İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bizi kim qoruyacaq...” - Yolayrıcında qalan Ermənistan panika içində

Şəhla Cəlilzadə: “Hər iki halda Azərbaycan qalib tərəfdir”

“Ermənistanla Rusiya arasında gərginlik artıq ictimai xarakter alıb, bu da Ermənistanla İran arasında münasibətlərin pisləşməsinə səbəb ola bilər”.

Bu fikirləri erməni politoloq Stepan Danielyan bildirib. Onun sözlərinə görə, bu, yalnız “gərginliklə” bitə bilməz. “Tutaq ki, bir neçə gündən sonra ABŞ-da keçirilən seçkilərdə Respublikaçılar Partiyası Konqresin yuxarı və aşağı palatalarına nəzarət etməyə başlayacaqlar. Nəticədə prezidentin təsir imkanları iflic olacaq. Sonra Ukraynaya yardım xərclərinin qanuniliyini araşdırmağa başlayacaqlar, ya da deyək ki, Baydenin impiçmenti başlanacaq və ABŞ ölkədaxili problemlərə qərq olacaq. Ermənistanı kim müdafiə edəcək və bölgəmizdə nələr baş verə bilər?”.

Xatırladaq ki, noyabrın 8-də ABŞ Konqresinin aşağı palatası, yəni Nümayəndələr Palatası tamamilə, Senatın isə (yuxarı palata) üzvlərinin üçdə biri aralıq seçkilər nəticəsində təzələnəcək. Respublıkaçıların bu seçkilərdə qalib gələrək Nümayəndələr Palatasında, ümumən Konqresdə üstünlüyü ələ alacağı gözlənilir. “Nensi nənə”nin də dövranı bitir.

Ermənistana isə bir qayda olaraq demokratlar daha çox arxa-dayaq durublar. Elə indiki demokrat prezident Co Bayden Azərbaycan əleyhinə bədnam “907-ci düzəliş”in müəlliflərindən biridir. Bu yaxınlarda isə o, “Dağlıq Qarabağ xalqı” ifadəsini işlətmişdi. Odur ki, həm Rusiyanın, həm də Qərbin maşası olmağa çalışan, lakin heç birindən umduğu dəstəyi hələ ki, ala bilməyən hayların artan panikası əsassız deyil.

Bu xüsusda ABŞ Konqresinə aralıq seçkilərin Ukrayna ilə yanaşı Güney Qafqaza, sülh prosesinə hansı təsirləri ola bilər? Bakı ilə İrəvan arasında Qərbin patronajlığı ilə aparılan sülh danışıqlarının ləngiməsi və ya sürətlənməsi mümkünmü?

Bağlıdır Avropa Birliyinin qapısı üzümüzə...”- Tiflisin suçu...

 Şəhla Cəlilzadə

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə Ermənistanı narahat edən bir vacib nüansa diqqət çəkdi: “Exit-poll nəticələri göstərir ki, böyük ehtimalla ABŞ-da 8 noyabr seçkilərinin nəticəsində Respublikaçılar Nümayəndələr Palatasında çoxluğu ələ alacaq, Senatda isə Respublikaçılar ilə Demokratlar yarıbayarı təmsil olunacaqlar. Hətta 2024-cü il Trampın prezident postuna geri qayıdacağı da ehtimal daxilindədir. Onu da qeyd edim ki, biz Qarabağı məhz Respublikaçı Trampın dövründə işğaldan azad etmişik. 2021-ci ilin yanvarında hakimiyyət postuna yiyələnən Demokrat Bayden və onun komandası isə, başda Pelosi olmaqla, erməni üzlərini açıq şəkildə göstəriblər. Odur ki, 8 noyabrda Respublikaçılar qalib gələrsə, bumeranqın geri dönəcəyi təxmin edilə bilər. Ermənistanı da narahat edən məqam məhz budur.

Hətta Ukraynanın Xarici İşlər Naziri Dmitro Kuleba Respublikaçılar qələbə qazanarsa, ABŞ-ın Ukraynaya hərbi yardımlarının kəsilməsindən, yaxud azalmasından narahatlığını açıq şəkildə bəyan edib. Belə ki, bu yaxınlarda Nümayəndələr Palatasının hazırda müxalifətdə olan azlıqlar qrupunun lideri Respublikaçı deputat Kevin McCarthy müsahibələrin birində bildirib ki, ABŞ iqtisadiyyatının tənəzzül dövrünü yaşadığı bir zamanda Respublikaçıların Ukrayna üçün havayı çek kəsmək niyyəti yoxdur. Məhz həmin McCarthy Vətən müharibəmiz dövründə ermənipərəst deputatlardan fərqli olaraq Ermənistan-Azərbaycan arasında sülh çağırışları edirdi.

Respublikaçıları daha çox iqtisadi-siyasi maraqların təmin olunması cəzb edir, demokratlar isə daha çox öz dəyərlərinə sadiq tərəflərlə əməkdaşlığa üstünlük verirlər. Odur ki, Respublikaçıların həm Ermənistanda, həm də Azərbaycanda təsir rıçaqlarını qorumaq istəyəcəyi, beləliklə bu ilin sonunadək Ermənistan-Azərbaycan arasında sülh müqaviləsinin imzalanacağını dəstəkləyəcəkləri ehtimal olunur. Sülh müqaviləsinin ABŞ versiyası Qarabağı Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tanıyır, lakin Zəngəzur dəhlizi ilə bağlı məsələni Ermənistanın maraqları çərçivəsində həll edir. Bundan fərqli olaraq, sülh müqaviləsinin Rusiya versiyası Qarabağda de-fakto mövcud rejimi, rus sülhməramlıların bölgədə varlığını təmin edən status-kvonu qoruyur, lakin Azərbaycanın inadla tələb etdiyi Zəngəzur dəhlizi məsələsində ümid verir. Çünki bu dəhlizin açılması Avropaya Ukrayna üzərindən gedən marşrutları zədələnən Rusiyanın da maraqlarına cavab verir. Həmçinin Rusiya, Cənubi Qafqazda təsir imkanlarını itirmək istəmir. Belə ki, qondarma rejimin varlığı, Vardanyan layihəsi və s. Rusiyaya daim hər iki tərəfə təsir etmə imkanlarını təmin edir".

Şərhçi Paşinyanın çətin anlarına da toxundu: “Ermənistan Baş naziri dilemma qarşısındadır və Paşinyanın gündə bir hava çaldığı, gah sülh müqaviləsinin ABŞ versiyası üzərində razılığa gəlindiyini açıqlaması, Putin tərəfindən səsləndirilən, Azərbaycan cəmiyyəti tərəfindən narahatlıqla qarşılanan ən son fikirlərdən sonra isə, bu gün Rusiya təklifləri əsasında Ermənistan-Azərbaycan münasibətlərini bərpa etməsi və 31 oktyabrda baş tutacaq Soçi görüşündə ortaq razılaşmanın əldə olunacağını vurğulaması, məsələni qəlizləşdirir. Bir sözlə, Cənubi Qafqazda təsir uğrunda Qərb-Rusiya mübarizəsi gedir, lakin hər iki halda Azərbaycan qalib tərəfdir. Odur ki, ilin sonunadək sülh müqaviləsinin imzalanacağı, Zəngəzur dəhlizinin açılacağı, bununla yanaşı zaman içərisində Qarabağ erməniləri üzərində Azərbaycanın legitim hakimiyyətinin bərpasını gözləyək”.

Akif Nağı: “Əsas meyar din deyil, milliyətçilikdir”

Akif Nağı: “Yaxın vaxtlarda sülh danışıqlarına müəyyən impulsların veriləcəyinə inanmaq olar”

Azad Vətən Partiyasının sədri Akif Nağı Qarabağ məsələsində maraqlı olan bütün güclərin fəallaşdığını qeyd etdi: “ABŞ Azərbaycanla Ermənistan arasında sülh danışıqlarında kifayət qədər fəallaşıb. Onların təklif etdiyi variantda Azərbaycanın maraqları əsasən nəzərə alınır, amma ordakı ermənilərin ”təhlükəsizlik" məsələsinin qabardılması, “mülki missiya”, “danışıqların davam etdirilməsi” kimi mövqelər reallığı əks etdirmir və ermənipərəstlik kimi dəyərləndirilə bilər. Bayden Administrasiyasının, “Nensi nənə”nin fəaliyyəti təbii ki, bizi qane edə bilməzdi. Aralıq seçkilərindən sonra hansı vəziyyət yaranacaq, necə olacaq, bunu proqnozlaşdırmaq çətindir. Hər halda demokratların mövqeyinin zəifləməsindən yararlana bilərik.

Respublikaçılar da bizə qarşı rəğbəti ilə seçilməyib, “907-ci düzəliş” onların vaxtında qəbul olunmuşdu. Biz bu iki partiyadan hansının mövqeyinin möhkəmlənməsindən deyil, onların arasında ixtilafların daha çox dərinləşməsindən yararlana bilərik. Aralıq seçkilərindən sonra bu ixtilaf dərinləşə bilər. Əgər respublikaçılar Nümayəndələr Palatasında əksəriyyəti götürə bilsələr, onların Bayden administarsiyasına təzyiqləri bizim üçün sərfəli şərait yarada bilər. İndi Qərbin patronajlığı ilə aparılan danışıqlar ABŞ-dan daha çox Avropa İttifaqının nəzarətindədir. ABŞ-da Baydenin mövqeyinin zəifləməsi Avropa İttifaqı və Şarl Mişelin daha fəal olmasına şərait yarada bilər. Bu baxımdan yaxın vaxtlarda sülh danışıqlarına müəyyən impulsların veriləcəyinə inanmaq olar. Rusiya da bu perspektivi nəzərə alaraq fəallaşır, öz variantının üstün olduğu təsəvvürü yaratmağa çalışır".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR