İnsanlara hürriyət, millətlərə istiqlal!

Brüssel sammiti ərəfəsi saatlar Bakı vaxtına qurulur

 

Sülh müqaviləsi ilə bağlı danışıqların məhz Azərbaycanın 5 bəndlik təklifi əsasında aparılması imperativə çevrilir; prosesə tezliklə diplomatik təkan verilməzsə, yeni müharibə qaçılmaz olacaq...

Gələn həftə - aprelin 6-da Azərbaycan və Ermənistan rəhbərləri - prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan Avropa Birliyinin paytaxtı Brüsseldə bir araya gələcəklər. Sayca ikinci olacaq bu görüşün də moderatoru Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişeldir.

Xəbər verildiyi kimi, sammit öncəsi Avropa İttifaqı Brüsseldə Ermənistan və Azərbaycanın yüksək vəzifəli rəsmi şəxslərinin - Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyevlə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın görüşünü təşkil edib. Məqsəd iki ölkə arasında bəzi məsələlərin həlli yollarının axtarışını birgə səylərlə fəallaşdırmaq olub. Avropa İttifaqının Xarici Əlaqələr Xidmətinin məlumatında deyilir ki, Əliyev-Paşinyan görüşünə hazırlıq məsələləri də müzakirə edilib.

Hacıyev və Qriqoryan arasında ayrıca ikitərəfli söhbət də daxil olmaqla, predmetli müzakirələr zamanı iştirakçılar siyasi və təhlükəsizlik sahəsində vəziyyəti, eləcə də 14 dekabr 2021-ci ildə Brüsseldə iki ölkə liderinin və Şarl Mişelin görüşü zamanı əldə olunmuş razılaşmalarla əlaqədar Ermənistan və Azərbaycan arasında məsələlərin bütün spektrini nəzərdən keçiriblər. İştirakçılar ölkələr arasında sülh sazişinin perspektivlərilə bağlı məsələlərin müzakirəsini davam etdirmək üçün yaxın həftələrdə yenidən görüşmək barədə razılığa gəliblər.

Qeyd edək ki, keçənilki (14 dekabr) görüşlə bağlı indiki kimi hansısa ön hazırlıqlar görülməmişdi, iki tərəfdən yüksək rütbəli rəsmi şəxslər arasında Brüsseldə təmaslar təşkil olunmamışdı. Bu da Avropa İttifaqının Bakı və İrəvan arasında nəhayət, miqyaslı sülh anlaşması əldə olunmasında daha israrlı olduğunu göstərməklə yanaşı, bu yöndə praktik, təsirli addımları görmək istədiyinin təzahürü sayıla bilər.

Putin İlham Əliyev və Paşinyanla telefonda danışdı - Nələr müzakirə olunub?

Maraqlıdır ki, məhz bu ərəfədə Rusiya prezidenti Vladimir Putinin İlham Əliyev və Nikol Paşinyanla telefon danışıqları olub. “Söhbət zamanı Dağlıq Qarabağ ətrafındakı situasiyanın inkişafı regionda təhlükəsizliyin və stabilliyin təmin edilməsinə dair praktiki vəzifələrin həllinə vurğu yönəldilməklə müzakirə olunub. 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il üçtərəfli Bəyanatlarının bütün bəndlərinin ardıcıl yerinə yetirilməsinin vacibliyi vurğulanıb. Sonrakı təmaslar barədə razılığa gəlinib”, - Kremlin rəsmi saytındakı məlumatda bildirilir.

Azərbaycan Prezidentinin mətbuat xidməti də təxminən eyni məzmunlu açıqlama yayıb.

Putinin eyni gündə Azərbaycan və Ermənistan rəhbərləri ilə danışması sözsüz ki, həm də planlaşdırılan 6 aprel Brüssel sammiti ilə bağlı olub. Məsələ ondadır ki, hazırda Rusiyanın Avropa ilə, bütövlükdə Qərblə münasibətləri Ukraynaya görə ən ktirik həddə çatıb. Moskva bu dəqiqə əslində öz hayındadır. Ancaq fakt faktlığında qalır ki, V.Putinin də imzası duran məlum sənədlərin Ermənistana aid bəndlərinin çoxu (qanunsuz silahlı dəstələrin Qarabağdan çıxarılması, kommunikasiyaların açılması və s.) İrəvan tərəfindən hələ də yerində yetirməyib. Bunun nəticəsi olaraq da iki ölkə arasında sülh müqaviləsinin imzalanması ləngiyir.

Şarl Mişel: ““Şərq Tərəfdaşlığı”nın dəstəklənməsi Aİ üçün böyük önəm  daşıyır”

Şarl Mişel

Əgər indi Avropa İttifaqı, konkret olaraq, Şarl Mişel bu istiqamətdə ciddi irəliləyişə nail olsa, o zaman sözsüz ki, Rusiyanın vasitəçilik, qarantorluq imicinə xələl gəlmiş olacaq. Bu xüsusda Kreml rəhbərinin telefon danışıqları zamanı məhz həmin sənədlərdəki öhdəliklərə xüsusi diqqət ayırması təsadüfi deyil.

Əfsus ki, ikinci Brüssel görüşü ərəfəsi də Nikol Paşinyan köhnə havanı çalıb, həyasızcasına rəsmi Bakını 10 noyabr üçtərəfli sənədi təhrif eləməkdə suçlayıb. Guya sənəddə (4-cü bənd) erməni silahlı dəstələrinin ərazimizdən çıxarılmasından söhbət getmir. “Qarabağ müdafiə qüvvələrinin” çıxarılması ermənilərin Qarabağdan çıxarılması deməkdir, - deyə o, bir az da qabağa gedərək, qanunsuz dəstələrin ərazimizdə qalmasına başqa yandan haqq qazandırmağa çalışıb.

Beləcə, İrəvan çox mühüm olan 4-cü bəndə əməl eləmək niyyətində olmadığını bir daha ortaya qoyub. Amma nə yaxşı ki, Paşinyan özbaşına, çox şey isə İrəvandan asılı deyil. Əgər Moskva və yaxud Brüssel buna onu tezliklə inandıra bilməsə, erməni tərəfini ağla gətirməsə, o zaman Azərbaycan çox ciddi bir kart-blanş əldə eləmiş olacaq və antiterror əməliyyatı qaçılmaza çevriləcək. Buna görə daha heç bir paytaxt onu qınaya, suçlaya bilməyəcək.  

Bu arada qardaş Türkiyənin lideri Rəcəb Tayyib Ərdoğan da erməni silahlılarının Azərbaycandan tam çıxarılmalı olduğunu bəyan edib. “Azərbaycan üçtərəfli bəyanatın müddəalarına tam əməl edir. Ona görə də Azərbaycan tərəfindən heç bir pozuntu yoxdur. Orada Azərbaycana qarşı hücum gerçəkləşib deyə müdafiə reaksiyası olub. Əsas odur ki, üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq erməni silahlı ünsürlərinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisindən tamamilə çıxarılması təmin edilsin”, - Ərdoğan vurğulayıb.

Brüssel görüşü öncəsi rəsmi Ankaranın bu çağırışı yüzdə yüz yerinə düşür və neçə vaxtdır “sülh erası”nadan dəm vuran İrəvan üçün, nəhayət, praktik addımlar atmağın zamanı çatdığını bütün ciddiliyi ilə ona xatırladır. Bunu xəbərdarlıq da adlandırmaq olar.

Nəhayət, srağagün Azərbaycan prezidenti ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Raunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən belə bir fikir söyləyib: “Münaqişə artıq öz həllini tapıb. Azərbaycan bunu özü etdi və indi də Azərbaycanla Ermənistan arasında münasibətləri nizamlamaq vaxtıdır. Bizə Ermənistan rəsmiləri tərəfindən müəyyən mesajlar daxil olur. Bu yaxınlarda mənə verilən məlumata görə, bu mesajlardan biri də ondan ibarətdir ki, onlar bizim təklifimizi məqbul hesab edirlər. Bu, çox yaxşı xəbərdir və mən ümid edirəm ki, Brüsseldəki görüşdə bu məsələyə daha çox aydınlıq gətiriləcək”.

Beləliklə, son gəlişmələr fonunda ehtiyatlı nikbinliklə belə bir ehtimalın altını cızmaq olar ki, Brüsseldə böyük sülh sazişi ətrafında danışıqlara mühüm impuls, yaxud diplomatik təkan verilə bilər. Çünki barıt qoxulu “nə hərb, nə sülh” qeyri-müəyyənliyinin davam eləməsində Avropa da maraqlı deyil. Həmçinin danışıqların Azərbaycan Prezidentinin işarə vurduğu kimi, məhz qalib tərəfin - Bakının 5 bəndlik baza prinsipləri əsasında aparılacağı daha real görünür. Saatlar Bakı vaxtına qurulmaqdadır...

Siyasət şöbəsi,
“Yeni Müsavat”

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR