İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bu, istənilən təxribata layiqincə cavab verə biləcəyimizin mesajıdır” - komitə sədrindən XƏBƏRDARLIQ


“Ermənistanın Laçın istiqamətində mövqelərimizi atəşə tutması iki dövlət arasında gözlənilən sülhə kölgə sala bilər. Bu təxribatın arxasında xarici qüvvələrin yaxud Ermənistanda mövcud iqtidara qarşı olan müxalif qüvvələrin,  başqa sözlə, keçmiş separatçıların olması istisna deyil”. 
 
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin sədri Arzu Nağıyev bunu Musavat.com-a açıqlamasında bildirib. Millət vəkili deyib ki, regionda geosiyasi maraqları olan qüvvələr Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olmasının əleyhinədir: “İkinci Qarabağ müharibəsi ilə Azərbaycanın regionda yaratdığı reallığı həzm edə bilməyən xarici qüvvələr hər cür vasitə ilə regionda münaqişə ocağını aktiv saxlamağa çalışırlar. Eyni zamanda çalışırlar ki, atəşkəsi pozduqdan sonra Azərbaycan cavab atəşi açsın və bunu da Avropanın vizual kəşfiyyatçıları pozuntu kimi hesabata salaraq öz sahiblərinə məruzə etsinlər. Münaqişənin həllində vasitəçi olmaq istəyənlərə gəldikdə isə  təəssüflər olsun ki, bu “vasitəçilik” təcrübəsi artıq bizə məlumdur. 30 ildən artıq müddətdə ATƏT-in Minsk Qrupu vasitəçilikdən daha çox süründürməçilik etdi. Bu baxımdan ATƏT-in Minsk Qrupunun yenidən dirçəlməsi sülh prosesinin gedişinə mənfi təsir göstərməkdən başqa bir işə yaramaz”.
 
A.Nağıyev hesab edir ki, bu birlik artıq öz fəaliyyətini dayandırmalıdır: “ATƏT-in Minsk Qrupu mövcud olduğu dövrdə iki dövlət arasında sülhə, barışığa, konfliktin həllinə xidmət edən heç bir addım atmayıb. Vasitəçiliyin əsas şərti qərəzsiz olmaqdır. Bu isə sözügedən təşkilatda yoxdur. Sərhəddəki vəziyyətin müdafiə strukturları tərəfindən müzakirəsinə gəldikdə isə Azərbaycan mövcud şərtlərdə regionda yeni geosiyasi konfiqurasiyanın formalaşmasında önəmli aktordur. Lakin bu gün sülh müqaviləsinin imzalanmaması regionda təhlükəsizliyə ən böyük maneə və təhdiddir. Ermənistanın ziddiyyətli mövqeyi, Paşinyanın Zəngəzur dəhlizi ilə bağlı son açıqlaması, Ermənistanda revanşist müxalif qüvvələrin aktivliyi, sərhəddə “müşahidəçi” kimi yerləşdirilən xarici kəşfiyyatçılar, o cümlədən Ermənistanın aldığı silahlar, qurduğu hərbi əməkdaşlıqlar və müdafiə xərclərini artırması bizə ayıq olmağa əsas verir”. 

Komitə sədri digər məsələyə də diqqət çəkdi: “Bildiyiniz kimi, yaxın günlərdə Müdafiə Nazirliyi ölkəmizin sərhəd bölgəsində həyata keçirilən təhlükəsizlik tədbirləri, əməliyyat şəraitinin təhlil edilməsi yönündə iclas keçirib. Bu, həm vəziyyəti nəzarətdə saxlamaq üçün önəmli addımdır. Bu, həm də istənilən təxribata layiqincə cavab verə biləcəyimizin mesajıdır. Azərbaycan regionun qlobal güc mərkəzinə çevrilmə yolunda irəliləyir və bu yolda müdafiə sistemi xüsusi əhəmiyyət kəsb edir. Nə qədər ki, sülh müqaviləsi imzalanmayacaq, Azərbaycan üçün təhlükəsizlik və müdafiə dövlətin əsas prioriteti olaraq qalacaq. Bu, bizim apardığımız müstəqil xarici və daxili siyasətin əsas prioritetiidir”.

E.Paşasoy,
Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Mart 2025

06 Mart 2025

BÜTÜN XƏBƏRLƏR