sahələrini əhatə edəcək. Ancaq Vyetnam ABŞ bazarından da çox asılıdır. Misal üçün, Vyetnam ilin 3 ayı ərzində Çindən 30 milyard dollar civarında məhsul alıbsa, eyni müddət ərzində ABŞ-a 32 milyard dollara yaxın məhsul ixrac edib.
Vaşinqton Vyetnam hökumətindən tələb edib ki, Çin məhsullarının öz ölkəsindən idxal-ixrac əməliyyatlarına imkan verməsin. Vyetnam hökuməti bu tələbə ciddi yanaşaraq idxal-ixrac əməliyyatlarına nəzarəti artırıb. Malayziya da həm Çin, həm də ABŞ bazarından asılıdır.
Malayziya 2024-cü ildə Çinə 41 milyard dollar, ABŞ-a isə 44 milyard dollar məhsul ixrac edib. Malayziya Vyetnam kimi Ağ Evin yeni tarif siyasətindən narazı qalsa da, Çinlə ABŞ arasında balans siyasətinə üstünlük verəcək.
Kamboca Çinin yaxın tərəfdaşı və əsas kreditoru olsa da, bu ölkə də ticarət müharibəsində birmənalı Çinin yanında yer almaq istəməyəcək. Kambocanın ixracatının 25 faizi ABŞ-a istiqamətlənib.
Beləliklə, Vyetnam, Malayziya və Kamboca liderləri Si Cinpini yüksək səviyyədə qəbul edib, Pekinlə müxtəlif sazişlər imzalasalar da, ABŞ-la qarşıdurmaya getməyəcəklər".
Xalidə Gəray
Musavat.com
16 Aprel 2025
15 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ