İnsanlara hürriyət, millətlərə istiqlal!

Bölgə silkələnir: Bakıda hansı tikililər risk altındadır - köhnələr, yoxsa təzələr?

Elxan Əsədov: “Zəlzələ baş verərsə, dövlət nəzarəti ilə əhatə olunmuş binaların heç birində dağıntı baş verməyəcək”

Ötən gün Güney Azərbaycanda 6 bal gücündə zəlzələ qeydə alınıb. Ölənlər və yaralananlar var. Yeraltı təkanlar Naxçıvanda (5.3) və qədim Türk yurdu İrəvanda da hiss edildi. Güneydə bir gün sonra (yanvarın 29-u) yenə yeraltı təkanlar olub və yenə Naxçıvanda hiss edilib. Bundan az öncə Türkiyədə permanent zəlzələlər baş vermişdi.  Məlumdur ki, Azərbaycan da seysmik zonada yerləşir.

Respublika ərazisində zəlzələ baş verib-verməyəcəyi barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində. Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib ki, zəlzələ sərhəd rayonlarında- Ordubad, Culfada daha çox hiss olunub. O, qeyd edib ki, zəlzələ 3 bal gücündə hiss olunub: “Proses davam edir, avtoşoklar olur. Zəlzələdən sonra 220-dən çox yerlaltı təkanlar bar verir ki, bu da enerji boşalması ilə əlaqədardır. Təkanlar təxminən 7 saniyə davam etsə də, Naxçıvanda dağıntı və tələfat olmayıb. İranda baş vermiş zəlzələ ocağında təkrar eyni gücdə təkan olma ehtimalı yoxdur. Hissolunan təkanlar bir neçə ay davam edəcək çünki 10 kilometr dərinlikdə laylar parçalanır. Həmin ocaqda 6, 12 baldan güclü təkan olacağını düşünmürəm”.

FHN 5 ay vaxt verdi

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov “Yeni Müsavat”a bildirdi ki, zəlzələ nəticəsində binaların uçmaması, dağılmaması, konstruktiv elementlərində heç bir zədənin əmələ gəlməməsi binanın zəlzələyə davamlılığının göstəricisidir: “Azərbaycan ərazisi seysmik zonalara bölünüb. Hər seysmik zonada geoloji axtarışların nəticəsinə və s. uyğun  zəlzələyə davamlılığa dair hesablamalar aparılır. Adətən layihələr məsələn, 4 bal gücündə zəlzələ baş verərsə, 5 bal gücündə zəlzələyə hesablanır, yəni bir bal artığa. Vaxtaşırı yeni tikilən binalarda, eyni zamanda hər hansı problem  ilə əlaqədar olaraq dövlət yaxud şəxsi mülkiyyətçilər tərəfindən müraciət olduqda monitorinq aparılır: "Qanunvericiliyin tələblərinə görə, hər bir mülkiyyətçi əmlakın təmirinə nəzarət etməli,  lazımi tədbirləri görməlidir. Fövqəladə Hallar Nazirliyi yarandıqdan, yəni 2006-cı ildən sonra tikilən binalarda yaşamaq tam təhlükəsizdir. Sovet dövrü, yaxud daha əvvəlki illərdə tikilən binalarla müqayisə etsək, hazırda təbii ki, tikinti sahəsində normativ baza daha mükəmməldir. Sovet dövründə tikilən binaları iki hissəyə bölmək olar. 1966-cı ilə qədər bir normativ baza idi ki, orada zəlzələ nəzərə alınmırdı.

Qurban Yetirmişli: "İrəlidə hiss olunan təkanlar olacaq"

Qurban Yetirmişli: “İranda baş vermiş zəlzələ ocağında təkrar eyni gücdə təkan olma ehtimalı yoxdur”

1966-cı ildən sonra Azərbaycan ərazisində 7 ballıq normativ qoyuldu. Buna görə də həmin dövrdə tikilən binaların zəlzələyə davamlılığı son 20 ildə tikilən binaların zəlzələyə davamlılığından nisbətən aşağıdır, lakin bu o demək deyil ki, o binaların hamısı qəzalı vəziyyətdədir. Son 20 ildə binalar daha mükəmməl üsullarla, texnologiyalarla, yeni inşaat materialları ilə tikilib və onların üzərində dövlət nəzarəti həyata keçirilib. Buna görə də yeni tikililərin zəlzələyə daha davamlı olduğunu deyə bilərik.  Bakıda sonuncu dəfə 2000-ci il noyabrın 25-də güclü zəlzələ olmuşdu. Zəlzələ nəticəsində bəzi binalarda çatlar yaransa da, ümumilikdə ciddi dağıntılar müşahidə olunmamışdı. Azərbaycan Respublikası ərazisində normativlər ayrı-ayrı hadisələrə görə təyin edilmir. Hər bir hadisədən nəticə çıxarmaq lazımdır, lakin 2000-ci ildə baş verən zəlzələnin nəticəsi qanunvericiliyə dəyişikliklər etmək üçün əsas vermirdi. Elmin, texnikanın, tikinti sənayesinin inkişafına uyğun olaraq normativ baza təkmilləşdirilir. Zəlzələ baş verərsə, dövlət nəzarəti ilə əhatə olunmuş binaların heç birində dağıntı baş verməyəcək. Biz buna zəmanət veririk". 

Qeyd edək ki, AMEA-nın Neft və Qaz İnstitutunun direktoru Fəxrəddin Qədirov APA -ya açıqlamasında bildirib ki, 2022-ci ildə Azərbaycanda 12 min 762 zəlzələ olub: “Respublika Seysmoloji Xidmət Mərkəzinin 84 seysmik stansiyası var. Lakin bu rəqəm dəyişəcək. Çünki işğaldan azad edilmiş ərazilərdə yeni seysmik stansiyalar tikiləcək”.

Xatırladaq ki, bu ay ərzində Gürcüstan-Azərbaycan sərhədində, Zaqatala stansiyasından 29 km şimal-qərbdə, 3 km dərinlikdə zəlzələ baş verib, maqnitudası 4.3 bal gücündə olub. Zəlzələ episentirdə 4, ətraf rayonlarda 3 bala qədər hiss olunub. Türkiyədə rəsmi məlumatlara görə bir neçə zəlzələ qeydə alınıb. Sonuncusu Aralıq dənizi sahillərində 4,4 bal gücündə olub. Zəlzələ Hatayda da hiss olunub. Yanvarın 18-də Türkiyə-İran sərhədində baş verən zəlzələ isə Naxçıvanda da hiss edilib.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR