İnsanlara hürriyət, millətlərə istiqlal!

Cənubi Qafqazda Ukrayna ssenarisi təkrarlanır: Bakı nə edəcək?

ABŞ Ermənistandakı səfirini dəyişir.

Bu barədə “Joxovurd” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, hazırkı səfir Linn Treysinin missiyası iki ay sonra başa çatacaq.

“Treysini ABŞ-ın Ukraynadakı səfirinin müavini işləmiş Alan Pursel əvəz edəcək”, - qəzet bildirib.

Qeyd edək ki, Ermənistandakı səfirlik ABŞ-ın dünyada ikinci ən böyük diplomatik korpusudur. İddialara görə, tərkibində kəşfiyyat qruplarının da fəaliyyət göstərdiyi diplomatik missiya 2018-ci ildə Paşinyanın “küçə inqilabı” ilə hakimiyyətə gəlişində ciddi rol oynayıb. Vaşinqtonun hədəfi Cənubi Qafqazda Rusiyanın əlindən əsas forpostunu almaqdır. Hakimiyyət dəyişikliyinə nail olsa da, indiyə qədər Rusiyanın Ermənistandakı təsirini böyük ölçüdə azalda bilməyib. Mümkündür ki, Ukraynada diplomatik fəaliyyət göstərən Alan Purselin İrəvana göndərilməsi Rusiya təsirinin azaldılması istiqamətində işin intensivləşdirilməsinə hesablanıb. Bu perspektivi gücləndirən iki məqam da var.

Birincisi, Ukraynadan sonra ABŞ-Rusiya toqquşmasının, həm də ABŞ-Çin mübarizəsinin əsas cəbhələrindən birinin Cənubi Qafqaz olacağı gözləniləndir: İrəvanda qərbyönümlü Paşinyan hakimiyyətdə olsa da bölgədə güc balansı hələ də dəyişməz qalır və Purselin əsas işi bu balansı Vaşinqtonun xeyrinə dəyişdirmək fəaliyyətini yerinə yetirmək olacaq.

İkincisi, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesində təşəbbüsü ələ almaq və bölgədəki güc balansını bunun üzərindən dizayn etmək ssenarisində də İrəvan təzyiqə açıq hədəf olaraq qalır, çünki Qərb və Rusiya masasında öz maraqlarına uyğun gündəliyi formalaşdıran Bakı üçün əsas məsələ kimin vasitəçiliyindən daha çox, nəticənin necə olacağıdır: hər iki cəbhə Ermənistan üzərindən proseslərə təsir etmək manevrləri edirlər; yeni amerikalı səfir bu istiqamətdə də fəallıq göstərə bilər.

Mümkün səfir dəyişikliyi, xüsusilə Kiyevdə işləyən Purselin gözlənilən təyinatı Ukrayna ssenarisinin Cənubi Qafqaza köçürüləcəyi ehtimalını daha da artırır. Rusiya xarici işlər naziri Sergey Lavrovun bu günlərdə ABŞ-ın Ermənistandakı bioloji laboratoriyalarını gündəmə gətirməsi də bu kontekstdə diqqət çəkir. İstisna deyil ki, yaxın dövrdə İrəvan küçələrində təkcə etiraz aksiyalarını yox, həm də qanlı toqquşmaları da görə bilərik.//Publika.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR