İnsanlara hürriyət, millətlərə istiqlal!

Büdcəyə dəyişikliklər ikinci oxunuşda təsdiqləndi

Maliyyə naziri Samir Şərifov deputatların fikir və təkliflərinin diqqətdən kənarda qalmayacağına söz verdi

İclasda hökumət üzvlərinin iştirakı ilə 2023-cü il dövlət büdcəsi haqqında qanuna dəyişiklik edilməsi barədə layihə ikinci oxunuşda müzakirəyə çıxarıldı. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili çıxışında bildirdi ki, cari ilin 4 ayının dövlət büdcəsinin daxilolma göstəricilərinin müsbət dinamikası, habelə 2023-cü il üzrə ötən il tərtib olunmuş sosial-iqtisadi inkişaf proqnozunun 2022-ci ilin faktiki icra göstəricilərinə nisbətdə artıma doğru yenilənməsi nəzərə alınaraq, Prezident İlham Əliyev büdcədə yaranmış əlavə gəlirlərin ilk növbədə “Böyük Qayıdış” proqramı üzrə layihələrin maliyyələşdirilməsinə, ölkəmizin müdafiə qabiliyyətinin daha da gücləndirilməsinə yönəldilməsi vəzifələri müəyyən edilib. Deputat bildirdi ki, 2023-cü ilin dövlət büdcəsinə dəyişikliklərin edilməsi haqqında layihə 2023-cü ildə əlavə xərclərin qarşılanması üçün maliyyə təminatının yaradılması, bu zaman cari və ortamüddətli makroiqtisadi və fiskal dayanıqlığa xələl gətirilməməsi, Dövlət Neft Fondunun aktivlərinin münbit qiymət konyukturası şəraitində artımının davam etdirilməsi hədəfləri gözlənilməklə tərtib olunub: “Təqdim edilmiş qanun layihəsində 2023-ci il dövlət büdcəsi gəlirlərinin 3 005.5 milyon manat artırılaraq 33 779.5 milyard manata, xərclərinin 3 215.5 milyon manat artırılaraq 36 568.8 milyon manata, kəsirin isə 210 milyon manat artırılaraq 2 789.3 milyard manata çatdırılması təklif olunur. 2023-cü il üzrə icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbətinin 25,4% olması proqnozlaşdırılıb. Artırılan gəlirlərin 52%-i qeyri-neft, 48%-i isə neft gəlirləri hesabına formalaşacaq. Dövlət Vergi Xidmətinin xətti ilə yığılan vergilərin 1.530 milyon manat, Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların isə 924.7 milyon manat artırılması təklif olunur. Eyni zamanda Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin 457.7 milyon manat artırılması nəzərdə tutulub. Təsdiq olunmuş dövlət büdcəsində mövcud olan xərclər arasında aparılması planlaşdırılan yerdəyişmələrin həcmi 1 122.9 milyon manat təşkil edəcək”.

Tahir Mirkişili ayrılan vəsaitin yönəldiləcəyi istiqamətlərdən bəhs edərkən bildirdi ki, dövlət büdcəsində artırılan və xərclər arasında yerdəyişmələrin hesabına yaranan ehtiyat vəsaitlərin aşağıdakı istiqamətlərə yönəldilməsi nəzərdə tutulur:

- İşğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçiriləcək tikinti, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi üçün tədbirlərin maliyyələşdirilməsi üçün 2 260 milyon manat;

- Müdafiə qabiliyyətinin və milli təhlükəsizliyin daha da artırılması sahəsində tədbirlərin maliyyələşdirilməsinə 1 105 mln manat.

T.Mirkişili qeyd etdi ki, qeyd olunan prioritet xərclərlə yanaşı, aşağıdakı digər istiqamətlər üzrə əlavə xərclərə vəsaitin yönəldilməsi də təklif olunur:

1) Ölkəmizin həmtəsisçisi olduğu beynəlxalq investisiya və inkişaf fondlarının nizamnamə kapitalında Azərbaycan tərəfinin payının maliyyələşdirilməsi və ölkəmizin yeni “Azərsky-2" peykinin orbitə çıxarılması ilə əlaqədar "Azərkosmos" Səhmdar Cəmiyyətinin nizamnamə kapitalının artırılması üçün cəm olaraq 297,5 milyon manat;

2) beynəlxalq münasibətlər və digər beynəlxalq fəaliyyətlə bağlı xərclər üçün əlavə 139 milyon 600 min manat, o cümlədən xarici ölkəyə maliyyə yardımı olaraq 100,0 milyon manat;

3) dəmir yolu sahəsində, ölkə ərazisində elektrik enerjisi təchizatı və digər infrastruktur layihələri üzrə yenidənqurma və əsaslı təmir xərcləri üçün 128,0 milyon manat;

4) sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə verilən kreditlərin dövlət zəmanəti ilə təmin edilməsi və kredit faizlərinin subsidiyalaşdırılması üçün 50,0 milyon manat;

5) bəzi büdcə təşkilatlarının maddi-texniki təminatının yaxşılaşdırılması (62,8 milyon manat) və digər zəruri tədbirlərin maliyyə təminatı (39,0 milyon manat) üçün cəm olaraq 102,0 milyon manat;

6) dövlət borcuna xidmətlə bağlı xərclər üçün 177 milyon 500 min manat;

7) dövlət büdcəsindən maliyyələşən bəzi təşkilatların əlavə büdcədənkənar gəlirləri hesabına xərclərinin artırılması üçün 79,0 milyon manat vəsait nəzərdə tutulub.

Komitə sədri qeyd etdi ki, yenidən baxılma ilə icmal büdcənin gəlirləri 42 milyard 949 milyon manat, xərcləri 41 milyard 214 milyon manat proqnozlaşdırılır. Bu, təsdiq olunmuş göstəriciyə nisbətən gəlirlər üzrə 9 milyard 923 milyon manat və ya 30,0 faiz, xərclər üzrə isə 3 milyard 244 milyon manat və ya 8,5 faiz çoxdur.

Komitə sədri Siyavuş Novruzov büdcə müzakirələrində iştirak edən  maliyyə naziri Samir Şərifova xitab etdi: “Hörmətli Samir müəllim, hamıya pul ayırırsınız, qazilərin də "bir abbası"sını verməyi sizdən xahiş edirəm!" S.Novruzov bundan sonra da Qarabağ qazilərinə ayrılan təqaüdlərlə bağlı məsələ qaldırdığını xatırladıb, onların keçmiş xidmətlərinin nəzərə alınmasını xahiş etdi. Bildirdi ki, qarşıdan 26 iyun Azərbaycan Ordusunun yaranma günü gəlir və bu ərəfədə qaziləri sevindirmək olar. “Harada görüşürəmsə, bu məsələni qaldırırlar, ona görə xahiş edirəm ki, qaziləri sevindirəsiniz!”

Siyavuş Novruzov ondan əvvəl çıxış edərək illərdir müzakirəsini gözləyən “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin, nəhayət, müzakirəyə çıxarılmasını təklif edən deputat həmkarı Rəşad Mahmudovun fikirlərinə reaksiya verdi. Bildirdi ki, süni mayalanma ilə dünyaya uşaq gətirmək olmaz. Allah qismət eləməyibsə, Allahın əleyhinə getmək olmaz: "Mən 5 il MM-də Dini komitənin sədri olduğum dövrdə bu qanunun qəbulunun əleyhinə olmuşam. İndi də bu məsələnin gündəmə gətirilməsini doğru saymıram. Rusiyada bir nəfər 40 uşaq dünyaya gətirir. Amma bizə yaraşmaz".

Deputat Etibar Əliyev dedi ki, İşsizlikdən Sığorta Fondunun büdcəsində dəyişikliklə bağlı qanun layihəsindəki məlumatlardan və Hesablama Palatasının təqdim etdiyi rəydən bəlli olur ki, İşsizlikdən Sığorta Fondunun 2023-cü il büdcəsinin gəlirlərində 5 milyon manatlıq bir artım nəzərdə tutulur ki, bu da fondun əvvəlki illərdə istifadə olunmamış vəsaiti hesabına baş tutacaq: “Ümumiyyətlə, İşsizlikdən Sığorta Fondunun əvvəlki illərdə istifadə olunmamış məbləği nə qədərdir? Niyə Milli Məclisə təqdim olunan sənədlərdə bu barədə məlumat yoxdur?” Deputat qeyd etdi ki, büdcə xərcərində baş verən dəyişikliklərdə diqqət çəkən bir məqam peşə hazırlığı və əlavə təhsilin təşkili üzrə ilkin proqnozda olan xərclərin 2 milyon manat, peşə yönümünə dair məsləhət xidmətlərinin göstərilməsinə yönəldilən vəsait 1 milyon manat azaldılır: “Amma sənəddə bunun səbəbləri ilə bağlı heç bir izahat yoxdur. Bu azaldılma Hesablama Palatasının yoxlamalarının nəticələri ilə bağlıdır, yoxsa başqa səbəbləri var? Bu barədə Milli Məclisə məlumatın verilməsi yaxşı olardı”.

Müzakirələrdən sonra çıxış edən maliyyə naziri Samir Şərifov bildirdi ki, deputatların səsləndirdiyi fikir və təkliflər diqqətdən kənarda qalmayacaq. Nazir dedi ki, qarşıdakı illərdə dövlət vəsaiti hesabına hər il Azərbaycanda 100-130 məktəbin tikintisi, əsaslı təmiri və yenidənqurulması arzuolunandır və bunun üçün müvafiq tədbirlər görüləcək: “Elm və Təhsil Nazirliyinin təqdim etdiyi məlumatlara əsasən, 2021-ci ildə nazirliyin tabeliyində olan 962 məktəbin əsaslı təmir və yenidənqurulmasına ehtiyac var. Ötən il dövlət büdcəsindən 195 milyon manat vəsait ayrılıb və 57 məktəb tikilib, əsaslı təmir olunub”. S.Şərifov bildirdi ki, son 5 ildə modul tipli məktəblər də nəzərə alınmaqla 415 məktəb tikilib, əsaslı təmir olunub: “Bu il əsaslı təmir və yenidən qurulmasına ehtiyac olan məktəblərin sayı 832-yə enib”.

Maliyyə naziri özəlləşdirmə ilə bağlı təkliflərə reaksiyasında qeyd etdi ki, olimpiya idman komplekslərinin və gənclər evlərinin özəlləşdiriməsinə özəl sektorun marağının olacağını real hesab etmir. Ancaq nazir həmin qurumların təyinatının dəyişdirilməməsi şərtilə özəlləşdirilməsinə aidiyyəti dövlət orqanlarının baxacağını istisna etmədi.

Daha sonra büdcə haqqında qanun layihəsi ikinci oxunuşda qəbul edildi.

İclasda “Hərbi vəzifə və hərbi xidmət haqqında” və “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” qanunlara dəyişikliklər komitə sədri Ziyafət Əsgərovun təqdimatından sonra III oxunuşda qəbul edildi. “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik layihəsində hərbi qeydiyyat anlayışının dəqiqləşdirilməsi, müvafiq icra hakimiyyəti orqanında müddətli həqiqi hərbi xidmətdən buraxılmış, həmçinin müvafiq icra hakimiyyəti orqanında həqiqi hərbi xidmətdən buraxılıb həmin orqanın ehtiyatına keçirilməmiş və ya hərbi qeydiyyatından çıxarılmış hərbi vəzifəlilərin hərbi qeydiyyat qaydasının təkmilləşdirilməsi nəzərdə tutulur.

Yekunda spiker S.Qafarova iyunun 14-də Milli Məclisin Heydər Əliyevlə bağlı xüsusi iclasının keçiriləcəyini elan etdi.

Elşad PAŞASOY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR