İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu gün Lavrov Tehrandan Bakıya enir - Avropaya gedə bilməyən nazir portfelində nə gətirir?

Rusiya xarici işlər naziri Sergey Lavrovun iyunun 23-24-də Azərbaycana işgüzar səfərinin gündəliyi açıqlanıb. “Yeni Müsavat” xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə Lavrovun Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla danışıqlarının planlaşdırıldığını bildirib. “Azərbaycan Prezidenti ilə görüş gözlənilir.

Səfər zamanı Rusiya və Azərbaycan prezidentlərinin Moskvada 22 fevral 2022-ci il tarixində imzaladıqları Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannaməyə uyğun olaraq ikitərəfli münasibətlərin gələcək inkişafının bütün kompleks məsələlərinə baxılacaq. Bundan əlavə, bir sıra aktual regional və beynəlxalq süjetlərin ətraflı müzakirəsi planlaşdırılır. Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli razılaşmalarının həyata keçirilməsinin gedişatına xüsusi diqqət ayrılacaq. Xatırladım ki, bu razılaşmalar Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına və Cənubi Qafqazın sabitlik və firavanlıq regionuna çevrilməsinə hesablanıb”, - XİN rəsmisi vurğulayıb.

Yeri gəlmişkən, Rusiya xarici işlər naziri əvvəlcə İrana işgüzar səfərə gedəcək. Zaxarovanın sözlərinə görə, Lavrovun Tehrana səfəri iyunun 22-23-də baş tutacaq. XİN başçısının Tehrana səfəri zamanı ikitərəfli münasibətlərin, İranın nüvə problemi ətrafındakı vəziyyətin, Suriya və Ukrayna problemlərinin müzakirəsinin planlaşdırıldığını söyləyib. “Rusiya tərəfi Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasında hamıdan çox maraqlıdır. Buna görə də imkan verə bilmərik ki, ayrı-ayrı kənar oyunçuların siyasiləşmiş addımları regionda sülh və sabitliyin bərpa edilməsinə yönəlmiş səyləri boşa çıxarsın”, - deyə Zaxarova vurğulayıb. Onun sözlərinə görə, Rusiya üç dövlət liderinin bəyanatında nəzərdə tutulmuş öhdəliklərin və vəzifələrin qeyd-şərtsiz yerinə yetirilməsi üçün əlindən gələni edəcək. Lavrov iyunun 23-24-də Bakıda işgüzar səfərdə olacaq. Lakin bu səfər Rusiya prezidenti Vladimir Putinin də imzası duran üçtərəfli sənədlərin Ermənistan tərəfindən açıq şəkildə “iqnor” edildiyi, sərhəddə silahlı təxribatların artdığı və Ukraynada davam edən böhran dövrünə təsir edir. Belə görünür ki, Rusiya öz satellitini götürdüyü öhdəliklərə əməl etməyə tələsdirmək istəmir. Niyə? Axı zaman uzandıqca, sülh müqaviləsi qəlizə düşdükcə həm Bakının səbri tükənir, həm də yeni müharibə riski artır ki, bu da Rusiyaya əslində Ukrayna müharibəsinə görə sərf etmir. Lavrova Bakıda yəqin ki, ən əvvəl bu yöndə suallar və iradlar ünvanlanacaq. Yəni artıq Ukrayna bəhanəsi keçərli deyil. Çünki Ukrayna konflikti illərlə uzana bilər. Azərbaycan isə sonsuzadək gözləyə bilməz. O cümlədən Laçın yoluna qarşılıq olaraq nəzərdə tutulan Zəngəzur dəhlizinin açılmasını Bakı illərlə gözləməyəcək. Bəs Rusiya Ermənistana bu yöndə təzyiqi artıracaqmı? Ümumiyyətlə, Lavrov Bakını qane edəcək hansı təkliflərlə gəlir?

Arzuxan Əlizadə: “Azərbaycan bu situasiyadan məharətlə istifadə etməlidir”

Arzuxan Əlizadə: “Lavrovun səfərində əsas müzakirə predmeti kommunikasiyalar və Zəngəzur olacaq”

AMİP sədri Arzuxan Əlizadə “Yeni Müsavat”a qeyd etdi ki, 10 noyabr bəyannaməsindən 20 ay keçib, amma bir sıra müddəalar yerinə yetirilməyib: “Misal üçün, 4-cü bənd icra olunmayıb, yəni erməni silahlılar bölgədən çıxmayıb, 6-cı bənd həyata keçməyib, kommunikasiyalar bərpa edilməyib. Sonra Moskva və Soçi görüşləri olub, həmin danışıqlarda əldə edilən razılaşmalar da reallaşmayıb. Hazırda demarkasiya və delimitasiya istiqamətində addımlar atılmır. Ondan fərqli olaraq, Brüssel formatında Sərhəd Komissiyası formalaşıb, görüşlər keçirilir. Amma Ermənistan son vaxtlar yenə ritorikanı dəyişib: ”status" mövzusunu, Minsk Qrupunu gündəmə gətirir, Lavrovun Fərruxla bağlı sərsəmləməsi isə bu fonda göstərir ki, Kreml mövqeyində səmimi deyil. Bəli, etiraf etmək lazımdır ki, Rusiya kommunikasiyaların açılmasında maraqlıdır, amma digər məsələlər həllini tapmır".

AMİP sədri hesab edir ki, Lavrov xüsusən Zəngəzur dəhlizinin açılması ilə bağlı Bakıya danışığa gəlir: “Çünki Rusiyaya sanksiyalar var və iqtisadiyyatı üçün alternativ marşrutlara ehtiyac yaranıb. Bu mənada Moskva nəqliyyat xətlərinin açılmasında maraqlı görünə bilər. Amma sülh müqaviləsi, sərhədlərin dəqiqləşməsi mövzusunda istəkli görünmür. Rusiya bölgədə gərginliyin davam etməsini istəyir və bununla hər iki dövləti təsirində saxlamağa çalışır. Ona görə Lavrovun səfərində əsas müzakirə predmeti kommunikasiyalar və Zəngəzur olacaq”.

Elxan Şahinoğlu: "Paşinyan ordu daxilindəki vəziyyətdən narahatdır"

Elxan Şahinoğlu: “Kreml İrəvanın əli ilə sülh quruculuğuna mane olmağa çalışır, onun səfəri məhz bu siyasətə xidmət edir”

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun bildirdiyinə görə, Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsinə görə Lavrovun ismi də sanksiya tətbiq olunanlar siyahısındadır: “Lavrov bu səbəbdən artıq Avropa ölkələrinə səfər edə bilmir, hətta onun təyyarəsi Rusiyaya dost ölkə hesab edilən Serbiya paytaxtı Belqrada enə bilmədi. Lavrov bu ay əvvəl Türkiyəyə səfər etdi, oradan İrəvana keçdi, indi növbə Bakınındır. Bununla Lavrov guya Ermənistanla Azərbaycan arasında balansı qoruduğuna işarə edir. Lavrov xarici işlər naziri olduğu müddətdə Bakıya dəfələrlə gəlib. Ancaq bu səfərlər faydalı olmayıb. Çünki Kreml əvvəlkitək Cənubi Qafqazı təsiri altına saxlamaq istəyir, bölgə ölkələri ilə bərabərhüquqlu əməkdaşlığı qəbul etmir. Kremlin məntiqinə görə, Cənubi Qafqaz ölkələri xarici və təhlükəsizlik siyasətlərində Rusiyanın maraqlarını nəzərə almalıdırlar”.

Politoloqun fikrincə, Rusiyanın Ukraynada apardığı işğalçı müharibə Kremlin hərbi və diplomatik resurslarını bu istiqamətdə xərcləməyə məcbur edir: “Buna baxmayaraq, Kreml görüntü yaratmaq istəyir ki, Moskva o biri istiqamətləri də unutmur - Cənubi Qafqaz, Mərkəzi Asiya və Suriya onun üçün vacibdir. Halbuki Rusiya bütün bu bölgələrdə qarşısında Türkiyə, Avropa İttifaqı və ABŞ-ı görür, hətta Çin belə Rusiya ilə tərəfdaş olmasına baxmayaraq, Rusiyadan yan keçən nəqliyyat dəhlizi ilə daha çox mal daşımağa başlayıb. Bu vəziyyət Kremli narahat etməyə bilməz. Lavrov Bakıda Ermənistanla sərhəd məsələsini, sülh sazişini və dəhlizin açılmasını müzakirə edəcək. Bu istiqamətlərdə il yarımdır heç bir irəliləyiş yoxdur. Təsadüfi deyil ki, Prezident İlham Əliyev IX Bakı Qlobal Forumunda çıxışı zamanı Ermənistanın baş nazirinin 2020-ci il 10 noyabr bəyanatına zidd olaraq dəhlizin açılmasını ləngitdiyini, yenidən ”Dağlıq Qarabağın statusu" mövzusundan daşıdığını bildirdi. Kreml öz vasitəçiliyi ilə qəbul edilən həmin bəyanatın yerinə yetirilməsini və İrəvanı doğru yola gətirmək üçün heç nə etmir. Lavrov İrəvanda olduğu zaman 2020-ci il 10 noyabr bəyanatındakı bəndlərin yerinə yetirilməsi vacibliyi barədə heç nə demədi. Lavrov Bakıda da ümumi sözlər deyib geri qayıdacaq. Bunun fonunda bölgədə Türkiyə, Avropa İttifaqı və ABŞ fəallaşır. Ankara, Brüssel və Vaşinqtondan Azərbaycana hər həftə rəsmilər və diplomatlar gəlir, əməkdaşlığın inkişafı yollarını müzakirə edirlər".

Analitik hesab edir ki, rəsmi Bakı Türkiyə ilə yanaşı, ABŞ və Avropa İttifaqı ilə əməkdaşlığın inkişafında maraqlıdır: “Bölgənin zəif halqası Ermənistandır. İlham Əliyevin sözlərinə görə, 10 noyabr bəyanatını yerinə yetirməyən İrəvan Gürcüstanın vasitəçiliyinə də neqativ yanaşır. Halbuki Cənubi Qafqazın 3 dövləti öz aralarında dialoqa və əməkdaşlığa başlasalar, Rusiyanın timsalında vasitəçiyə ehtiyac olmayacaq. Bu isə Kremlin maraqlarına cavab vermədiyinə görə İrəvanın əli ilə sülh quruculuğuna mane olmağa çalışır. Lavrovun səfəri məhz bu siyasətə xidmət edir”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR