İnsanlara hürriyət, millətlərə istiqlal!

Böyük Britaniya Zamirə Hacıyevaya 9 milyon dollar ödəyəcək – ŞOK GƏLİŞMƏ

Xəbər verdiyimiz kimi, Azərbaycan Beynəlxalq Bankının həbsdə olan keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın Böyük Britaniyadakı əmlakları müsadirə edilib.

Musavat.com-un xəbərinə görə, Zamirə Hacıyevanın Britaniyada sərvətinin mənbəyini açmaqla bağlı məhkəmə qərarından verdiyi şikayət təmin olunmayıb.

Onun 10 il ərzində Londondakı “Harrods” ticarət mərkəzində 16 milyon funt sterlinq (20 milyon 825 min 300 dollar) xərclədiyi bildirilir. Zamirə Hacıyeva Britaniyada İzaholunmaz Sərvət Sərəncamının (İSS) ilk hədəfinə çevrilib.

ZAMİRE.jpg (175 KB)

İSS ilk dəfə 2018-ci ilin yanvarında qüvvəyə minib, daha bir adı “McMafiya qanunları” idi. Zamirə Hacıyeva bu sərəncamların ilk hədəfi oldu.

London Apellyasiya Məhkəməsi bu ilin fevralında Zamirə Hacıyevanın apellyasiya şikayətini rədd edib. Sərəncam onun 2009-cu ildə Londonun Naytsbric rayonunda 11,6 milyon funt sterlinqə (15 milyon dollar) alınmış malikanəsi və 2013-cü ildə Berkşirdə 10,5 milyon funt sterlinq (13,5 milyon dollardan artıq) vəsaitə alınmış qolf mərkəzinə qarşı qaldırılmışdı.

Britaniya Krallığının Milli Cinayət Agentliyi (NCA) məhkəmədə ümumilikdə 400 min funt sterlinq ($521,000) dəyərində 50-ə yaxın zinət əşyasının üzərinə həbs qoymağa nail olmuşdu. Zinət əşyaları “Christie’s” hərrac evində qiymətləndirmədən keçiriliblər. Sapfir və yaqutlarla bəzədilmiş 120 min funt sterlinq ($156,000) dəyərində olan “Boucheron” və 20 min funt sterlinq ($26,000) dəyərində olan “Van Cleef & Arpels” boyunbağıları daha çox diqqət cəlb ediblər.

ZAMİRE SON.jpg (149 KB)

Britaniya Krallığının Milli Cinayət Agentliyi Londonda dəbdəbəli həyat sürən Zamirə Hacıyevanın sərvətinin mənbəyini araşdırmağa başladıqdan sonra zinət əşyalarının üzərinə həbs qoyulub. Zamirə Hacıyeva məhkəməni inandırmağa çalışırdı ki, həyat yoldaşının Azərbaycanda məhkumluğunun onun İSS-nin hədəfinə çevrilməsində rolu olub. Məhkəmə bu arqumenti rədd edib.

Məhkəmə qərarından sonra Zamirə Hacıyeva 1 həftə ərzində Milli Cinayət Agentliyinə ötən gün müsadirə olunan mülkləri necə əldə etməsi, eləcə də “Harrods” ticarət mərkəzində səxavətli xərcləmələrini izah etməli idi. Bunu etmədiyindən, pulunun mənbəyini göstərmədiyindən agentlik onun əmlakını müsadirə etdi. Zamirə Hacıyeva 6 illik məhkəmə çəkişməsindən sonra müsadirəyə razılıq verdiyindən, əvəzində əmlakın satışından əldə edilən gəlirin 30 faizini geri ala biləcək. Bu isə 9 milyon dollara yaxın vəsait deməkdir.

Zamirə Hacıyeva 2010-cu ilin iyunundan Böyük Britaniyada yaşayır.

Britaniya hökumətinin İzaholunmaz Sərvət Sərəncamları hər il Londonda milyonlarla funt sterlinqin yuyulmasına qarşı mübarizə alətidir.

2015-ci ilin dekabrından həbsdə olan Cahangir Hacıyev mənimsəmə və vəzifəsindən sui-istifadə ittihamı ilə 15 il həbs cəzası çəkirdi.

CAHAN.jpg (202 KB)

Ötən ilin il sentyabrın 15-də ona yenidən hökm oxunub. Bu dəfə əvvəlki cəzası da birləşdirilməklə 16 il 6 ay azadlıqdan məhrum edilib. Cahangir Hacıyev bu dəfə Beynəlxalq Bankdan kredit kimi götürülmüş 4 milyard 700 milyon manatlıq mənimsəmədə təqsirli bilinib.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR