İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu bəyanatlar Yaxın Şərqdə yeni qarşıdurmanın siyasi anonsudur

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi bu gün keçirdiyi mətbuat konfransında deyib ki, Avropa ilə danışıqlar üçün dəqiq tarix təyin olunmayıb.

Bu açıqlamadan 1 saat öncə isə ABŞ prezidenti Donald Tramp bildirib ki, o, nə İranla danışıqlar aparır, nə də heç bir güzəştə gedir. Tramp İranın nüvə proqramının tamamilə məhv edildiyini bir daha vurğulayıb.

Tramp administrasiyasının enerji istehsalına yönəlmiş mülki nüvə proqramı üçün İranın 30 milyard dollara qədər vəsait əldə etməsinə kömək etmək imkanını müzakirə etdiyi barədə mətbuatda yayılan xəbərləri təkzib edib.

BEQAİ.jpg (64 KB)

ABŞ prezidenti 4 gün əvvəl İranla danışıqların gələn həftə başlayacağını bildirib. ABŞ prezidentinin Yaxın Şərq məsələləri üzrə nümayəndəsi Stiv Uittaker də “İranla hərtərəfli sülh sazişi”nin əldə olunacağına ümid etdiyini bildirib və İranın buna hazır olduğunu hiss etdiyini deyib. İran ABŞ-la danışıqlarla bağlı heç bir qərarın verilmədiyini və bunun üçün heç bir tarix təyin edilmədiyini söyləməkdə davam edir.

İsmail Bəqayi bildirib ki, “İran və Avropa arasında təmaslar davam edir və dünən axşam Məsud Pezzekian fransalı həmkarı ilə danışıb, lakin Avropa ilə növbəti danışıqların vaxtı hələ dəqiq deyil”.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Almaniya və Fransanın İrana qarşı təcavüzlə bağlı mövqeyini “qəbuledilməz” adlandırıb. İsrail-İran müharibəsi zamanı Fransa İsrailin özünü müdafiə etmək hüququnu qanuni hesab edirdi.

Amma Almaniya kansleri Fridrix Mertsin İrana hava hücumlarına görə İsrailə təşəkkür etdiyi şərhləri beynəlxalq reaksiya ilə qarşılanıb. Merts demişdi ki, “Onlar (İsrail) bizim hamımız üçün çətin və çirkin hissəni etdilər”.

İsmayil Baqayi “Açıq bir təcavüzü dəstəkləmək Almaniyanı tarixi və əbədi rüsvayçılıqla tərk edəcək” deyə münasibət bildirib.

“Mən Almaniya kanslerinin Hitlerin irqçi hərəkətlərinə haqq qazandırmaq üçün istifadə edilən eyni dildən istifadə edəcəyini heç təsəvvür etməzdim”, - deyə Bəqayi vurğulayıb.

O əlavə edib ki, MAQATE-nin son hesabatı İsrail və ABŞ-ın İranın dinc nüvə obyektlərinə qarşı hərbi təcavüzü üçün bəhanə yaradan yersiz hesabatdır. Xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Məcid Təxt-Rəvançinin sözlərinə görə, İran ABŞ-la danışıqlara yalnız Vaşinqtonun danışıqlar zamanı İrana hücum edilməyəcəyinə zəmanət verəcəyi təqdirdə danışıqlar aparacaq.

Son günlər İran Xarici İşlər Nazirliyinin rəsmiləri ABŞ-la dialoqun bərpası üçün ölkənin mövqe və şərtlərini dəfələrlə təkrarlayıblar. İran deyir ki, sıfır faiz zənginləşdirməni qəbul etməyəcək, lakin uranın zənginləşdirilməsi səviyyəsi ilə bağlı danışıqlara hazırdır. Son günlər İranın Beynəlxalq Atom Enerjisi Agentliyi və onun baş direktoru Rafael Qrossi ilə əlaqələri narahatlıq doğuran məsələlər sırasındadır. Qrossinin MAQATE-nin Rəhbərlər Şurasına İrana qarşı qətnamənin çıxarılmasına səbəb olan son hesabatından sonra İsrail İrana hücum etdi. O vaxtdan bəri İran rəsmiləri onu ən sərt ifadələrlə tənqid edib, “Kayhan” qəzeti onu “Mossad casusu” adlandırıb və mühakimə olunaraq edam edilməsinə çağırıb. Kayhanın məqaləsi ciddi beynəlxalq etiraza səbəb oldu və o qədər ki, İranın BMT-dəki nümayəndəsi Əmir Səid İrəvani CBS telekanalına müsahibəsində bunu pisləməyə məcbur oldu. İran da Qrossinin ABŞ və İsrailin bombaladığı nüvə obyektlərinə baş çəkmək istəyinə qarşı çıxır və hətta onun xahişinin arxasında bəd niyyətin ola biləcəyini deyir.

Donald Tramp administrasiyası İranın nüvə proqramının “məhv edildiyini” və onilliklər geri çəkildiyini iddia etsə də, Qrossi hesab edir ki, sentrifuqalar kaskadını aylar ərzində bərpa etmək olar. İran Xarici İşlər Nazirliyinin rəsmiləri bombalanan nüvə obyektlərinə ciddi ziyan dəydiyini etiraf etməklə yanaşı, zərərin həcmini bilmədiklərini deyirlər. Donald Tramp bildirib ki, əgər kəşfiyyat İranın uranı narahatedici səviyyəyə qədər zənginləşdirə biləcəyini göstərərsə, o, İrana hücum etmək barədə “mütləq” yenidən nəzərdən keçirəcək. İran hökumət rəsmiləri deyirlər ki, hücum təhlükəsi diplomatiyaya gedən yolu bağlayır.

kamran2022.jpg (23 KB)

Siyasi şərhçi Kamran Məmmədli Musavat.com-a deyib ki, İran və ABŞ arasında münasibətlərdə son gərginliklər fonunda verilən açıqlamalar sadəcə diplomatik fikir ayrılığı yox, geosiyasi toqquşmanın astanasında olduğumuzu göstərir:

“Rəsmi Tehranın və Vaşinqtonun bir-birini təkzib edən, eyni zamanda bir-birini ittiham edən çıxışları göstərir ki, tərəflər nə sülhə, nə də müharibəyə tam hazırdır. Amma hər ikisi bunun üçün "psixoloji zəmin" formalaşdırır. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayinin “Avropa ilə danışıqlar üçün konkret tarix yoxdur” bəyanatı, elə həmin saatlarda ABŞ prezidenti Donald Trampın “İranla heç bir danışıqlar aparılmır və heç bir güzəşt olmayacaq” açıqlaması ilə ziddiyyət təşkil edir.

Tramp İranın nüvə proqramının guya “tam məhv edildiyini” bəyan etsə də, bu, ya həqiqətdən uzaq təbliğat ritorikasıdır, ya da yaxın zamanda yeni hücumların anonsudur”.

Siyasi şərhçi bildirib ki, Tramp bir neçə gün əvvəl İranla danışıqların başlanacağını demişdi. Bu gün isə həm o, həm də İran rəsmiləri tamamilə fərqli tonla danışırlar:

“Belə ziddiyyətli mövqelər diplomatik çevrələrdə ya koordinasiyasız siyasətin, ya da bilərəkdən çaşdırıcı geosiyasi gedişlərin əlaməti kimi şərh olunur:

“ABŞ-ın Yaxın Şərq üzrə nümayəndəsi Stiv Uitkoffun “sülh sazişi” ilə bağlı optimist açıqlaması isə yuxarıdan gələn sərt ritorika ilə ziddiyyət təşkil edir. Eyni zamanda Tehran da Vaşinqtonun danışıqlar üçün zəmanət vermədiyi müddətcə heç bir prosesə başlamayacağını açıq şəkildə bildirir.

İran Xarici İşlər Nazirliyinin və BMT-dəki nümayəndəsinin fikirləri belə deməyə əsas verir. Tehran yalnız təhlükəsizlik zəmanəti aldığı halda masa arxasına oturar. Bu da onu göstərir ki, danışıqlar deyil, yeni eskalasiya daha real ssenaridir.

İranın Avropa ilə münasibətlərində də vəziyyət eyni dərəcədə gərgindir. Almaniya kansleri Fridrix Mertsin İsrailin İrana zərbələrinə görə təşəkkür etməsi Tehranda sərt reaksiya doğurub.

İsmail Bəqayinin açıqlamasında bu ritorika nasist Almaniyasına bənzədilir. Bu, artıq diplomatik jest deyil, ideoloji hücumdur. Fransanın və Almaniyanın İranı qınayan mövqeləri Tehran tərəfindən “qəbuledilməz” adlandırılır. Belə çıxır ki, İran təkcə ABŞ və İsraillə deyil, Qərbin aparıcı ölkələri ilə də açıq diplomatik qarşıdurmaya gedir”.

Kamran Məmmədlinin sözlərinə əsasən, ən təhlükəli gediş isə MAQATE-yə qarşı təhdid ritorikasıdır:

“Rafael Qrossinin hazırladığı hesabatdan sonra İsrailin İrana zərbə endirməsi, İranın bu hesabatı “bəhanə” adlandırması, “Kayhan” qəzetinin Qrossini "Mossad casusu" kimi təqdim edərək edamla hədələməsi bütün qırmızı xətlərin keçildiyini göstərir. Artıq təkcə diplomatiya yox, beynəlxalq hüquq da hədəfdir.

Burada diqqətçəkən məqam odur ki, İran nüvə proqramından imtina etmir, amma zənginləşdirmə səviyyəsinə dair danışıqlara “açıq” olduğunu bildirir. Bu, bir növ silah hazırlamıram, amma hazırlaşmaq hüququm var mövqeyidir. Belə bir strategiya isə nə ABŞ, nə də İsrail tərəfindən qəbul ediləcək”.

Siyasi şərhçi Trampın Ayətullah Xamenei ilə bağlı istehzalı açıqlaması və “qalib gəldik” ifadəsini təqlid etməsinin Tehranda çox sərt qarşılandığını deyib:

“İran Xarici İşlər Nazirliyinin bunu "gülünc", "nalayiq" və "sivilizasiyaya təhqir" adlandırması göstərir ki, iki ölkə arasında artıq şəxsi liderlik qarşıdurması da başlayıb. Ən önəmlisi, Trampın "kəşfiyyat zənginləşməni narahatedici səviyyədə təsdiqləsə, hücumu yenidən nəzərdən keçirəcəyik" fikri preventiv zərbə ehtimalını gündəmə gətirir. Bu isə diplomatiya yox, müharibə siqnalıdır”.

Kamran Məmmədli bildirib ki, ABŞ və İran arasında son günlər səsləndirilən açıqlamalar, beynəlxalq təşkilatlara yönəlmiş ittihamlar və Avropaya qarşı sərt ritorika Tehranın geosiyasi izolyasiyasını dərinləşdirəcək:

“Bu isə diplomatik masa ətrafında deyil, güc nümayişi fonunda həll axtarışı deməkdir. İsrailin və ABŞ-ın İranın nüvə obyektlərinə təkrar zərbələr endirməsi ehtimalı artdıqca, regionda böyük bir qarşıdurmanın astanasında olduğumuz reallığa çevrilir”.

Elşən MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR