Onlayn ictimai-siyasi qəzet
“Vurdun qırxı, getdi qorxu”
(Azərbaycan ata sözü)
Əgər bu saat sorğu keçirsələr, dünyanın ən cəsarətli adamlarının şəxsiyyətini sual etsələr, çəkinmədən Nəcməddin Sadıkovun və Fikrət Mirzəyevin adını çəkərdim. Onlardan birincisi Müdafiə Nazirliyinin keçmiş baş qərargah rəisi, ikincisi də elə həmin nazirlikdə mənzil istismar idarəsinin rəisidir. Nəcməddin müəllim general, Fikrət müəllim isə polkovnik rütbələrini daşıyır. Bunları millət qəhrəmanlarını yaxşı tanısın deyə detallı yazıram.
Demək, hazırda MN büdcəsindən 143 milyon manatı basıb yemək üzrə məhkəmə gedir, içəri basılanlardan biri də məhz Fikrət müəllimdir. Fikrət müəllim hansı fikirlə pulları yeyib? Onun istintaqa ifadəsi belədir: pulların 3 faizini mən yeyirdim, 15 faizi də Nəcməddin müəllimə çatırdı. Sitatın sonu. Yazımız isə davam edir. Bizimlə qalın.
İndi dərhal keçirəm birinci cümləmdəki iddiaya. Nə üçün mən Nəcməddin və Fikrət müəllimləri (insafən dəstənin başqa bir-iki üzvü də var, cəsarətin yiyəsi iki nəfər deyil, lakin başçılar vacibdir) qorxusuzluq simvolu sayıram? Bəlkə Nəcməddin müəllim Dubaydakı o yelkənə bənzər hotelin başından paraşütsüz hoppanıbdır? Yoxsa Fikrət müəllim savannaya safariyə gedib, başını aslanın ağzına soxub şəkil çəkdirmiş, tik-tokda yaymışdır? Ya Binəqədi icra hakimiyyətində qəbula yazılmağı bacarmışlar? Deputat seçkisində iştirak ediblər? Yasamalda qızla gəziblər? İsmayıllıya şortikdə gediblər? Yox. Onların cəsurluğu daha misilsizdir: Azərbaycan Ordusundan pul çırpışdırmışlar!
Təsəvvür eləyin, bu dəqiqə bütün dünya Azərbaycan silahlı qüvvələrinin antiterror əməliyyatından danışır. 35 illik problemi 45 günə həll edən bir ordu var. Dünya silahlı qüvvələrinin reytinqində ən yaxşı yerləri tutmaqdadır. Bu ordunun gücünü hamı etiraf edir, dostlar qürurlanır, düşmənlər adı gələndə əsir. Nəcmədddin müəllim və taktik qrupu isə bu ordunun 143 milyon manatını yağlı kökə, rahat-hulqum, nə bilim, canım sənə desin, quymaq kimi həzmi-rabedən keçirmiş, şellənərək gəzmişdir. Düzdür, bəzilərini tutublar, ancaq bu, onların hərəkətinin effektini azaltmır.
Uşaq vaxtı bir sovet filmi yadıma gəlir, adı yanılmıramsa “Qorxu həbləri” idi. Filmdəki alim insandan qorxu hissini götürən dərman kəşf eləməliydi. Çox dəqiq süjetini-filanı xatırlamıram, bircə möhtəşəm aktyor Georgi Jjenovun da filmdə çəkildiyi yadıma gəlir. İndi Bakı Hərbi Məhkəməsində aparılan cinayət araşdırması bizə həmin qorxu əleyhinə dərmanın kəşf edildiyini dəqiqliklə söyləməyə imkan verir. Nəcməddin müəllim ola bilsin Sovet İttifaqı dağılan ərəfədə xaosdan yararlanmış, həmin qorxu dərmanının bəzi qutularını ələ keçirmişdir.
Prinsipcə, onun qorxusuzluğunu biz ötən zamanlarda da bəzən müşahidə etmişik, məsələn, 1993-cü ildə Kəlbəcər işğal edilən günlərə aid video var, orda Nəcməddin müəllim şəxsən avtomat götürüb bir neçə əsgəri dərə boyu qovalayır, düşmən üzərinə göndərirdi. Bənzər görüntülərə rus jurnalisti Nevzorovun Ağdərə istiqamətindəki döyüşlərə aid verilişində də təsadüf olunub. Mənim bir döyüşçü dostum isə Nəcməddin müəllimi hətta qumbaraatanla görüb.
Ancaq əlbəttə, yuxarıda sadaladıqlarımın heç birisi cəsarət əmsalı baxımından Azərbaycan Oordusundan 143 milyon əkişdirməyin tozuna da çatmır. Bu, dəftər-kitaba sığmayan qorxusuzluqdur. Hətta bəlkə dəlilik saymaq olar.
Fikrimcə, elə Fikrət müəllim və ətrafındakılar məhkəmədə bu arqumentdən möhkəm yapışaraq həbs cəzasından qurtular. Ağlı başında olan adam Azərbaycan Ordusundan, ilin-günün bu vaxtında nəsə oğurlamağa cürət edərdimi? Etməzdi. Yenə Səfər müəllimin vaxtı olsa bəlkə inanardıq. İndi zır dəlilikdir. Cahil cəsarəti ediblər - bu cür də yazmaq olar.
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ