Onlayn ictimai-siyasi qəzet
Suriyanın keçid hökuməti Rusiyadan ölkənin cənub əyalətlərində hərbi polis patrullarını bərpa etməyi xahiş edib. Bu barədə “Kommersant” nəşri Moskvada Suriya Xarici İşlər Nazirliyinin danışıqlarında iştirak edən mənbələrə istinadla yazıb.
Bildirilir ki, təşəbbüs 2024-cü ilin dekabrında Suriyanın cənub rayonlarının bir hissəsini “bufer zona” yaratmaq bəhanəsi ilə işğal etmiş İsraili cilovlamaq məqsədi daşıyır. Dəməşqin fikrincə, Rusiya Federasiyasının mövcudluğu İsrail əməliyyatlarının intensivliyini azaldacaq. Qeyd edilir ki, Suriya xarici işlər nazirinin səfərindən sonra artıq Rusiya patrullarının Əl-Qamışlı bölgəsinə, şimal-şərqə qayıtması qeydə alınıb.
“Rusiya İsrailin müdaxiləsinin qarşısını almağa və eyni zamanda Dəməşq və Təl-Əviv arasında dialoqu həll etməyə qadirdir”, - mənbə vurğulayıb.
Belədirmi? Rusiya KİV-in informasiyası həqiqətə nə dərəcədə yaxındır? Doğrudanmı, Suriya keçid hökuməti Moskvadan kömək istəyir? Moskva belə bir köməyi göstərərmi və nəyin qarşılığında?
Siyasi şərhçi Azər Hüseynov “Yeni Müsavat”a bildirdi ki, Suriyada baş verən hakimiyyət dəyişikliyi və bu prosesin regiona, xüsusilə də beynəlxalq güc mərkəzlərinə təsiri Yaxın Şərqin mürəkkəb geopolitik mənzərəsinin bir daha üzə çıxmasına səbəb oldu: “Hazırkı Suriya keçid hökumətinin ən ciddi problemi ölkənin bütün ərazisinə tam nəzarət etmək üçün kifayət qədər texniki, maddi və demoqrafik imkanlarının olmamasıdır. Bu durumun arxasında bir neçə əsas səbəb dayanır və bunları həm tarixi, həm də müasir kontekstdə nəzərdən keçirmək vacibdir.
Prosesləri onların tarixi, siyasi və geosiyasi arxa planları ilə nəzərdən keçirmədən doğru bir nəticəyə gəlmək mümkün deyildir. Bəllidir ki, Əsəd və müxalif qüvvələr arasında bir hərbi təmas xətti yaranmışdı. Bu təmas xəttinin bir hissəsində hazırda hakimiyyətdə olan Əhməd Şaraanın rəhbərlik etdiyi qüvvələr dayanmışdı. Regionda konyuktur dəyişdi və böyük qüvvələrin də marağında oldu ki, Suriyada Əsəd rejimi getsin. Əsəd rejimi müstəbid bir rejim idi, öz xalqı ilə heç bir əlaqəsi yox idi. Mövcudluğunun qorunması üçün bir sıra oyunçulara müraciət etmişdi. Bunlar Rusiya, İran, “Hizbullah” və digər güclər idi. Amma sonda o, ölkədən qaçdı və onun qaçması ilə yeni reallıqlar yarandı. Bu reallıqların başında o dayanırdı ki, İran və ona yaxın olan “Hizbullah” və digər şiə könüllü döyüşçülər Suriyanı tərk etdi. Daha sonra Rusiya, ABŞ, Türkiyə və digər qüvvələr əslində Suriyada yeni reallıqlar üzərindən münasibətləri davam etdirməyə qərar verdilər.
Buna görə də Suriyada hakimiyyət dəyişikliyi daxili siyasi proseslərin nəticəsindən daha çox, beynəlxalq konyukturanın kəskin dəyişməsi fonunda baş verdi. Bu dəyişiklik prosesinin sürəti və dərinliyi, yeni rəhbərliyin siyasi, hərbi və inzibati strukturlarının formalaşmasına kifayət qədər vaxt və imkan vermədi. Çünki yeni hakimiyyət sıfır büdcəsi olan, hərbi hava qüvvələri və hərbi dəniz qüvvələri elə ilk günlərdən İsrail tərəfindən məhv edilmiş, xalqı məzhəb və etnik qruplara bölünmüş olan bir ölkə miras aldı. Bura həm də onu əlavə etmək lazımdır ki, məmur və bürokratik aparat keçmişdən qalma idi. Yeni hakimiyyət təmsilçilərinin özləri belə bu qədər qısa müddətdə ölkənin tam nəzarətini ələ ala biləcəyini gözləmirdilər. Lakin bölgədəki gərginlik, xüsusilə Fələstin məsələsində İsrail-"Hizbullah" qarşıdurmasının şiddətlənməsi, ABŞ-nin İranı Yaxın Şərqdən sıxışdırmaq siyasəti və bu çərçivədə həyata keçirilən diplomatik və hərbi addımlar əvvəlki avtoritar rəhbərliyin getməsinə və yerinə yeni, lakin o qədər güclü olmayan siyasi komandanın gəlməsinə gətirib çıxardı. Bu komandadan çox ciddi yenliklər gözləmək də o qədər real deyildi. Çünki komandanın həm daxili resursu, həm də yan amillər buna imkan vermirdi. Yeni hakimiyyət hər nə qədər Türkiyə ilə yaxın olsa da, bu yaxınlığı çox da ifadə etməsi ərəb dövlətləri arasında müəyyən qısqanclıqla qarşılana bilərdi. Həm də ən azından zahiri ifadələri nəzərə alsaq, Türkiyə ilə çox intensiv yaxınlaşma İsrailin etirazlarına gətirib çıxarda bilərdi. Doğrudur, Türkiyə və İsrailin Suriyada açıq toqquşması ehtimalı, əlbəttə, azdır. Çünki Türkiyə də, İsrail də ABŞ-nin müttəfiqləridirlər. Lakin İsrail daha real və güclü imkanlara malikdir və bu ona imkan verə bilər ki, Türkiyənin Suriyada ABŞ-dən kənar qurmaq istədiyi hansı isə bir sistemi ortadan qaldırsın. Ona görə də Türkiyə ABŞ ilə razılaşdırılmış bir xəttə üstünlük verməkdədir".
Siyasi ekspertin sözlərinə görə, Suriyada yeni siyasi quruluşun ən böyük çətinliyi ölkənin müxtəlif bölgələrində hökmran olan müxtəlif hərbi-siyasi aktorların mövcudluğudur: “Suriya Demokratik Qüvvələri (SDQ) bu aktorlardan ən önəmlilərindəndir. Rəsmi açıqlamalara görə, SDQ mərkəzi hakimiyyətə inteqrasiya olunmağa hazırdır, lakin faktiki prosesin ləngliyi bu inteqrasiyanın çətinliklərlə üzləşdiyini göstərir. SDQ-nin nəzarətində olan ərazilərdə idarəetmə mexanizmlərinin mərkəzləşdirilməsi və hüquqi əsasların bərpası hələ tam baş tutmayıb. Bu isə Suriyanın siyasi vahidliyinin və suverenliyinin bərpasını çətinləşdirir. Nəzərə alsaq ki, bu qüvvələrin hərbi imkanları mərkəzi hakimiyyətdən daha çoxdur, mənzərəni daha aydın görə bilərik. Suriya mərkəzi hakimiyyəti döyüş təcrübəsi olan bu qüvvələrlə eyni zamanda bir neçə cəbhədə müharibə aparmaq imkanlarına malik deyil.
Bununla yanaşı, druz icması da daxili siyasi arenada önəmli aktordur. Tarixi baxımdan Suriyada özünəməxsus statusa malik olan druzlar, müəyyən bir hissəsi İsrail tərəfindən dəstəklənir və bu, onların statusunun həlli məsələsini mürəkkəbləşdirir. Onların bölgədəki fəaliyyətlərinin hələ də mərkəzi hakimiyyətə tam inteqrasiya olunmaması Suriyanın vahid idarəetmə sisteminin yaradılmasına mane olur. Druzlar İsrailin Suriyada ən mühüm təsir qüvvələrindən biridirlər. Onların liderlərinin müəyyən hissəsi İsrailə bir simpatiya duyur və yeni hakimiyyəti öz varlıqlarına təhdid kimi qəbul edir.
Bir daha bir qədər önə qayıdaraq deyim ki, Türkiyənin Suriyadakı mövqeyi də bu mürəkkəb geosiyasi oyun çərçivəsində əhəmiyyətlidir. Ankara Suriyada müəyyən hərbi mövcudluğa malik olsa da, İsraillə mövcud olan gərginlik səbəbindən Dəməşqlə strateji yaxınlaşmadan çəkinir. Onun siyasi rəhbərliyi bilir ki, Türkiyənin Suriyaya açıq və tammiqyaslı müdaxiləsi, İsrail tərəfindən sərt qarşılanacaq və bu da bölgədə əlavə gərginliklərə yol aça bilər. Eyni zamanda Türkiyədə bütün amillər birləşdirilsə, İsrail ilə açıq qarşıdurmaya gedə biləcək qədər güclü deyildir. Türkiyə hələ özünün hərbi sənayesini yeni qurur. Türkiyə həmçinin ABŞ və NATO ilə münasibətlərinin də zədələnməsini istəmir və bu səbəbdən Suriyadakı siyasətini ehtiyatla aparır.
İsrailin Suriyaya müdaxilələri isə hazırkı kontekstdə Dəməşqin ən böyük təhdididir. Hakimiyyət dəyişikliyindən dərhal sonra İsrail hava qüvvələrinin həyata keçirdiyi hava hücumları Suriyanın müdafiə sistemlərini ciddi şəkildə zədələdi. Bu, yeni hökumətin özünü müdafiə qabiliyyətini xeyli zəiflətdi və İsrailin regiondakı hərbi üstünlüyünü daha da artırdı.
Belə bir şəraitdə Dəməşqin Rusiyaya müraciət etməsi strateji hesab edilən, amma şəraitdən doğan məcburi addımdır. Bir çox ekspertlərin əksinə olaraq, mən hesab edirəm ki, Rusiya Suriyadan tamamilə çıxmaq fikrində deyil; sadəcə, hərbi balansda müəyyən dəyişikliklər olub. İranın təsiri zəiflədilsə də, Rusiya öz strateji mövqelərini - xüsusən Tartus dəniz bazası və Hmeymim hava bazası vasitəsilə - qoruyub saxlaya bilib. Bunu da, çox güman ki, ABŞ ilə razılıqdan sonra edib.
Əgər xəbərlər doğrudursa, yeni hökumətin Rusiyanı seçməsinin əsas səbəblərindən biri Moskva ilə Təl-Əviv arasında açıq hərbi qarşıdurmanın olmamasıdır. Rusiya və İsrail arasında müəyyən münasibətlər sistemi vardır ki, bu, Rusiyanın birbaşa İsraillə hərbi münaqişəyə girməsinin qarşısını alır. Dəməşq Rusiyanın nüvə gücünə malik olması və regionda hərbi mövcudluğunu davam etdirməsi hesabına İsrailin hücumlarının intensivliyini azalda biləcəyini düşünür. İsrail də Rusiya ilə qarşılaşmaq istəməz. Xüsusilə Tramp-Rusiya görüşündən sonra, düşünürəm ki, heç istəməz.
Rusiyanın da, əlbəttə ki, öz maraqları var. Moskva Suriyadakı hərbi və siyasi mövqeyini gücləndirməklə, Aralıq dənizinə çıxışını təmin edir, Qərb və ABŞ ilə olan rəqabətdə öz təsir dairəsini genişləndirir. Hər nə qədər bunun özü belə bəzi hallarda qarşılıqlı anlaşmalarla olsa da".
Müsahibimiz onu da bildirdi ki, Donald Trampın xarici siyasətində hərbi əməliyyatların məhdudlaşdırılması, diplomatik və iqtisadi vasitələrin önə çəkilməsi əsas yer tutur: “O, ABŞ xarici siyasətdə ”birbaşa müdaxilə əvəzinə təsir mexanizmləri" prinsipinə üstünlük verir. Bu yanaşma xüsusən Yaxın Şərq və postsovet məkanında hiss olunur. ABŞ müəyyən regionlarda, o cümlədən Yaxın Şərqdə, Əfqanıstanda bəzi hərbi mövcudluqları azaldıb, bazaların fəaliyyətini məhdudlaşdırıb və prioritetləri daxili iqtisadi islahatlara yönəldib. Nəticədə regionda qüvvə balansında müəyyən boşluqlar yaranıb. Bu boşluqlar isə həm geosiyasi, həm də hərbi baxımdan rəqib güclər üçün yeni fürsətlər yaradıb. Xüsusilə də Rusiya bu vəziyyətdən istifadə edərək həm hərbi mövcudluğunu gücləndirməyə, həm də diplomatik təsirini artırmağa çalışır. Moskva yaranan strateji imkanları Suriyada mövqelərini möhkəmləndirmək üçün dəyərləndirir.
“Kommersant”ın yaydığı məlumatın həqiqətə yaxın olması ehtimalının nə qədər olduğu bilinmir. Əgər belədirsə, yəqin yeni hakimiyyətin baxışında Suriya üçün bu addım həm daxili siyasi stabilliyin təmin olunması, həm də xarici təhdidlərin azaldılması baxımından strateji əhəmiyyət kəsb edir. Bu proses baş verərsə, bölgədə Rusiyanın mövqeyini gücləndirəcək və İsrail ilə regionda yeni bir güc balansının yaranmasına səbəb olacaq. Türkiyə və ABŞ kimi digər əsas aktorlar isə yeni vəziyyətə uyğun olaraq siyasətlərini tənzimləməyə çalışacaqdır.
Bu mənzərə Yaxın Şərqdə növbəti illərdə formalaşacaq siyasi nizamın əsas konturlarını müəyyən edəcək və regiondakı güc dinamikasını kökündən dəyişdirə bilər. Beləliklə, Suriya məsələsində Rusiyanın müdaxiləsi yalnız regional deyil, həm də qlobal siyasi səhnədə ciddi təsirlərə malik olacaq".
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
14 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ