Onlayn ictimai-siyasi qəzet
Düz iki öl öncə, 2022-ci ilin 9 iyulunda “Dünyanın ən bahalı şəhəri – çaya görə Bakı” başlıqlı yazı yazıbmışam. Bu günlərdə söz vaxtına necə çəkdisə, həmin yazı qarşıma çıxdı.
Heç demə, həmin vaxt tanınmış həmkarlarımızdan biri çoxdan görüşmədiyi bir rəfiqi ilə Atatürk parkındakı çayçıda oturub söhbət edə-edə iki çaynik çay içib, bir ovuc da ofisiantın zorla sırıdığı ləbləbidən nuş ediblər. Söhbət tamama yetib, dostlar ayağa duranda Sənan adlı kassir onlardan 33 manat hesab alıb. 10 manat çay, 20 manat ləbləbi, 3 manat da xidmət-zəhmət-əziyyət haqqı.
O vaxt iki nəfərin çay ziyafətinin 33 manat tutması nəinki mənim, eləcə də sosial şəbəkə iştirakçılarının (jurnalist qəbzin fotosurətini paylaşmışdı) heyrətinə səbəb olmuşdu. Ona görə də mən yuxarıda sözügedən başlıqda yazı yazmışdım.
Bu günlərdə başqa bir tanınmış jurnalist başqa bir məkanda eyni səhvi buraxıb, bir simsarı ilə oturub söhbət edə-edə iki çaynik çay, iki “Sirab” içib (masada mürəbbə-filan da olub), ondan 86 manat pul alıblar.
İndi bu nə deməkdir? Hansı ölkədə bu qiymətə çay var? Adi çaydır, Burqund şərabı deyil, Meksika tekilası, şotland viskisi. yapon sakesi, Qazax tutovkası, qazax qımızı deyil, nədir axı bu? Bu, niyə bu qiymətə olmalıdır?
Deyəcəklər, hesabı mürəbbə şişirdib. Bir nəlbəki mürəbbə niyə 50 manata olmalıdır ki? Gilas mürəbbəsidirsə, ağ gilasın kilosu 3-4 manatdır, bir 3 kiloluq balon gilas mürəbbəsinin smeta dəyəri 7-8 manatdan artıq olmaz – 2 kq meyvə, bir qədər şəkər tozu və əlavə edilmiş su. Vəssalam. Amma belə anlaşılır ki. mürəbbənin bir nəlbəkisini müştəriyə 50 qat baha qiymətə sırıyırlar.
Belə kəmfürsət və tamahkarların üzündən insanlar çayxanalardan qaçaq düşüblər. Artıq çayxanada oturub çay içmək “lüks həyat tərzi” qrafasına girib. “Hardasan?” “Bulvarda dostlarla çay içirəm”. “Oooo, yaşayırsız dəə. Varlığa nə darlıq?” “Allah sənə də qismət eləsin”. “Eh, hardadır bizdə o bəxt”... Belə bir dialoq təsəvvür edin. Yaxud belə bir monoloq: “Bax, oğul, indi tələbəsən, şəhər yerinin xərci çoxdur, hər ay sənə lazımi qədər pul göndərəcəyik. Amma sən də gedib o varlı balalarına qoşulub çayçıda oturma. Orda adamları soyurlar”.
Bunlar reallığa əsaslanan söhbətdir. Durum belədir.
Oxumuş adamlar deyir ki, bu cür şişirdilmiş qiymətlərə antiinhisar xidməti baxmalıdır. (Həmin qurumun bir kilometrlik adı var – “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti”. Hələ bir az ixtisar ediblər, “istehlakçılarının hüquqlarının müdafisəi”, “dövlət satınalmaları” və s. söz birləşmələrini çıxarıblar). Qurumun əməkdaşları reyd keçirməlidirlər və istehlakçılara bu cür şişirdilmiş qiymət “oxuyan” iaşəçilərə deməlidirlər ki, siz bu qiyməti necə formalaşdırmısız, nəyə əsaslanmısınız.
Əlbəttə, onlar da söz altında qalmayacaqlar, deyəcəklər, kommunal xidmətlər bahadır, obyekti baha qiymətə icarəyə götürmüşük, işçilərə minimum əmək haqqının iki misli qədər maaş veririk və s. və i.a.
Beləcə, məlum olacaq ki, Bakının sırf çaya görə dünyanın ən bahalı şəhəri olması faktı əsaslıdır və belə də olmalıdır.
Bir şey də var ki, son iki ildə çayın qiymətinin artımı, daha dəqiqi, bu cür dəyişməsi reallıqdır. Yaxşı ki, o vaxtdan bəri qarpızın qiyməti dəyişməyib – 25 qəpiyə marketlərdə doludur. Özü də indinin qarpızları daha şirindir, pandemiya vaxtı bərbad idi, bəlkə də koronavirusa görə ağzımızın dadı dəyişmişdi.
Çayla müqayisədə ətin qiyməti şükürlüdür. Allah “Leş Tofiq”ə cansağlığı versin, türmədən çıxandan sonra ətin qiymətlərində sabitlik yaratdı. Bəlkə də o, artıq bu işlə məşğul deyil, amma ənənəsi, ardıcılları qalır. Onlar ət bazarında səmərəli fəaliyyət göstərir, bir növ istehlak bazarına nəzarət edirlər – qeyri-dövlət xidmətidir bu. Xalq üçün o qədər də fərqi yoxdur, “Leş Tofiq” olmasın, “At Balaxan” olsun, “Cəmdək Rafiq” olsun, əsas odur ki, xalq ət və ət məhsulları ilə fasiləsiz təmin edirlər. Kim istəyir, yeməsin, məcbur deyil. O qədər yeyən var ki.
Əslində istəməyən gedib çayxanada da oturmaya bilər. Məcbur deyil. Bu lüksdür, pullu adamlar üçündür. Kasıbın 5 ulduzlu oteldə, dənizə baxan lüks restoranda, bulvarda nə işi var ki, hələ bir qiymət söhbəti də eləsin.
Bəs bu işlərin axırı necə olacaq? İndiyəcək görmüşdük ki, çayxanalar və pivəxanalar proletariat üçündür. Bir halda ki, indi çay evləri və pablar sırf elita üçün işləyirlər, o boyda elitanı haradan tapacaqlar? Bu işin sonunda iflas var.
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ