İnsanlara hürriyət, millətlərə istiqlal!

Talassemiyanın tam müalicəsi mümkündür - Həkimdən AÇIQLAMA

“Bəzi hallarda talassemiyanın tam müalicəsi mümkündür, lakin bu, xəstəliyin növündən və ağırlıq dərəcəsindən asılıdır”.

Musavat.com xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi İnstaqram hesabında canlı yayımda nazirliyin Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Talassemiya bölməsinin transfuziologiya şöbəsinin müdiri Tünzalə Əhmədova açıqlayıb.

Onun sözlərinə görə, hazırda yeganə tam sağaldıcı müalicə üsulu sümük iliyi və ya kök hüceyrə transplantasiyasıdır:

“Bu prosedur uyğun donor tapıldıqda və xəstənin ümumi sağlamlıq vəziyyəti imkan verdikdə həyata keçirilir. Lakin hər xəstə üçün bu üsul mümkün olmur. Transplantasiya zamanı xərçəng müalicəsində istifadə olunan xüsusi dərmanlar və şüa terapiyası ilə xəstənin xəstə sümük iliyi tamamilə məhv edilərək, sağlam donorun kök hüceyrələri yeridilir. Bu, xəstəliyi tamamilə aradan qaldırmaq potensialına malik olsa da, ciddi risklər və ağır yan təsirlər səbəbindən yalnız xüsusi hallarda tətbiq edilir”.

T.Əhmədova bildirib ki, əksər hallarda isə talassemiya xəstələrinin həyat keyfiyyətini yaxşılaşdırmaq və ağırlaşmaların qarşısını almaq üçün müntəzəm qan köçürmələri və dəmir yüklənməsinin qarşısını alan dərmanlarla (xelasiya müalicəsi) uzunmüddətli idarəetmə aparılır:

“Müntəzəm qan köçürmələri qan səviyyəsini normal saxlamaqla anemiyanın ağır fəsadlarını azaldır və xəstənin ümumi sağlamlığını qoruyur. Lakin qan köçürmələri dəmirin bədəndə yığılmasına səbəb olur. Bu da ürək, qaraciyər və digər orqanlarda ciddi problemlər yarada bilər. Buna görə xelasiya dərmanları ilə dəmir yüklənməsi nəzarət altına alınır. Qeyd edim ki, xelasiya müalicəsi — bədəndə artıq yığılmış dəmirin orqanlardan çıxarılması üçün tətbiq olunan xüsusi dərmanlarla aparılan terapiyadır”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR