Onlayn ictimai-siyasi qəzet
Daşkəsəndə 20 yaşlı oğlan 16 yaşına çatmayan qızı evlənmək məqsədi ilə qaçırıb. Qız könüllü qaçdığı üçün oğlan barəsində həbs qərarı seçilməyib. Oğlan deyib ki, qızın 18 yaşı tamam olduqdan sonra rəsmi nikaha girəcəklər.
Musavat.com xəbər verir ki, Şəmistan (ad şərtidir) Gülçini (ad şərtidir) ilk baxışdan sevib.
Onların tanışlığının səbəbi, ilk görüşləri də maraqlı olub. Belə ki, Şəmistan at almaq üçün Gülçingilin kəndinə gedib. At axtaran zaman Gülçingilin də evinə gedib və at satıb-satmadıqlarını soruşub. “Yox” cavabını aldıqdan sonra Şəmistan kənddə at axtarmağa davam edib. Elə həmin gün Şəmistanla Gülçin yenidən rastlaşıblar. Bu dəfə bulaq başında...
Şəmistan bulağa su gətirməyə gedən Gülçini gördükdən sonra ona yaxınlaşaraq sevgi etirafını edib. “Səni görüb sevmişəm, səninlə evlənmək istəyirəm” - deyən Şəmistan Gülçinə qaçmağı təklif edib. Gülçin də elə oradaca təklifi qəbul edib və onlar birlikdə qaçıblar.
Şəmistan əvvəlcə Gülçini qardaşıgilin evinə aparıb. Onların ailə üzvləri danışaraq razılığa gəliblər. Bundan sonra Şəmistan Gülçini öz ata evinə gətirib. Orada ər-arvad kimi yaşamağa başlayıblar.
Gülçinin 16 yaşına çatmadan evləndirilməsi cinayətinin üstü ailə arasındakı münasibətlərin pozulmasından sonra açılıb.
Belə ki, ər-arvad münasibətləri bir neçə ay sonra pisləşən Şəmistanla Gülçin mübahisə ediblər. Sonuncu dəfə isə Şəmistan quzularının ölməsinə görə Gülçini günahlandırıb. Deyib ki, quzuya yaxşı baxmadığına görə onun ölümünə səbəb olub.
Gülçin bu məsələdən sonra bibisigilə qaçıb. Bundan xəbər tutan Gülçinin atası qızını incitdiklərinə görə polisə məlumat verib. İş araşdırılarkən Gülçinin 16 yaşına çatmadan qaçırılması məsələsinin üstü açılıb.
İstintaq zamanı Gülçin Şəmistandan şikayətçi olmayıb. Amma onu da deyib ki, qayınanası onların ailə məsələlərinə müdaxilə etdiyi üçün problemlər olurmuş.
Gülçin könüllü qaçdığını deyərək Şəmistandan şikayətçi olmadığını, 18 yaşı tamam olduqda isə rəsmi olaraq evlənəcəklərini bildirib.
Şəmistan da Gülçinə qarşı sevgisinin saf olduğunu, onu ilk görüşdən sevdiyini deyib. Bildirib ki, Gülçinlə barışıb və yenidən ər-arvad kimi yaşamağa davam etdiklərini deyib.
Məhkəmə Şəmistan barəsində 1 il cəza təyin edib. Onun cəzası şərti hesab edilib.
İ.Muradov
Musavat.com
19 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ