İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniyalı nazirin Azərbaycana qəfil səfərinin pərdəarxası

Siyasi ekspertlərdən ilginc açıqlamalar

Martın 30-da Böyük Britaniyanın Silahlı Qüvvələr üzrə naziri Ceyms Hippi Bakıda bir günlük səfərdə olub. Bu, ölkənin müdafiə nazirinin Azərbaycana ilk səfəridir. Prezident İlham Əliyev Ceyms Hippini qəbul edib. Görüşdə neft, qaz, Azərbaycan iqtisadiyyatına Böyük Britaniya tərəfindən sərmayə qoyuluşu, ticarət, nəqliyyat, müdafiə sahələrində əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Söhbət zamanı NATO-nun Əfqanıstanda həyata keçirdiyi “Qətiyyətli dəstək” missiyasında Azərbaycanın iştirakı qeyd edilib.

Müdafiə naziri Zakir Həsənov Ceyms Hippi ilə görüşdə Azərbaycan-Ermənistan dövlət sərhədindəki vəziyyətlə bağlı məlumat verib.

Ehtimal edilir ki, nazirin səfərində əsas müzakirə mövzuları sırasında hazır Ukrayna böhranı da var.  Böyük Britaniya Rusiyaya qarşı ən sərt sanksiyalar tətbiq etməklə bərabər, Ukraynaya da ən fəal silah dəstəyi verir.

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp İlham Əliyevin görüşü barədə açıqlama verib. Səfir bu barədə səfir “Twitter” hesabında yazıb. “Prezidenti Ilham Əliyevlə vacib müzakirələr oldu. Böyük Britaniya Azərbaycanın Ukraynaya göstərdiyi mühüm humanitar yardıma görə minnətdardır. Münaqişənin sülh yolu ilə həllinin zəruriliyi barədə razılığa gəldik. Rusiya Ukraynaya qarşı təcavüzünü dayandırmalıdır”, - deyə Şarp bildirib.

İlham Əliyev Ceyms Hippini qəbul etdi | Qazet.az

Britaniyanın 44 günlük Qarabağ savaşında Azərbaycana mənəvi dəstəyi sirr deyil. Ölkələrarası münasibətlər son illər ən yüksək səviyyədə inkişaf etməkdədir. Britaniya minatəmizləmə sahəsində ölkəmizlə əməkdaşlıqda maraqlıdır və bu sahədə təcrübəli təşkilatları var. Amma indilikdə britaniyalı nazirin səfərinin pərdəarxası da maraq doğurur. Britaniyalı nazirin məhz indi Azərbaycana səfər etməsinin əsl səbəbləri və məqsədi nələr ola bilər?

Politoloq Yeganə Hacıyeva bildirdi ki, suala ən yaxşı cavab Boris Consonun Bakı Forumuna müraciətində söylədiyi fikirlər olar: “Britaniya həmişə Azərbaycanın etibarlı tərəfdaşıdır və bu, belə də qalacaq”. Səfər zamanı Böyük Britaniya və Azərbaycan arasında müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları, Ukraynadakı vəziyyət, Ermənistan və Azərbaycan arasında həll olunmamış problemlər və sülh prosesinin vəziyyəti müzakirə edilib. Şübhəsiz ki, nazir minatəmizləmə sahəsində əməkdaşlığı da müzakirə edib.

Ukraynada baş verənlərlə İkinci Dünya müharibəsindən sonra ilk dəfədir ki, Avropa qitəsində sülh və stabilik üçün bu qədər ciddi hədələr formalaşıb. Bütün bu hadisələr beynəlxalq təsisatların nizamlama institutu kimi sıradan çıxması ilə müşahidə olunur. O üzdən hazırda bütün mövcud və mümkün konfliktli vəziyyətlərdən çıxış yollarını tərəflər özləri axtarmağa daha çox üstünlük verirlər".

Ekspert qeyd etdi ki, Azərbaycanla Britaniya arasında əlaqələr  tarixi və strateji xarakterli əməkdaşlıq  xətti ilə bir neçə əsrlik tarixə malikdir. Böyük Britaniya Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir: “Münasibətlərin ən yeni tarixi  haqqında danışsaq, 2015-ci ildən Azərbaycan və Böyük Britaniya şirkətlərinə neft-qaz sektorunda müqavilələrin bağlanması və irimiqyaslı layihələrin həyata keçirilməsi prosesində köməklik göstərən UKTI- High Value Opportunity proqramı aktivləşib. Bununla da müasir dövrdə maliyyə imkanlarının idarə olunmasında aparıcı alətlər hesab olunan imkanlara yiyələnib.

Bu proqram təkcə Xəzər dənizi hövzəsi deyil, digər regionları da əhatə edir. 2017-ci ilin sonunda artıq 500-dən çox Britaniya şirkəti Azərbaycanda fəaliyyət göstərirdi. Bu vaxt  Böyük Britaniya Azərbaycan iqtisadiyyatına yatırılan xarici  investisiyaların həcminə görə lider oldu.

Zakir Həsənov Ceyms Hippini qəbul etdi » Sfera.az Azərbaycanda özəl  xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

44 günlük Vətən müharibəsindən sonra Cənubi Qafqazın geosiyasi məkanının yenidən formalaşdırılması, Cənubi Qafqazın regional təhlükəsizlik arxitekturası prosesi həlledici mərhələyə qədəm qoyub. Amma bu yeni mərhələ hamını məmnun etmir, çünki daha öncəki oyunçular regionda maraqlarının zədələnməsi kimi təəssüratlardadırlar. İlk baxışdan Rusiya müharibənin dayandırılması ilə bölgəyə sülhməramlılarını yerləşdirməklə üstünlüyə malik tərəf kimi görünür. Amma bölgənin coğrafi, iqtisadi, hərbi-strateji və hətta siyasi balansında mövqelərin analizi onu göstərir ki, bu belə deyil. Britaniya azad edilmiş ərazilərin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işlərində Azərbaycana köməklik göstərir.

Britaniyanın müdafiə nazirinin Bakiya  səfəri Rusiyadan son həftədə Azərbaycana qarşı səslənən hədələr, Qarabağda Rusiya sülhməramlılarının üçtərəfli razılaşmanın bəndlərindən kənar fəaliyyət təşəbbüslərinin açıq-aşkar nümayiş etdirilməsi və nəhayət, Azərbaycana qarşı təcavüzkar müharibəyə çağırış, ölkənin energetika infrastrukturunun və neft sənayesinin məhv edilməsi üçün taktiki nüvə silahından istifadə haqqında təxribat xarakterli bəyanatlar fonunda həyata keçirildi. Bu məqama xüsusi diqqət etmək lazımdır".

Yeganə Hacıyeva: İran Azərbaycanın formalaşdırdığı reallığı qəbul edir »  BAYRAQDAR.INFO

 Yeganə Hacıyeva 

Y.Hacıyevanın sözlərinə görə, Ukraynada baş verənlərin fonunda, Rusiya hökumətində və siyasi elitada Putinin mövqelərinin zəifləməsi faktorundan istifadə edərək Azərbaycana qarşı ssenarilərin hazırlanması kimi təşəbbüslər izlənməkdədir: “Bu təşəbbüslər də məhz Rusiya hökumətində istənilən hərəkətliliyi ovcunun içindəki kimi izləmək imkanlarına malik Britaniya kəşfiyyatına məlumdur. Nazirin səfərində bu kimi məsələlərin də rol oynadığından danışmaq mümkündür.”

İlyas Hüseynov: Milli həmrəylik və birlik Azərbaycanı bütün dünyanı bürüyən  koronavirus sınağından da uğurla çıxmasının başlıca

 İlyas Hüseynov 

Sosial Tədqiqatlar Mərkəzinin eksperti İlyas Hüseynov isə bildirdi ki, Britaniyanın silahlı qüvvələr nazirinin Azərbaycana indi səfər etməsi və keçirdiyi görüşlər böyük maraq doğurur. Britaniya-Azərbaycan münasibətləri bu gün daha da dərinləşdirilir. Eyni zamanda yeni geosiyasi reallıqlar həm də Britaniyanın da nəzərindədir: “Britaniya hər zaman Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını müdafiə edib. Bu norma və prinsiplər ikitərəfli münasibətlərin daha da inkişaf etməsi üçün bir zəmin formalaşdırır. Hazırda ərazilərin minalardan təmizlənməsi işində Britaniya Azərbaycana hərtərəfli kömək göstərir. Digər məqam məhz enerji təhlükəsizliyi ilə bağlıdır. Britaniya bu sahədə Azərbaycanın ən böyük partnyorudur. BP 1994-cü ildən başlayaraq Azərbaycanın bütün enerji layihələrində əsas investor payçı olub. Hazırda da enerjidaşıyıcılarına olan tələbat bu sahədə fikir mübadiləsini aktuallaşdırır. Bu xüsusda Britaniya-Azərbaycan münasibətləri həm də strateji xarakter daşıyır. Bu gün enerji təhlükəsizliyi milli təhlükəsizliyin əsas komponenti kimi dəyərləndirilir. Britaniya həm də hərbi seqmentdə Azərbaycana məhz enerjidaşıyıcılarının nəqli işində təhlükəsizlik aspektində yardım göstərə bilər. Digər önəmli məsələ məhz hazırkı durumda Britaniyada nüfuzlu şəxslərdən sayılan silahlı qüvvələr nazirinin Azərbaycana səfəridir. Səfər heç də təsadüfi sayıla bilməz. Azərbaycanın karbohidrogen ehtiyatlarının təhlükəsiz şəkildə, sabit formada nəqli Britaniya strateqlərinin də maraq dairəsindədir. Təhlükəsizlik mühitinin gücləndirilməsi Britaniya üçün mühümdür. Nazirin indiki vaxtda Azərbaycana səfəri bütün bu və digər məsələlərdə əminlik yaradılmasına, iki ölkə arasında əməkdaşlığın daha güclənməsinə xidmət edir. Tərəflər arasında uzlaşdırılmalı məsələlər var. Ona görə də bu cür səfərlərin intensivliyi münasibətlərə müsbət yön verir”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR