Onlayn ictimai-siyasi qəzet
Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri Rusiyanın Qərbdə dondurulmuş aktivlərindən əldə edilən gəlirlər hesabına Ukraynaya 1,4 milyard avro hərbi yardım ayırmaq qərarına gəliblər.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı Lüksemburqda Aİ ölkələrindən olan həmkarları ilə görüşdə iştirak edən Macarıstanın xarici işlər naziri Peter Siyarto açıqlayıb.
Nazir Brüsseli qırmızı xətləri keçməkdə ittiham edib:
"Avropa İttifaqında vətəndaşların iradəsinə məhəl qoymadan müharibə isteriyası davam edir. Orada da qırmızı xətlər keçilməyə başlanıb. Bu gün Avropa Sülh Fondundan ümumilikdə 1,4 milyard avronun Ukraynaya silah tədarükünü maliyyələşdirmək üçün Avropa İttifaqı tərəfindən istifadə ediləcəyi açıqlanıb”.
Siyartonun sözlərinə görə, bu qərar Avropa qaydalarına tamamilə məhəl qoymadan qəbul edilib, çünki Macarıstan 1,4 milyard avronun ayrılması ilə bağlı qərar qəbul etmə prosesindən kənarlaşdırılıb. Nazirin çıxışını Macarıstanın M1 telekanalı yayımlayıb.
Qeyd edək ki, Macarıstan Rusiya aktivlərinin Ukrayna üçün istifadəsinə qarşı çıxırdı. Buna görə də Avropa xarici işlər komissarı Josep Borrell bildirib ki, Budapeşt belə bir qərarın qəbulunda iştirak etməkdən imtina etdiyinə görə Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirin məhz hara yönəldiləcəyi və ondan necə istifadə olunacağı məsələsində də iştirak etməməlidir.
Musavat.com
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ