Onlayn ictimai-siyasi qəzet
Bizdə el adəti yaranmışdır, dövlət büdcəsinə ildə iki dəfə baxırıq. Hər yay deputatlar, nazirlər yığışır, neft-qaz qiymətlərini, onların ümumi pulumuza təsirini hesablayır. Sonra büdcə artırılır. Təzəlikcə yenə belə bir hadisə olmuşdur.
Yeni büdcəmizin köhnədən fərqi neçə milyard manatdır, bundan pensiyaçılara neçə qəpik, məmurlara nə uzunluqda yağ yaxmacı çatacaqdır – bu gün bunu müzakirə etmək istəmirəm. Ümumiyyətlə, yenə el adətlərimizə müraciət eləsək, başqasının pulunu saymaq günahdır. Haramdır. Kişilikdən deyil. Lap o başqası sənin cibinə girsin, yenə fərqi yoxdur. Pul əl çirkidir. İnsanı insan edən yaxşılıqdır. Kasıb mərd olar, süfrəsində həmişə qənd olar.
Nəsə, çox dərinə getmək istəmirəm, bir qədər də başqasının mövzusuna şərik olmaq kimi çıxır, bu kimi mövzular isə müqəddəs hacılarımızındır. İnşallah, hamısı ziyarətdən qayıtsın, yenə xalqımıza dəyərli məsləhətlərini verəcəklər.
Sözgəlişi, bugünlərdə Türkiyədən bir xəbər oxudum, növbəti dəfə “bir millət, iki dövlət” olduğumuzu anladım. Yazmışdılar ki, orda hansısa arkadaşımız 50-ci dəfə Həcc ziyarətinə yollanmışdır. Halal olsun. Bizdə hələlik şeyxin qudası 28 dəfə ilə ikinci yerdə gedir. Hansısa yoldaş da açıqlamışdı, deyir 15 dəfə getmişəm, əladır.
Əlbəttə, varlığa nə darlıq? Ziyarətə nə qədər çox getsən yaxşıdır. 28 dəfə dünya müsəlmanları ilə həmrəy olursan, onların problemləri müzakirə edilir, Afrikada ölən ac müsəlmanlara yardımlar edilir, Qəzza bölgəsi... Nəsə. Çox dərinə getməyək. Hərçənd, bu temada 90-cı illərdə bizdə maraqlı əhvalat olmuşdu. Şeyxin həcc kvotası var, Səudiyyə kralı ona hədiyyə edirdi, hər il təxminən 100-150 nəfəri pulsuz həccə göndərə bilirdi. Şeyx də bu kvotanı dost-tanışına verir, Allah yanında böyük hörmət qazanırdı. Bir gün deputatlardan birini də Milli Məclisdə görür, deyir gəl səni həccə göndərim. Deputat deyir istəmirəm. Şeyx təəccüblənir, səbəbini soruşur. Deputat deyir: “Bax, mən getdim ora, birdən Qurbanolduğum gözümə göründü, mənə deyər ki, adə, sən xalqın pulunu oğurlamamısan, yalan danışmırsan, quldurluğun yoxdur və sairə - bəs bura nə cür gəlmisən?”.
Mövzudan çox uzaqlaşdıq. Mövzu isə budur ki, hər il neftin qiymətini büdcədə nəzərə alan, dəyişiklik edən parlament yaxşı olar gilasın, gilənarın, alça və sairənin qiymətini də büdcədə nəzərə alsın. Zarafat eləmirəm.
Bax, elə bu cızmaqaranı yazdığım dəqiqələrdə qonşu gəldi, deyir istəyirik yığışaq, gilas alaq, siz də şərik olursunuzmu. Çötkəyə vurdum, dəftər-kitaba baxdım, dedim yox, biz bu il gilas yeməsək də olar. Çünki təzəcə gilənar üçün ipotekaya girmişəm. Göyçə alçası və ərik kreditlərimizin vaxtı da keçməkdədir. Şaftalıya pul verməkdənsə maşın almağı fikirləşirik. Hələ, Allaha şükür, arada bir-iki gün Günəş çıxdı, pomidor-xiyarın qiyməti azca düşdü, yoxsa martda pomidor almaq üçün evi lombarda qoymuşduq.
Çətinliklər çoxdur, lakin biz gələcəyə ümidlə baxırıq. Yeməkdən ümid yaxşıdır. Müqəddəs hədisdə də bu haqda yazılıbdır: “Dünya malına göz dikmək ən pis haldır”. Almaniya dağılır.
Bu temada bir pritça da var, yazını onunla bitirək: “Adam ölür, o dünyaya düşür. Cəhənnəmə gəlir, görür burda ucsuz-bucaqsız süfrə açılıb, üstü hər cür naz-nemətlə doludur, ancaq heç kim yeyə bilmir, çünki qolları qatlanmır – yeməyi ağızlarına apara bilmirlər. Cənnəti göstərirlər, görür burda da eyni masadan var, lakin adamların qolu yenə qatlanmır. Soruşur ta bunun fərqi nədir? Mələk cavab verir ki, cənnətdə adamlar bir-birini yedizdirir. Fərq yalnız bundadır”.
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ