Onlayn ictimai-siyasi qəzet
Böyük Britaniyada Krım vilayətinin Sevastopol şəhərinin keçmiş qubernatoru Dmitri Ovsyannikov sanksiyaları pozmaqda təqsirli bilinib.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Milli Cinayət Agentliyi (NCA) bildirib ki, bu, ölkədə ilk belə məhkumluqdur.
Bildirilir ki, Londonun Soutuark dairəsinin münsiflər heyəti müəyyən edib ki, Ovsyannikov 2023-cü ilin fevralından 2024-cü ilin yanvarına qədər sanksiyalardan yayınıb. O, həyat yoldaşı Yekaterina Ovsyannikovadan 76 min funt sterlinq alıb və onu maşın almaq üçün depozit kimi istifadə edib. Həmçinin məlum olub ki, onun qardaşı Aleksey “Mercedes Benz GLC 300” markalı avtomobili alıb və bank məhdudiyyətlərindən yayınmaq üçün Dmitrinin adına sığorta etdirib.
Ovsyannikov bu ilin yanvarında həbs edilərək dindirilib. Ona yeddi maddə üzrə ittiham irəli sürülüb, məhkəmə onlardan altısını haqlı hesab edib. Məhkəmə hökmlə bağlı qərarını daha sonra açıqlayacaq.
Dmitri Ovsyannikov 2016-2019-cu illərdə Sevastopol qubernatoru vəzifəsində çalışıb. Təqaüdə çıxdıqdan sonra o, Böyük Britaniyada doğulmuş atası vasitəsilə Britaniya vətəndaşlığı alıb. 2023-cü ilin əvvəlində Ovsyannikov ölkəyə gələrək bank hesabı açmağa cəhd edib, lakin qurum onun sanksiyalar altında olduğunu aşkar edib və vəsaiti dondurub.
Musavat.com
18 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ