Onlayn ictimai-siyasi qəzet
Ərzaq ehtiyatı hər bir dövlət üçün strateji əhəmiyyət kəsb edir. Əhalisi 1 milyarddan çox olan Çin və Hindistan kimi dövlətlər üçün ərzaq təhlükəsizliyinin əhəmiyyəti daha böyükdür. Bu ölkələr kənd təssərrüfatının inkişafına diqqət yetirmək və bu sahəyə müxtəlif subsidiyalar ayırmaq məcburiyyətindədirlər.
Bu ölkələrdən Çin xüsusilə ehtiyaclarını ödəməklə yanaşı, lazım olandan daha çox resurslar toplamağa çalışır.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun Musavat.com-a dediyinə görə, Çin iqtisadi çətinliklərə baxmayaraq, ərzaq, metal və enerji ehtiyatlarının yığımında yüksək nəticələr əldə edib:
“Çinin əsas resurslarının idxalı keçən il 16 faiz artımla rekord vurub. ABŞ Kənd Təsərrüfatı Departamenti Çinin bu il buğda, qarğıdalı və soya ehtiyatlarının əhəmiyyətli dərəcədə artacağını proqnozlaşdırır. Vaşinqton bu vəziyyətdən narahatdır.
ABŞ Kənd Təsərrüfatı Departamentinin proqnozuna görə, bu mövsümün sonuna qədər Çinin buğda və qarğıdalı ehtiyatları dünya üzrə ümumi ehtiyatların müvafiq olaraq 51 faizini və 67 faizini təşkil edəcək ki, bu da 2018-ci ildən 5-10 faiz bəndi artım deməkdir. Soya ehtiyatları həmçinin 2018-ci ildən bu yana iki dəfə artıb və bu mövsümün sonuna kimi 42 milyon tona çatacağı gözlənilir. Bundan əlavə, Çinin xam neft ehtiyatları 2020-ci ildən bəri 1,7 milyard bareldən 2 milyard barelə yüksəlib. Çinin yeraltı qaz saxlama anbarları 2010-cu ildən 2020-ci ilə qədər altı dəfə artaraq 15 milyard kubmetrə çatıb. Çin sahilləri boyunca onlarla mayeləşdirilmiş təbii qaz çəni klasterini əlavə etdikdə, ümumi qaz depolama imkanlarının 2030-cu ilə qədər 85 milyard kubmetrə çatacağı proqnozlaşdırılır.
“The British Economist” dərgisində yayımlanan məqalədə Çində qiymət artımına baxmayaraq, ərzaq, metal və enerji ehtiyatlarının sürətli yığımının qlobal miqyasda problemlər yaradacağı bildirilib. Bir qrup qərbli ekspert Çində kütləvi məhsulların yığılmasını iqtisadi cəhətdən əsassız adlandırsalar da, bunun siyasi mülahizələrlə əlaqəli ola biləcəyi qənaətindədirlər.
Çinlə ABŞ və Avropa arasında münasibətlərdə gərglinlik davam edir. Çin belə vəziyyətdə hasil edilən və yavaş-yavaş tükənən təbii qaz, neft və kömür ehtiyatlarını artırmağa qərar verib. Çünki Çinin bu resurslara çıxış imkanı məhdudlaşarsa, iqtisadiyyatı böhrana sürüklənə bilər.
Beynəlxalq birlik Çinin ehtiyat toplama davranışının nəticələrinin qeyri-müəyyənliyinə diqqət çəkir. Pekin kütləvi əmtəə yığımını artırmaqla Çinin strateji təhlükəsizliyini təminat altına almağa çalışır. Pekin ətrafda baş verənləri hesablamaqla məşğuldur. Rusiya-Ukrayna müharibəsi, beynəlxalq birliyin Şimali Koreya ilə gərginliyi, Tayvan problemi, Cənubi Çin dənizində gərginlik – bütün bu amillər Çinin enerji və ərzaq təhlükəsizliyini ön planda tutmağa sövq edib. Qərb ekspertləri bunu Çin lideri Si Cinpinin daha çox müdafiə tədbirləri kimi qiymətləndirirlər”.
Musavat.com
23 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ