Onlayn ictimai-siyasi qəzet
Azərbaycanın Ermənistanla sülh müqaviləsinə 4 əsas əngəl məlumdur. Onlardan ikisi bilavasitə sülh sənədi ilə bağlıdırsa (qarşılıqlı beynəlxalq iddialardan imtina və sərhəddən üçüncü dövlətin hərbi qüvvələrinin, o cümlədən Avropa Birliyinin casus missiyasının yığışdırılması), digər ikisi Ermənistan Konstitusiyasından, digər qanunverici aktlardan ölkəmizə qarşı ərazi iddiası barədə istinadların çıxarılması və Minsk Qrupunun ləğvi ilə bağlı ATƏT-ə birgə müraciətlə bağlıdır.
Göründüyü kimi, 4 tələb-şərtdən üçü çox qısa zamanda reallaşa biləndir. Konstitusiyaya düzəliş isə referendum səbəbindən bir neçə ay vaxt apara bilər. Təəssüf ki, bu yöndə tərpəniş gözə dəymir. Nikol Paşinyan hökuməti bunun əvəzinə Avropa İttifaqına üzvlüklə bağlı lüzumsuz referendum keçirməyə hazırlaşır.
Yaxud sərhəddən AB-nin casus missiyasının yığışdırılması ilə bağlı şərtimizi götürək. Fevralda missiyanın vaxtı bitir. Amma ötən həftəsonu bəlli oldu ki, AB (Brüssel) onu uzatmaqda maraqlıdır. AB-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Ermənistanda yerləşdirilmiş AB missiyasının fəaliyyətinin daha iki il müddətinə uzadılmasını təklif edib. Beləcə, tərəflər arasında sülh prosesinə növbəti zərbəsini vurmaq istəyir. XİN başçısı Ararat Mirzoyan da eyni mövqe sərgiləyib. Paşinyanın yaxın adamlarından sayılan erməni siyasətçi, Avropa Partiyasının sədri Tiqran Xzmalyan isə bir az da uzağa gedərək, AB missiyasını NATO-nun hərbi bazasına çevirməyi təklif edib. Bütün bunların ardınca AB-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrononun özünün “X” sosial şəbəkəsində “Avropa Birliyi Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinə dəstəyini gücləndirməyə hazırdır” qeydi siyasi riyakarlıqdan savayı bir şey deyil...
Hərgah Ermənistandan ilk baxışda pozitiv görünən xəbər də var. Baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan bildirib ki, Ermənistan Minsk Qrupunun ləğvi məsələsi ilə bağlı ATƏT-ə müraciət etmək niyyətindədir. “İrəvan Minsk Qrupunun ləğvi ilə bağlı müraciət etmək imkanını nəzərdən keçirir”, - Baqdasaryan vurğulayıb və əlavə edib ki, “Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır və sülh sazişi imzalamaqla bunu təsdiqləməyə hazırdır, Azərbaycanın da birmənalı və mübahisəsiz olaraq Ermənistan Respublikasının ərazi bütövlüyünü tanıması vacibdir”.
Sonuncu cümlə əlbəttə ki, böhtandır. Azərbaycan Ermənistanın ərazi bütövlüyünü şübhə altına qoymur. Əks halda, Bakı 44 günlük müharibədən az sonra qarşı tərəfə sülh müqaviləsinin imzalanması üçün 5 prinsipdən ibarət təklif göndərməzdi. Onlardan birinci elə dövlətlərin bir-birilərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması haqdadır. 2-ci prinsip isə dövlətlərin bir-birilərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi barədədir. Qarşılıqlı tanınma istəyi ayrı necə və nə şəkildə olmalıdır ki?
İstənilən halda ümid etmək olar ki, “buz” yerindən tərpənib və MQ tezliklə ləğv ediləcək. Hərçənd erməni tərəfinin sözü ilə əməli nadir hallarda üst-üstə düşür.
Məsələn, Paşinyan dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirib, 2022-ci ildə bununla bağlı Praqa sənədinə də imza atıb. Amma Ermənistan Konstitusiyasından Azərbaycan və Türkiyəyə qarşı əsassız torpaq iddiaları ilə bağlı müddəaları çıxarmaq üçün gərəkən addımları atmayıb. Üstəgəl, Praqa sənədindən təxminən bir 1 sonra - 2023-cü ilin sentyabrında Paşinyan Qarabağdakı xunta rejiminin rəhbərlərinə “müstəqillik günü” ilə bağlı təbrik göndərmişdi... Rəsmi İrəvan MQ-la bağlı niyyətində səmimi və ciddidirmi? Doğrudanmı o, yaxın keçmişin bu pis mirasından qurtulmaq istəyir? MQ-nin tezliklə ləğvinin şahidi ola bilərikmi?
Siyasi şərhçi Asif Nərimanlıya görə, Ermənistan Minsk Qrupu məsələsindən siyasi bazarlıq üçün istifadə edir: “İndi bu məsələni nəzərdən keçirmələri də sülh sazişinin bir maddəsini icra etməmələrindən qaynaqlanır. 17 maddəlik mətnin iki maddəsi - beynəlxalq iddialardan imtina və üçüncü ölkələrə məxsus qüvvələrin sərhəddən çıxarılması (Avropa İttifaqı müşahidə missiyası) - razılaşdırılmamışdı. Paşinyan 9 yanvarda Bakıya ünvanladığı təkliflərdə beynəlxalq iddialardan imtina edilməsinə razı olduqlarını bəyan etdi. Lakin üçüncü ölkələrə məxsus qüvvələrin sərhəddən çıxarılmasına toxunmadı. Bir gün sonra - 10 yanvarda Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Kaya Kallas Ermənistandakı missiyasının müddətinin daha iki il uzadılmasını təklif etdi. Kallasın sözçüsü Anitta Hipper bildirdi ki, üzv dövlətlər təklifi alqışlayıb və məsələnin həlli üçün prosedur qaydalar həll edilir, yaxın həftələrdə missiyanın müddətinin uzadılması ilə bağlı rəsmi qərarın açıqlanacağı gözlənilir”.
Təhəlilçi hesab edir ki, gözlənildiyi kimi, Ermənistan üçüncü ölkələrə məxsus qüvvələri - Aİ missiyasını sərhəddən çıxarmaq tələbini yerinə yetirmədi: “Və Bakıya "Aİ missiyası" tələbinin əvəzinə “Minsk Qrupu tələbi”ni icra edə biləcəkləri mesajını verir, sülh sazişini də bu razılaşmalar çərçivəsində imzalamaq istəyirlər. Bakının qəbul edəcəyi ehtimalı sıfıra bərabərdir, çünki sülh sazişi üçün vacib olan Ermənistan Konstitusiyasının dəyişdirilməsi tələbi hələ də qalır. İrəvan da Minsk Qrupunun ləğvi üçün ATƏT-ə müraciət məsələsini “güzəşt” kimi danışıqlarda aktual olaraq saxlayacaq".
Ekspert Məhəmməd Əsədullazadə də deyir ki, bəli, Ermənistan Minsk Qrupunun buraxılmasına razıdır: “Artıq Prezident İlham Əliyevin bu tələbi ilə Paşinyan razılaşıb. Əgər münaqişə bitibsə, Minsk Qrupuna ehtiyac yoxdur. Paşinyan çalışırdı ki, Minsk Qrupunu Ermənistan-Azərbaycan əlaqələrinin normallaşması formatı ilə davam etdirsin. Halbuki Minsk Qrupu Qarabağ münaqişəsinin həlli üçün yaradılmışdı. Bundan sonra da Paşinyan Azərbaycanın digər tələblərini yerinə yetirəcək. Ermənistan Zəngəzur dəhlizinin açılmasına tam razı olarsa, sülh müqaviləsi bir neçə aya bağlana bilər”.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
14 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ