Onlayn ictimai-siyasi qəzet
“Regionumuzu kökündən dəyişəcək önəmli hadisələr baş verir. Azərbaycanın əldə etdiyi hərbi uğurların altına ABŞ kimi dünya nəhənginin paytaxtında imza atılacaq. Düşünürəm ki, bugün əldə olunan uğurları 1994-cü ildə imzalanan “Əsrin Müqaviləsi”nin regionumuzdakı təsirləri və nəticələri ilə müqayisə etmək olar. Sülhdən, əməkdaşlıqdan və regional sabitlikdən tərəf olanlar udanlar; revanşistlər, radikallar və imperyalist əməlləri olanlar isə uduzanlar olacaqdır”.
Musavat.com xəbər verir ki, bu fikirləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü Cavid Vəliyev bildirib. O, vurğulayıb ki
Azərbaycanın istər 2020-ci il İkinci Qarabağ Müharibəsində, istərsə də 2023-cü il anti-terror əməliyyatlarında əldə etdiyi uğurlarını qəbul etməyən və bu uğurları diplomatik müzakirələrdə əlindən almaq istəyən qüvvələr oldu:
“Ermənistan və müttəfiqlərinin gözləntilərinin əksinə, regionda və dünyada geosiyasi vəziyyət Ermənistanın yox, Azərbaycanın lehinə dəyişdi. Hətta Azərbaycan bunu özü və müttəfiqləri birlikdə dəyişdirdi. Azərbaycan və müttəfiqləri, Ermənistan və müttəfiqlərinə dünyanın birçox yerində davam edən geosiyasi güc mübarizəsində qalib gələrək geosiyasi reallığı lehinə qorumağı və hətta möhkəmləndirməyi bacardı.
2020-ci ildə əldə olunan Qarabağ Zəfəri, 2023-cü ildə anti-terror əməliyyatları və sonrasındakı bütün proseslər necə qardaş və müttəfiq ölkə Türkiyə Cümhuriyyəti ilə əlaqəli bir şəkildə davam etdirildisə, bugün baş verən proseslər də Türkiyə ilə aparılan məsləhətləşmələr ilə davam etdirilir. Bundan heç kimin şübhəsi olmasın. Bunun ən böyük sübutu isə iki ölkə lideri arasında səmimiyyət və etimatdır”.
C.Vəliyev diqqətə çatdırıb ki, son iki ayda ölkə başçıları arasında iki baş-başa görüş olub və bu məsələlər orada müzakirə olunub:
“Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqton səfərindən əvvəl Azərbaycan Respublikası Xarici İşlər naziri ilə Türkiyə Respublikası Xarici İşlər nazirləri arasında telefon danışığı da bu mövzuda oldu. Bugünkü əldə olunan razılaşma ilə Naxçıvana gediş-gəlişlər maneəsiz, Türkiyəyə isə daha qısa olacaqdır. Türkiyə Türk dünyasına daha rahat və qısa çıxış əldə edəcəkdir. Bakı-Tiflis-Ceyhan regiondakı geosiyasi vəziyyəti dəyişdiyi kimi bugünkü razılaşmalar da dəyişəcəkdir”.
Nigar HƏSƏNLİ
Musavat.com
09 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ