Onlayn ictimai-siyasi qəzet
“Nikahdan əvvəl tibbi müayinə gələcək ailənin sağlamlığı üçün vacib addımdır”.
Musavat.com xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi İnstaqram hesabında canlı yayımda nazirliyin Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Talassemiya bölməsinin transfuziologiya şöbəsinin müdiri Tünzalə Əhmədova açıqlayıb.
Onun sözlərinə görə, bəzən insanlar zahirən özlərini sağlam hiss edirlər, lakin bəzi irsi xəstəliklərin daşıyıcıları olduqlarını bilmirlər:
“Məsələn, talassemiya kimi qan xəstəlikləri adətən gizli daşıyıcı formada olur və bu halda insanda heç bir şikayət görünməyə bilər. Amma hər iki tərəf eyni genin daşıyıcısı olduqda, onların övladlarında xəstəliyin ağır forması ilə doğulma ehtimalı yüksək olur. Qohum evliliklərində bu risk daha da artır, çünki eyni ailə genetik fonda oxşar mutasiyalara malik ola bilər. Nəticədə, nadir xəstəliklərin belə iki tərəfdə eyni anda daşıyıcı olma ehtimalı yüksəlir. Tibbi müayinə və genetik analizlər evlilikdən əvvəl bu riski müəyyən etməyə, lazım gələrsə, həkim məsləhəti ilə sağlam nəsil planlaşdırmağa imkan verir”.
T.Əhmədova qeyd edib ki, nikahdan əvvəl müayinə sadəcə formal prosedur deyil, həm valideynlərin, həm də gələcək övladların sağlamlığı üçün məsuliyyətli seçimdir:
“Bu müayinələr sayəsində erkən diaqnoz qoymaq və zəruri tədbirlər görmək mümkündür. Nəticədə, həm fərdi, həm də cəmiyyət sağlamlığı qorunur, gələcəkdə xəstəliklərin yayılmasının qarşısı alınır”.
14 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ