İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bizim müharibə yarımçıq qalıb”

Məşhur britaniyalıdan yeni müharibə xəbərdarlığı və Sülhəddin Əkbərin ilginc şərhi

Qafqaz üzrə nüfuzlu britaniyalı ekspert, Qarabağ münaqişəsinə dair “Qara bağ” kitabının müəllifi Tomas de Val əmindir ki, region üçüncü Qarabağ müharibəsi astanasındadır. Tomas de Valın sözlərinə görə, son aylarda daha da kəskinləşən ziddiyyətlərin dolaşıqlığına tezliklə cavablar bəlli olacaq.

Mövcud vəziyyətin analitik icmalında o, müharibənin çox güman ki, artıq qaçılmaz olduğu fikrini müxtəlif variasiyalarda təkrarlayır: “Qarabağda yeni müharibə təhlükəsi hələ də var. Bakıda açıq şəkildə deyirlər ki, "separatçıları tərk-silah etmək üçün hərbi əməliyyat keçirmək zamanın işidir". Söhbət hələ də Qarabağda qalan erməni silahlı birləşmələrinin “demilitarizasiyasından” gedir... 2020-ci il Qarabağ müharibəsi Azərbaycanın aşkar qələbəsi ilə başa çatıb, lakin münaqişəyə son qoymayıb... Yeni müharibə təhlükəsi real olaraq qalır... Qarabağ ətrafında gərginlik artır... Yeni müharibə təhlükəsi hələ də havadadır".

Tomas de Vaal — Vikipediya

Tomas de Vall deyib ki, heç bir erməni lideri Qarabağ ermənilərinə xəyanət kimi qəbul edilə bilən belə bir sülh müqaviləsini imzalamaz: “Ermənistan hakimiyyətinin fikrincə, indi söhbət artıq suverenlikdən yox, Qarabağ ermənilərinin "hüquqları və təhlükəsizliyindən" və beynəlxalq təminatlardan gedir. Erməni rəsmilərindən biri mənimlə söhbətində belə bir fikir bildirdi ki, Azərbaycan bu cür öhdəliklər götürməsə, “sülh müqaviləsi müharibə müqaviləsinə çevrilə bilər”. Lakin Azərbaycan rəsmisi mənə bildirdi ki, Bakı güzəştə getməyə meylli deyil: “Güclər nisbəti dəyişib, ermənilər bunu başa düşməlidir”.

Ekspert onu da deyib ki, Azərbaycan jest etməyi düşünmür: “Onun nöqteyi-nəzərindən ölkə onilliklər ərzində ermənilər tərəfindən alçaldılıb. Axı onlar nəinki 1990-cı illərin əvvəllərindəki müharibədə qalib gəliblər, həm də Azərbaycanın Qarabağa bitişik daha 7 rayonunu tamamilə və ya qismən işğal ediblər. Yarım milyondan çox azərbaycanlı bu bölgələrdən qaçmaq məcburiyyətində qalıb... 2020-2021-ci illərdə Azərbaycan 1990-cı illərdə itirdiyi ərazilərin əhəmiyyətli bir hissəsinə nəzarəti bərpa edəndə məlum oldu ki, ermənilər təkcə bu torpaqları deyil, sistemli şəkildə oradakı bütün şəhər və kəndləri dağıdıb, yaşayış üçün yararsız hala salıblar”. Qeyd edək ki, Tomas de Val regionu və münaqişənin tarixini yaxşı bilən ekspertdir. 

Sülhəddin Əkbər: “Heç bir panika olmayacaq, sadəcə ayıq-sayıq olmaq  lazımdır”

Sülhəddin Əkbər 

Məsələ ilə bağlı “Yeni Müsavat”a şərhində Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər bildirdi ki, əslində müharibə başa çatmayıb: “Müharibəyə səbəb ola biləcək üç problem var. Biri Qarabağın hələlik nəzarətimiz üzərində olmayan hissəsində suverenlyimizi bərpa etmək üçün, biri Zəngəzur dəhlizinin açılması üçün, biri isə Cənubi Azərbaycan-İran məsələsi ilə bağlı. Bu üç problem müharibə səbəbi ola biləcək problemdir. Amma bu o demək deyil ki, mütləq hər üçü ilə bağlı müharibə olacaq. Müharibə deyəndə baxır, nəyi nəzərdə tuturuq. Lokal toqquşmalar ola bilər, hətta qısa müddətli müharibə də ola bilər. Lakin bu o demək deyil ki, bütün potensiallar mütləq real olacaq. Ola bilər ki, Qarabağda lokal müharibə başlasın, sonra o Ermənistan-Azərbaycan müharibəsinə, sonra isə regional müharibəyə çevrilsin və bütün regiona yayılsın. Nəzəri cəhətdən bu mümkündür. Amma yaxın tariximiz, hadisələrin gedişi, yaxın perspektiv onu göstərir ki, Azərbaycan əgər strateji səhvə yol verməsə, yaxınlarda yaranacaq fürsət pəncərəsini yaxşı dəyərləndirsə, məsələni kökündən ən qısa zamanda həll eləyə bilər. Mən bu barədə yaxınlarda təkliflər paketi ilə çıxış etmişəm. Azərbaycan hansı addımlar atmalıdır ki, 48-72 saatda məsələni tam və qəti həll eləyə bilsin. Təkliflər paketində bu əksini tapır”.

S.Əkbərin fikrincə, Azərbaycan elə siyasət yürüdə bilər ki, müharibə olmadan da məsələ həll olunar: “Müharibə qısamüddətli ola bilər. Yaxud da kəşfiyyat müharibəsi ola bilər, ya da hərbi xüsusi təhlükəsizlik xarakterli nöqtə zərbələri ola bilər. Bunlar barədə də təkliflər paketində yazmışam. Bu məsələnin həlli müharibə tələb edir. Bizim müharibə yarımçıq qalıb. Yarımçıq müharibədən tam siyasi nəticə gözləmək qeyri-ciddi olar. Tam siyasi qələbə üçün tam hərbi qələbə lazımdır. Biz istəyiriksə Qarabağ məsələsini tam köklü həll edək bizə tam hərbi qələbə lazımdır. Ruslar bizim tam hərbi qələbənin qarşısını alıblar və özləri bu məqsədlə Qarabağda yerləşiblər.

Ukrayna Silahlı Qüvvələri Rusiya ilə müharibədə tam yarma hərəkatını başa vuranda bizim üçün fürsət yaranacaq. İndi bilirsiniz ki, birinci xətt yarılıb. İkinci və üçüncü xəttin üzərində iş gedir. Onlar da yarılanda Azərbaycan son qəti həmləsini etməlidir.

Azərbaycanda çoxları elə bilir ki, zaman daim xeyrimizə işləyir. Bu gün zaman bizim xeyrimizə işləyir, amma bəlli bir nöqtəyə qədər işləyəcək. Bir nöqtəyə çatdıqdan sonra əleyhimizə dönə bilər. Erməni siyasi-diplomatik fəaliyyətinin getdikcə necə vüsət aldığını görürsünüz. Proses onlara daha ciddi dəstəyin başlaması fazasına keçə bilər hansısa nöqtədə. Ona görə də Azərbaycan elə bir anda, son həmləsini etməlidir ki, ruslar müqavimət göstərə bilməsin, Qərb isə müdaxilə etməyə macal tapmasın.  Bu da qeyd etdiyim kimi, Ukraynanın yarma hərəkatının ikinci-üçüncü xətti də ələ alması zamanı yaranacaq. Bu an sentyabr ayında yarana bilər. Azərbaycan bu anı mütləq əldən verməməlidir".

S.Əkbərin sözlərinə görə, biz oturub gözləsək ki, ermənilər öz-özlərinə Azərbaycana reiteqrasiya olacaqlar və Ermənistan öz-özünə sülh sazişinə imza atacaq, bu, vaxtı boşuna keçirmək olar: “Bu iki məsələ heç vaxt könüllü olmayacaq. Erməniləri buna əlverişli andan istifadə edib məcbur etməliyik. Bunu etməsək, getdikcə ermənilər, separatçılar və Ermənistanı müdafiə edən qüvvələr özlərinə gəlməyə başlayacaqlar. Zamanı buraxsaq, bizim üçün çox ağır nəticələri ola bilər. Əlimizdə olan gücdən zamanında və məqsədyönlü istifadə etməliyik. Bu, qızıl qaydadır. Bu qaydaya əməl etmədikdə zaman əldən verilmiş olur və həmin zamanı bir daha yaxalamaq bəzən mümkün olmur”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat” 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR