İnsanlara hürriyət, millətlərə istiqlal!

Çeçenistanda DƏHŞƏT: Arvadını döyməyə məcbur etdilər, oğlunu cəbhəyə göndərdilər, özü isə...

Çeçenistanda sentyabrın 21-də Qroznıda keçirilən səfərbərliyə qarşı mitinqdə iştirak edən qadınlardan birinin əri Adəm Muradov ürək tutmasından vəfat edib.

Musavat.com xəbər verir ki, bununla bağlı “Memorial” İnsan Hüquqları mərkəzi daha dəhşətli faktlar üzə çıxarıb.

Məlum olub ki, A.Muradov hakimiyyət orqanları tərəfindən həyat yoldaşını döyməyə məcbur edilib, onların 18 yaşlı oğlu isə məcburi şəkildə Ukraynaya müharibəyə göndərilib.

“Memorial”ın verdiyi informasiyaya əsasən, sentyabrın 21-də polis qadın aksiya iştirakçılarını saxlayıb və Qroznı şəhər meriyasına aparıb. Daha sonra oraya onların kişi qohumları gətirilib. Burada kişilər polis tərəfindən etirazçıları döyməyə məcbur olublar. Əks təqdirdə hüquq-mühafizə orqanları bunu onlaırn gözləri qarşısında həyata keçirəcəkləri ilə hədələyiblər. Bu məlumatı çeçen müxalifət lideri İbrahim Yanqulbayev də təsdiqləyib.

"Kişilərin arvadlarını döyməyə məcbur edilməsi faktını bizə birbaşa zərərçəkmişlərin özləri deyib. Mitinqdən sonra 120-130 qadın qaçırılıb. Onların nə qədər qohumu qaçırılıb, dəqiq deyə bilmərik, amma az da deyil”, - deyə, Yanqulbayev “Nestka” nəşrinə bildirib.

Sentyabrın 25-də aksiyada saxlanılan şəxslərdən birinin 18 yaşlı oğlu Valid Muradov yaxınlarına zəng edərək Ukraynaya uçan təyyarədə olduğunu bildirib. İki gündən sonra Valid Muradov tezliklə “cəbhə xəttinə göndəriləcəyini” deyib. Ertəsi gün atası Adəm Muradov namaz qılan zamanı ürək tutmasından dünyasını dəyişib. Hüquq müdafiəçilərinin sözlərinə görə, Validin atasının dəfn mərasiminə gəlməsinə icazə verilib.

"Respublikadakı mənbələrimiz bildirir ki, hazırda Muradovlar ailəsi güc strukturlarının təzyiqi altındadır. Hakimiyyət orqanları ailədən onlara qarşı qanunsuz hərəkətlərə - Validin zorla Ukraynaya göndərilməsi və onun anasının döyülməsi barədə bütün məlumatları təkzib etməyi tələb edirlər. Çünki bu əhvalat çeçenlər arasında böyük rezonans doğurub”, – deyə “Memorial”ın xəbərində bildirilir.

Adəm Muradov 2020-ci ilin dekabrında sığınacaq üçün müraciət etdiyi Fransadan Rusiyaya deportasiya edilən Davud Muradovun əmisi olub. Davud Rusiyada işgəncələrə məruz qalıb və terror fəaliyyətində ittiham edilir. 2021-ci ilin 5 fevralın 5-də Davud Muradov naməlum səbəblərdən Qroznıdakı həbsxanada ölüb. Onun cəsədi dəfn olunmaq üçün qohumlarına verilməyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR