İnsanlara hürriyət, millətlərə istiqlal!

Budda heykəlini dağıdanların həmtayları – Erməni vandalizminin gerçək üzü

28 il erməni işğalında qalmış rayonlarımızın azad olunmasının 3-cü ildönümləridir. Noyabr ayının 8-nə qədər hər həftə birinin işğaldan azad olunması gününü qeyd edəcəyik. Daha sonra hərbi əməliyyat aparmadan, ermənilərin dinməz-söyləməz tərk etməyə məcbur olduqları Ağdam, Kəlbəcər və Laçının növbəsi gələcək.

Bu günlərdə Cəbrayıl rayonunun işğaldan azad olunduğu günlərin ildönümüdür.

3 il öncə düşmən tapdağından ilk azad olunan və ölkədə böyük ictimai coşquya səbəb olan Cəbrayıl rayonu haqqında ilk informasiya belə idi: “Bu gün Cəbrayıl şəhəri düşmən tapdağından azad edilmişdir”.

Amma şəhər nə gəzirdi? Azad edilən yer vaxtilə Cəbrayıl şəhərinin yerləşdiyi məkan idi - dərə, təpə, yamac, selov, vəssalam. Sonrakı günlərdə biz eyni mənzərəni Ağdam və Füzulidə, Zəngilan və Qubadlıda da gördük.

İşğaldan azad olunan yerlərdə nə şəhər vardı, nə də kənd-kəsək. Ermənilər yalnız bir-iki strateji nöqtədə öz hərbi qulluqçuları üçün kazarma kimi istifadə oluna biləcək tikililər, bir də onlara qulluq edən mülki personal üçün evlər saxlamışdılar. Qalan hər yer son əsrlərdə görünməmiş bir vandalizmin qurbanı olmuşdu. Sanki buralardan əliməşəlli bar-bar tayfaları ötüb keçmiş, hər şeyə od vurmuşdular.

Olduqca qəribədir, öz kilsələrinin böyrünə çovumuş mərmi dəyəndə dünya miqyasında vay-nöfsə qoparan ermənilər və onların xarici ölkələrdəki havadarları Yer üzündən yox edilmiş yaşayış məntəqələrinin, tarixi abidələrin, qədim memarlıq nümunələrinin barbarcasına dağıdıldığını əks etdirən video və fotoları görərkən utanıb-qızarmaq əvəzinə, hələ də ağızları köpüklənə-köpüklənə danışırlar.

mescid-tovle1.jpg (67 KB)

Cəbrayılda yer alan erməni vandalizminin “əsərləri” isə aşağıdakılardır: Dağtumas kəndinin yaxınlığında yerləşən “Divlər sarayı” mağarası, Qalacıq kəndindəki “Məscid təpəsi”, “Canqulu” və “Qumtəpə” kurqanları.

“Divlər sarayı” mağarasını saxlamaq olmazdımı? Axı bu, insan, müsəlman, azərbaycanlı əməyinin məhsulu deyil, sırf təbiətin min illərlə yonub-düzəltdiyi təbii məkandır. Belə edəndən sonra 2001-ci ildə Əfqanıstanın Bamyan bölgəsindəki 2 min 500 illik Budda heykəlini partladıb dağıdan “Taliban” terrorçuları ilə erməni vandalların arasında hansı fərq qalır?

54225106_2182508048499874_5886089427461079040_n.jpg (176 KB)

Vandalizm aktları bunlarla bitmir. Ermənilərin dağıtdığı tarixi-memarlıq abidələri arasında bunlar da var: Diridağdakı “Mazannənə”, “Mərmər nənə” məqbərələri, Doğtumas kəndindəki “Başıkəsik gümbəz”, Sirik kəndindəki “Qala”, Diridağdakı “Qız qalası”, Xudafərin körpüləri, Çələbilər kəndindəki məscid kompleksi, rayon mərkəzindəki “Sultan Məcid hamamı”, Şıxlar kəndindəki “Dairəvi türbə”, Xubyarlı kəndindəki “Dairəvi” 8 guşəli türbələr və məqbərələr, türk qəbiristanlığındakı türbə və məqbərələr...

İndi bunların heç biri yoxdur və bərpa etmək də mümkün deyil – necə ki, Budda heykəlinin bərpası mümkün olmur.

İşğal etdikləri hər yeri öz “dədə-babalarının əzəli torpağı” sayan və qondarma “respublika”larının xəritəsinə salan, bu “dövlət” süqut edəndən sonra da həmin işğal xəritəsini yaymaqda, xiffətə varmaqda davam edən ermənilər bu yerlərə sahib çıxmışdılarsa və bu rayonların əbədi olaraq onlarda qalacağını düşünürdülərsə, nədən “öz torpaqlarında” vandallıq edirdilər?

Bunun sadə səbəbi var: onlar bu mahaldakı azərbaycanlı, türk, müsəlman izlərini yox etməyə çalışırdılar. Sonra Ermənistanda yonub düzəltdikləri daşları, xaçkarları gətirib kurqanlarda basdıracaq, daha sonra arxeoloji qazıntılar aparıb onları “tapacaq”, kimyəvi məhlulların vasitəsilə onları “qədimləşdirəcək” və dünyaya elan edəcəkdilər ki, bu yerlər Tiqranın krallığı dönəmində “Böyük Ermənistan”ın ərazisi olub. Yəni bu, işğal deyil, “tarixi ədalət”in bərpasıdır.

Nə yazıq ki, dünyanın böyük dövlətləri, elmi, siyasi dairələri 100 ildir davam edən erməni vandalizminə və saxtakarlığına sona qədər dözümlü yanaşmaqda davam etdi və edir.

shusha_kilse_2101121_13.jpg (15 KB)

Bizim işğal olunmuş rayonlarımızda dağıdılan 65 məscidimizə görə bir bəyanat verən olmadı, amma ermənilərin Şuşadakı kilsəsinə mərmi dəyəndə 35 dövlət bənzər bəyanatlar verdi, “vandalizm”dən bəhs etdi.

Həmin kilsənin zədələnmiş hissəsi çox asanlıqla və sürətlə bərpa edildi, bu gün sağ-salamat şəkildə durur. Azərbaycan xalqına məxsus dini və tarixi-memarlıq abidələrinin isə 99 faizi bərpa ediləcək, ələ gələcək halda deyil.

Bu gerçəyi bilən ədalətli arbitrlər deməidir, kimdir vandal, kimdir vəhşi barbar tayfası?

Ancaq biz bunu qabırğası qalın, yeri gələndə özlərini kütbeyinliyə qoyan dairələrə başa sala bilmirik, dediklərini deyirlər. Əsl həqiqəti isə özümüz yaxşı bilirik.

Araz Altaylı, Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR