İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniya XİN-dən qəribə xəbərdarlıq: “Şuşaya da getməyin...”

Hərbi qarşıdurma ehtimalı ciddiləşir?

Böyük Britaniya Xarici İşlər Nazirliyi (FCDO) ölkə vətəndaşlarına Azərbaycanın cənub-qərbinə - Ermənistanla sərhədyanı bölgələrə getməməyi tövsiyə edib. Bununla bağlı Britaniya hökumətinin saytında məlumat dərc olunub. “Ermənistanla sərhəd bağlıdır. FCDO Azərbaycanla Ermənistan arasındakı gərginliklər səbəbindən Ermənistanla sərhədin 5 kilometrindən yaxın ərazilərə səyahət etməməyi tövsiyə edir”, - məlumatda bildirilib.

Vurğulanıb ki, bu tövsiyə 2020 və 2023-cü illərdə münaqişədən təsirlənmiş bölgələri - Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Xocavənd, Şuşa, Xocalı, Xankəndi, Ağdam və Tərtər rayonlarını əhatə edir. Səyahət xəbərdarlığı Azərbaycanın Naxçıvan istiqamətində Ermənistanla sərhədinə aid deyil.

Britaniya Xarici İşlər Nazirliyinin açıqlamasına hələlik Azərbaycanın rəsmi qurumları münasibət bildirməyib.

Belə bir tövsiyənin verilməsini şərtləndirən vəziyyət mövcuddur? Hər hansı təhlükə, hərbi əməliyyat riski var ki, Britaniya XİN bu cür tövsiyə edib?

Elxan Şahinoğlu son çıxışı ilə özünü və “ağalarını” belə ələ verdi -  ƏTRAFLI | KONKRET

Elxan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, Ermənistan son zamanlar atəşkəsi intensiv şəkildə pozur. Atəşkəsin pozulması nəticəsində Azərbaycan hərbçiləri arasında itkilər olmasa da, bu, şərti sərhəddə müəyyən gərginlik yaradıb: “Ancaq sərhəddən kənarda, yəni Qarabağ və Şərqi Zəngəzurda gərginlik yoxdur, işğaldan azad olunan ərazilərdə tikinti işləri davam edir, insanlar yeni evlərə köçürülür. Buna baxmayaraq, Qarabağ və Şərqi Zəngəzurun bəzi hissələrində mina təhlükəsi mövcuddur. Son günlərdə minaların partlaması nəticəsində bir neçə hərbçimiz və mülki insanımız həlak olub. Əlbəttə, bu mənada işğaldan azad olunan bir qisim ərazidə təhlükə mövcuddur və həmin bölgələrdə minalardan təmizlənmə prosesi davam edir. Ancaq Böyük Britaniya Xarici İşlər Nazirliyinin xəbərdarlığı minalarla əlaqəli deyil, əks halda, xəbərdarlığında mina təhlükəsi barədə cümlələr yer alardı. Görünür, Londonda hesab edirlər ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasının uzanması və atəşkəsin intensiv pozulması bölgədə yeni bir toqquşmaya səbəb ola bilər. Mümkündür ki, bu səbəbdən Böyük Britaniya öz vətəndaşlarına işğaldan azad olunan ərazilərə səfər etməməyi məsləhət bilib. Halbuki növbəti hərbi toqquşma olsa belə, bu, Azərbaycan ərazisində deyil, Ermənistan ərazisində olacaq. Azərbaycan Ordusu sərhəddə strateji yüksəkliklərə hakimdir, vəziyyət gərginləşərsə, həmin məntəqələrdən Ermənistanın hərbi hissələrinə zərbələr endiriləcək. Böyük Britaniyanın ardınca, digər Qərb ölkələrinin xarici işlər nazirliklərinin də oxşar xəbərdarlığı yayımlana bilər”.

Azərbaycanın güclü orduya malik olması bir şərtdir - İlyas Hüseynov (ÖZƏL)  - TurkicWorld

İlyas Hüseynov

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri İlyas Hüseynov isə bildirdi ki, adətən dövlətlərin müxtəlif coğrafiyalara, müxtəlif ərazilərə səfər etməkdən çəkinmə haqqında xəbərdarlıqlarından sonra hərbi əməliyyatlar, eskalasiyalar, münaqişələr başlayır: “Bu xüsusda Böyük Britaniyanın Azərbaycana yönəlik, bizim coğrafiyamıza aid ərazilərə səfər etməmək haqqında çağırışı kifayət qədər ciddi maraq doğurur. Çünki regionda belə hərbi vəziyyət, münaqişə ehtimalı yoxdur. Bu barədə Azərbaycan tərəfi də, Ermənistan tərəfi də dəfələrlə bəyan edib. Eyni zamanda məlumdur ki, Ermənistan sürətlə silahlanır, havadarları regionda münaqişə axtarışındadır, revanşizm dalğası baş qaldırır. Eyni zamanda Cənubi Qafqazda sülhü, təhlükəsizliyi və sabitliyi pozmaq istəyən qüvvələr hər zaman iş başındadırlar. Burada xüsusilə vurğulamaq lazımdır ki, Azərbaycanın tələbləri Ermənistan tərəfindən qəbul edilmir. Digər məsələlər də var ki, onlar da sülhə təhdid yaradır. Qondarma qurumun hələ də Ermənistanda nümayəndəliyinin Ermənistanda fəaliyyət göstərməsi, Ermənistan parlamenti ilə qondarma qurum arasında dostluq qrupunun hələ də qalması, bununla yanaşı Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyanın rəhbərlik etdiyi "Qarabağ ermənilərinin hüquqları" haqqında komissiyanın vaxtaşırı üzə çıxması və bu kimi məsələlər əlbəttə ki, Azərbaycanın qəzəbinə tuş gəlir. Lakin maraqlıdır ki, işğaldan azad olunan ərazilər haqqında söylənilən fikirlər Zəngəzur dəhlizinin əhatə edəcəyi bölgələr haqqında söylənilmir. Bu da koridor uğrunda hansısa əməliyyatların baş vermə ehtimallarına bir işarədir. Hesab etmirəm ki, Azərbaycanın bu cür hərbi planları var. Hərbi ritorika da mövcud deyil. Digər tərəfdən, hərbi sahədə hərəkətlənmə də yoxdur. Ancaq ehtimal edirəm ki, əgər Ermənistanın hərbi-siyasi təxribatları və sistematik şəkildə bizim mövqelərimizin atəşə tutulması artarsa, Azərbaycan özünü müdafiə hüququnu əlində saxlayır və məhz təhlükəsizliyimizin təmin olunması, təxribatların qarşısının alınması yönündə müxtəlif tədbirlər görülə bilər. Bu da beynəlxalq hüquqla Azərbaycana verilən imkandır. Burada xüsusilə vurğulamaq istəyirəm ki, region haqqında səhv narmativlər formalaşdırmaq, regionda təhlükəsizlik meyllərinin artırılmasına dair işarə etmək də tamamilə qəbulolunmazdır. Cənubi Qafqazı da qaynar qazana çevirmək həvəsindən irəli gələn çağırışlara təmkinli yanaşmağımızla yanaşı, həm də öz təhlükəsizlik tədbirlərimizi bir qədər də gücləndirmək zərurəti var".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR