İnsanlara hürriyət, millətlərə istiqlal!

“BMT və onun Təhlükəsizlik Şurası da indiki statusda olmayacaq”- Siyasi şərhçidən ilginc açıqlama

 

“Proseslərin gedişi onu göstərir ki, öncədən müharibənin tez bir zamanda başa çatdırılması qarşıya məqsəd kimi qoyulmayıb, yaxud bununla bağlı qərar qlobal proseslərin, müharibəyə verilən reaksiyaların fonunda sonradan dəyişilib”.

Siyasi şərhçi Elçin Mirzəbəyli bu fikirləri Rusiya-Ukrayna müharibəsindən bəhs edərkən Musavat.com-a açıqlamasında söylədi. Analitik tarixə istinad edərək maraqlı məqamlara diqqət çəkdi:

“İndiki halda bunu beynəlxalq təhlükəsizlik sisteminin çökməsi, yenisinin yaradılması ilə bağlı ortaq rəyin formalaşmaması, maraqların uzlaşdırılmasının mümkünsüzlüyü, yaxud Rusiya, Türkiyə, Çin, Böyük Britaniya, Pakistan, Hindistan və digər böyük dövlətlərin beynəlxalq münasibətlər sisteminin yeni mənzərəsində onlara ayrılan yerlə barışmamaları və digər bu kimi məqamlarla əlaqələndirmək olar. Məsələyə tarixi aspektdən yanaşsaq, unutmaq lazım deyil ki, Birinci Dünya müharibəsinin nəticəsində yaranan Millətlər İttifaqı beynəlxalq təhlükəsizliyi təmin edə bilmədiyi üçün İkinci Dünya müharibəsi nəticəsində çökdü. İkinci Dünya müharibəsinin nəticəsi isə Birləşmiş Millətlər Təşkilatının (BMT) yaranmasına səbəb oldu. Sovet İttifaqının və bütövlükdə sosialist düşərgəsinin süqutundan sonra BMT-nin də, artıq dünyada təhlükəsizliklə bağlı çağırışlara cavab verə bilmədiyi açıq-aşkar sezilirdi. Bu, özünü həm Yuqoslaviya böhranında, həm də postsovet məkanındakı münaqişələrdə büruzə verirdi. Amma BMT-nin qlobal təhlükəsizliyə təminat verən təşkilat və mexanizm olaraq süqutu 2000-ci illərin əvvəllərindən başladı və İraqa müdaxilə, artıq BMT-nin, xüsusilə də bu təsisatın Təhlükəsizlik Şurasının münaqişələrin qarşısının alınmasında acizliyi özünü daha qabarıq şəkildə nümayiş etdirdi”.

E.Mirzəbəylinin fikrincə, 2003-cü ildən cərəyan edən proseslər sübuta yetirdi ki, dünyada sülhə və təhlükəsizliyə təminat verən, maraqların və mövqelərin uzlaşdırılması üçün əsas platforma funksiyasını yerinə yetirən BMT Təhlükəsizlik Şurası ömrünü başa vurub və daha ədalətli, dövrün reallıqların uyğun gələn təhlükəsizlik mexanizmlərinin yaradılmasına ehtiyac var: “Düşünürəm ki, heç kim Liviyanın mərhum lideri Müəmmər Qəddafinin BMT Baş Assambleyasındakı çıxışını və BMT Nizamnaməsiylə davranışını heç kim unutmayıb. Qənaətimə görə, Qəddafinin həmin sessiyadakı çıxışının bir hissəsini nümunə gətirməklə bugünkü mənzərənin bir sıra qaranlıq məqamlarını görmək mümkündür.

 Sitat: “Ola bilsin ki, H1N1 qrip virusu nəzarətdən çıxan hansısa laboratoriyada yaradılıb və öncə hərbi məqsədlər üçün istifadə edilməsi nəzərdə tutulub. Bu çağırışlara ikiüzlülük, kasıblıq, qorxu, materializm və mənəviyyatsızlıq da aiddir. ...Ola bilsin ki, sabah “balıq qripi” peyda olsun. Çünki biz bəzi hallarda virus istehsal edir və ona nəzarət edirik. Bu, kommersiya məqsədi daşıyır, biznesdir. Kapitalist şirkətləri virusları ona görə yaradırlar ki, sonradan peyvənd istehsal edib, satsınlar. Bu, utancverici davranışdır”.
Müəmmər Qəddafiyə kimin necə münasibət bəsləməsindən asılı olmayaraq, onun BMT Baş Assambleyasındakı çıxışından gətirdiyim iqtibas bu günümüzün reallıqlarını da ortaya qoyur. İki ildən çoxdur ki, günümüzü “göy əskiyə” bükən koronavirus pandemiyası və pandemiya dövründə baş verən proseslər sübuta yetirdi ki, BMT və onun müvafiq təsisatları qlobal biznes və maliyyə şəbəkəsinin maraqlarının qarşısında acizdir, qlobal maliyyə dələduzları milli dövlətləri, dəyərləri, milli dövlətlərə və dövlətlərarası münasibətlərə xas öhdəlik, məsuliyyət, etimad, siyasi etika kimi klassik ənənələri sıradan çıxarır, dünyanı yalnız biznes maraqlarının üstün götürüldüyü nəhəng bir laboratoriyaya çevirir. Bütün bu düzənin pozulması və yenisinin yaranması üçün isə ya təbii geosiyasi qarşıdurmalar nəticəsində meydana gələn, ya da stimullaşdırılan və dünyanı silkələyə, yeni çağırışlarla qarşı-qarşıya qoya biləcək savaşa ehtiyac duyulurdu. Daha öncə də qeyd etdiyim kimi, qlobal təhlükəsizlik mexanizmlərinin çökməsi və yenisinin yaranması üçün müharibələr, təəssüf ki, qaçılmazdır”. 

Siyasi şərhçi bildirdi ki, Ukraynada baş verən müharibə, yaxın zaman kəsiyində olmasa da, müəyyən vaxtdan sonra hərbi-siyasi alyans və təşkilatların, yalnız sənəd üzərində qalmış təhlükəsizlik müxanizmlərinin tamamilə sıradan çıxmasına və yenisinin yaranmasına gətirib çıxara bilər: “Bu istiqamətdə səylər, artıq bir neçə müddətdir ki, nəzərə çarpır. BMT və onun Təhlükəsizlik Şurası da, çox güman ki, indiki statusda və çərçivədə olmayacaq”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR