İnsanlara hürriyət, millətlərə istiqlal!

Cənubi Koreya və Yaponiya Azərbaycanı niyə görməzdən gəlir: Ermənistanın müdafiə nazirinin səfərlərinin PƏRDƏARXASI  

Sentyabrın 6-da Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Seula səfər edərək bir sıra görüşlər keçirib. Ondan iki gün sonra isə ölkənin müdafiə naziri Suren Papikyan Cənubi Koreyaya işgüzar səfərə gedib.

Rəsmi məlumata görə, Papikyan sentyabrın 10-da nazirlərin işçi naharında və müzakirələrdə iştirak edib. Masa arxasında Koreya Respublikasının müdafiə və xarici işlər nazirləri, Sinqapur və Finlandiyanın müdafiə nazirləri, eləcə də sahə üzrə ekspertlər əyləşiblər. Nahar zamanı ikitərəfli və çoxtərəfli əlaqələrin inkişafı, beynəlxalq və regional təhlükəsizliyə çağırışlarla bağlı məsələlər müzakirə olunub.

Lakin bu, Papikyanın Cənubi Koreyaya səfərində məqsədin rəsmi təqdim olunan hissəsidir.

Caliber.Az-a mötəbər mənbələrdən daxil olan məlumata görə, Seulda danışıqlar aparılıb, daha sonra Cənubi Koreya silahlarının Ermənistana tədarükü ilə bağlı razılıq əldə olunub. Xüsusilə, tankların alınması imkanları nəzərdən keçirilib. Söhbət K1 və K2 Qara Pantera tankından, digər silah növlərindən gedir. Qeyd edək ki, K2 "Qara Pantera" Cənubi Koreya ordusunun Müdafiə İnkişafı Agentliyi və "Hyundai Rotem" ("Hyundai Motors"un bölməsi) tərəfindən hazırlanmış əsas döyüş tankıdır.

Amma məsələ təkcə Cənubi Koreya ilə məhdudlaşmır. Ermənistanın silah almaq istədiyi ölkələr sırasına Yaponiya da əlavə oluna bilər. Silahların alınması ilə bağlı danışıqlar aparmaq niyyətində olan Ermənistan nümayəndə heyəti bu ölkəyə gedib.

İrəvanla Seul və potensial olaraq Tokio arasında Ermənistana silah tədarükü ilə bağlı danışıqlar ilk baxışda təəccüb yarada bilər. Axı Azərbaycanın hər iki ölkə ilə bir çox sahələrdə güclü ikitərəfli əlaqələri var. Hətta rəsmi Bakı yapon şirkətlərini Ermənistanın işğaldan azad edilmiş Qarabağ iqtisadi rayonunda yaradılan "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyalarının həyata keçirilməsində iştirak etməyə dəvət edib. Lakin Cənubi Koreya və Yaponiyanın beynəlxalq mövqeyini nəzərə alsaq, bu dövlətlərin ABŞ-dən tam asılı olduğunu unutmamalıyıq. Onlar təkcə Vaşinqtonun Asiya-Sakit okean regionundakı müttəfiqləri deyil, həm də ABŞ-nin satellitləridir. Üstəlik, hər iki ölkə müstəqil şəkildə geniş çeşiddə silah və texnika istehsal edə bilsələr də, onların hərbi-sənaye kompleksi ABŞ silahlarının bir hissəsi ilə sıx bağlıdır. Belə ki, Asiya silahları ABŞ lisenziyaları əsasında və ABŞ texnologiyasından istifadə etməklə istehsal olunur.

Ədalət Verdiyev: “Ermənistan məcburdur”

Məsələ ilə bağlı Musavat.com-a danışan hərbi ekspert Ədalət Verdiyev deyir ki, Ermənistanın cənubi Koreya və Yaponiya ilə hərbi texniki sahədə əməkdaşlıq etməsi hər iki ölkənin daxili işidir. Lakin bu proseslərə qarşı Azərbaycanın həmin ölkələrdəki səfirlikləri, diasporası öz etiraz səsini qaldırmalıdır.

“O ölkələrdəki nümayəndələrimiz işğalçı ölkənin törətdiyi soyqırım fəaliyyətlərini Cənubi Koreya və Yaponiya rəhbərliyinin diqqətinə bir daha çatdırmalıdır.  Silahlanmaya gəlincə isə Cənubi Koreyadan “K1” və “K2” tanklarının Ermənistana verilməsi yaxın illərdə başa çatacaq bir proses deyil. Bunun üçün Ermənistanda infrastruktur mövcud deyil və bu tankların servis məsələsi kifayət qədər çətin, qəliz məsələdir. Nəzərə alaq ki, Ermənistanda indiyə qədər Rusiyanın tankından başqa heç bir ölkənin tankı olmayıb.

Digər tərəfdən isə bu səfərlər daha çox Ermənistandakı daxili auditoriyanı sakitləşdirmək məqsədi daşıyır. Həmçinin Ermənistan hökuməti bu səfərlərlə Qərbdən, xüsusi ilə də ABŞ və Fransadan daha çox maliyyə vəsaiti əldə etməyə çalışır. Əlavə vəsaitlər cəlb  etmək üçün yeni danışıqların aparılması, müqavilələrin imzalanması kifayət qədər tutarlı amil kimi təqdim olunur. Ermənistan silah məsələsini illərlə müzakirə edir, müqavilələr bağlayır, səfərlər baş tutur.  Amma silahların verilməsi kifayət qədər zaman tələb edir.  Bəzi silahları 10 ildən tez almaq ümumiyyətlə, mümkün olmur. Xüsusi ilə də Ukrayna, Rusiya, İsrail “HƏMAS”, “Hizbullah” qarşıdurması fonunda silah bazarında kifayət qədər qıtlıq yaranıb”. 

Ekspert bildirir ki, Ermənistanın itirdiyi silahların yerini doldurmağa çalışması yeni eskalasiyadan xəbər verir:

“Yaponiya və Cənubi Koreya adətən fəaliyyətlərini ABŞ ilə sinxronlaşdıran ölkələrdir.  ABŞ-nin Ermənistana verdiyi dəstək təbii ki, Yaponiya və Cənubi Koreyanın bu istiqamətdə fəaliyyət göstərməsi üçün bir siqnal hesab olunur.  Ermənistanın silahlanması regionda yeni təhlükə və təhdidlər yaradır. Son həftələr ərzində atəşkəsin intensiv şəkildə pozulması, ABŞ- Ermənistan birgə təlimləri, Ermənistanın Azərbaycan sərhədləri boyunca Qərbi Zəngəzur istiqamətində yeni hərbi hissələr yaratması , onları hücum silahları ilə təmin etməsi onun yeni eskalasiyaya hazırlığından xəbər verir. Amma kimsə düşünməsin ki, Ermənistanın silahlanmasından çəkinirik. İstənilən ssenariyə hazırıq”.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR