Onlayn ictimai-siyasi qəzet
Təcili və təxirəsalınmaz tibbi yardımın iş prosesi rəqəmsallaşdırılır.
Musavat.com xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov deyib.
O bildirib ki, nəzərdə tutulan fəaliyyət planına əsasən, hospitalizasiya prosesinin elektronlaşdırılması istiqamətləri üzrə genişmiqyaslı işlər həyata keçirilib:
"103 Çağrı Mərkəzinin fəaliyyətində innovativ həllərin tətbiqi, çağırış briqadaları üçün elektron sistemin qurulması və təcili yardımın çağırılması imkanlarının genişləndirilməsi ilə bağlı işlər görülüb, müvafiq yeniliklərin 2025-ci il ərzində tam tətbiq edilməsi planlaşdırılır. Eyni zamanda vərəm modulu, çarpayı modulu, təxliyə modulu kimi modullar hazırlanıb və 2025-ci ilin ilk aylarında tabeli tibb müəssisələrimizdə tətbiq olunacaq".
Vüqar Qurbanov əlavə edib ki, fizioterapiya, şəkərli diabet, epikriz və digər modullar, eləcə də tibb müəssisələrinin vebsaytlarının qurulması, qurumun vebsaytının təkmilləşdirilməsi, vətəndaş məmnuniyyətinin artırılması istiqamətində mobil tətbiqlərin qurulması kimi fəaliyyətlərin miqyası da genişləndirilib.
İcraçı direktorun sözlərinə görə, yeni hemodializ şöbələri yaradılır:
"2024-cü ildə Goranboy Rayon Mərkəzi Xəstəxanasında 10 cihazlıq Hemodializ şöbəsi istifadəyə verilib, şöbədə ayda orta hesabla təqribən 60-dan çox xəstəyə dializ xidməti göstərilir.
Gələn il isə Sumqayıt Tibb Mərkəzində 10 aparatlıq 2-ci hemodializ şöbəsi fəaliyyətə başlayacaq. Ümumiyyətlə, hazırda ölkədə işlək vəziyyətdə olan hemodializ aparatlarının sayı 723 ədəddir. Ölkə üzrə hemodializ şöbələrinin sayı isə 54-dür və 4 mindən artıq xəstəyə xidmət göstərilir".
Nigar HƏSƏNLİ,
Musavat.com
23 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ