Onlayn ictimai-siyasi qəzet
Ekspert: “Hökumətin inflyasiya proqnozlarının hazırkı şəraitdə özünü doğrultma ehtimalı 50 faizin altındadır”
2025-ci ilin mart ayında Azərbaycanda illik inflyasiya 5,9 faizə yüksəlib. “Yeni Müsavat” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2024-cü ilin mart ayına nisbətən qida məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 6,5 faiz, qeyri-qida məhsullarının qiymətləri 2,8 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlərin dəyəri isə 7,5 faiz artıb.
2025-ci ilin mart ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,6 faiz, yanvar-mart aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,6 faiz yüksəlib.
Ötən ay qida məhsulları, içkilər və tütün məmulatlarının qiymətində əvvəlki aya nisbətən 1,2 faiz, ötən ilin eyni ayına nisbətən 6,5 faiz, yanvar-mart aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,7 faiz bahalaşma qeydə alınıb. Bu zaman ərzaq məhsulları fevralla müqayisədə 1,2 faiz, 2024-cü ilin martına nəzərən 6,7 faiz, birinci rübdə əvvəlki ilin eyni dövrünə nəzərən 6 faiz bahalaşıb. Aylıq ifadədə ən çox bahalaşma meyvələrdə - 3,8 faiz və tərəvəzlərdə - 3,9 faiz qeydə alınıb.
Cari ilin mart ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox bahalaşma balıq və balıq məhsullarının, süd və süd məhsullarının, süfrə marqarininin, kərə, günəbaxan və qarğıdalı yağlarının, limonun, portağalın, bananın, almanın, armudun, kivinin, qozun, fındığın, kələmin, brokkolinin, pomidorun, şirin bibərin, badımcanın, süfrə çuğundurunun, yerkökünün, sarımsağın, soğanın, kartofun, qəhvənin, kakaonun, qazlı və qazsız suların, siqaretin, ucuzlaşma isə unun, yumurtanın, göyərtinin, xiyarın qiymətlərində müşahidə olunub.
Hesabat dövründə qeyri-qida məhsullarının qiymətləri əvvəlki aya nisbətən 0,1 faiz, əvvəlki ilin eynin dövrü ilə müqayisədə 2,8 faiz, yanvar-mart aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,7 faiz bahalaşıb. Mart ayında əvvəlki ayla müqayisədə qeyri-qida məhsullarından bahalaşma kərpicin, sementin, ortopedik döşəklərin, mebellərin, zərgərlik məmulatlarının, ucuzlaşma isə məişət cihazlarının, mobil telefonların, televizorların qiymətlərində müşahidə olunub.
Ödənişli xidmətlərin dəyəri mart ayında fevral ayı ilə müqayisədə 0,2 faiz, əvvəlki ilin eyni ayına nəzərən 7,5 faiz, yanvar-martda 2024-cü ilin eyni dövrünə görə isə 7,8 faiz artıb.
Rəsmi statistikadan aydın olur ki, fevral ayı ilə müqayisədə mart ayında Azərbaycanda inflyasiya ciddi şəkildə sürətlənib. Belə ki, fevralda illik inflyasiya 5,5 faiz olmuşdu, bu isə martda bahalaşma prosesinin 0,4 faiz bəndi sürətləndiyini göstərir. Bu zaman daha çox bahalaşma ərzaq məhsullarında qeydə alınıb. Fevralda illik göstərici 6 faiz olmuşdusa, martda bu, 6,5 faizə çatıb. Halbuki qlobal bazarlardakı qiymət dəyişikliyini əks etdirən BMT Kənd Təsərrüfatı və Ərzaq Təşkilatının hesabladığı ərzaq qiymətləri indeksi fevralla müqayisədə demək olar ki, dəyişməz qalıb.
Son 2 həftədə bir sıra beynəlxalq qurumların bu il Azərbaycanda gözlənilən inflyasiya səviyyəsi ilə bağlı proqnozlarına artım istiqamətli dəyişikliklər edilib. Belə ki, Beynəlxalq Valyuta Fondu (IMF) Azərbaycanda inflyasiyanın 2025-2029-cu illərdə Mərkəzi Bankın hədəf diapozununda (4±2 faiz) qalacağını proqnozlaşdırıb. Lakin Fond 2025-ci il üzrə Azərbaycanda inflyasiyanın 5,7 faiz, 2026-cı ildə 4,5 faiz, 2027-2029-cu illərdə isə 4 faiz təşkil edəcəyini gözləyir. Bu isə o deməkdir ki, Fond 2025-ci il üzrə proqnozunu əvvəlki proqnozla (2024,oktyabr) müqayisədə 0,7 faiz bəndi artırıb.
IMF inflyasiyanın AMB-nin hədəf diapazonunda sabit qalacağı proqnozlaşdırıldığından monetar siyasəti sabit saxlamağı tövsiyə edib: “Son dövrlərdə inflyasiyanın artımı, tənzimlənən qiymətlərdəki düzəlişi bir qədər əks etdirir. Hazırkı və proqnozlaşdırılan inflyasiyanı nəzərə alaraq, AMB-nin uçot dərəcəsi real mənada ümumilikdə neytral olaraq qalır. Lakin həm daxili (büdcə xərclərinin artması və güclü kredit artımından irəliləyən tələbat təzyiqləri), həm də xarici (geosiyasi gərginliklər, qlobal təchizat zəncirlərinin pozulması) inflyasiya riskləri mövcuddur. Mərkəzi Bank bu riskləri yaxından izləməli, diqqətli olmalı və bu risklər reallaşarsa, reaksiya verməyə hazır olmalıdır".
Asiya İnkişaf Bankı (ADB) da Azərbaycan üzrə inflyasiya proqnozunu 0,4 faiz bəndi artırıb. Belə ki, ADB 2025-ci il üçün orta illik inflyasiya proqnozunu 4,2 faiz səviyyəsinə qaldırıb, 2026-cı il üzrə isə 3,5 faiz müəyyən edib: "2024-cü ilin iyun ayında tənzimlənən yanacaq qiymətlərinin artırılması digər daxili qiymətlərə də təsir göstərməyə davam edir. Bundan əlavə, 2025-ci ilin yanvar ayında su, elektrik enerjisi və bəzi digər kommunal xidmətlərin tarifləri artırılıb ki, bu da inflyasiya təzyiqlərini gücləndirib. İnflyasiyanı 2–6 faiz hədəf diapazonunda saxlamaq üçün Mərkəzi Bank 2024-cü ilin may ayından bəri faiz dərəcəsini 7.25 faiz səviyyəsində sabit saxlayır.
2025-ci ildə qlobal tarif dəyişikliklərinin mümkün təsirləri nəticəsində idxal qiymətlərinin artması inflyasiyanın yüksəlməsinə səbəb ola bilər. 2026-cı ildə isə daha zəif iqtisadi artım və əvvəlki inzibati qiymət artımlarının təsirinin azalması inflyasiya səviyyəsinin enməsinə gətirib çıxara bilər"(APA).
Qeyd edək ki, Azərbaycanda bu il gözlənilən inflyasiya səviyyəsinə dair çoxsaylı proqnozlar bir-birindən ciddi şəkildə fərqlənməkdədir. Xüsusilə bu sahədə müxtəlif beynəlxalq təşkilatlar fərqli proqnozlar irəli sürür. İMF və ADB-dən əlavə, bir sıra digər analitik mərkəzlərin proqnozları da bir-birindən fərqlidir. Belə ki, "Fitch Solutions” (FS) şirkətinin hesabatına əsasən 2025-ci ildə Azərbaycanda inflyasiya 4,52 faiz təşkil edəcək. Birgə dərc edilən hesabatda “Bloomberg Consensus” isə Azərbaycanda bu il inflyasiyanı 5,05 faiz proqnozlaşdırıb.
Niderlandın ən böyük bank qrupu olan "ING Group" Azərbaycanda orta illik inflyasiyanın 2025-ci ildə 5,2 faiz, 2026-cı ildə isə 4,9 faiz təşkil edəcəyini gözləyir.
BMT və Dünya Bankı Azərbaycanda inflyasiyanın daha aşağı olacağını proqnozlaşdırır. BMT 2025-ci il üçün inflyasiyanın 3,6 faiz, 2026-cı il üçün isə 3,1 faiz olacağını təxmin edir. Dünya Bankı hər iki il üçün inflyasiyanı 2,3 faizsəviyyəsində qiymətləndirir.
Beynəlxalq reytinq agentlikləri, xüsusən də “S&P Global” və “Moody's” Azərbaycanda inflyasiyanın 2025-ci ildə 4 faiz, 2026-cı ildə isə 3 faiz səviyyəsində olacağını gözləyirlər.
Azərbaycan hökumətinin təqdim etdiyi proqnozlar yerli bazarda inflyasiyanın müəyyən dərəcədə tənzimlənəcəyini və dövlətin iqtisadi siyasətlərinin inflyasiya səviyyəsini sabit tutmağa kömək edəcəyinə əsaslanır. Belə ki, İqtisadiyyat Nazirliyi 2025-ci ildə inflyasiyanın 4,6 faiz olacağını proqnozlaşdırır. Azərbaycan Mərkəzi Bankı isə bu göstəricini 5,5 faiz səviyyəsində təxmin edir. Hər iki qurum ölkə iqtisadiyyatının stabilləşməsini və müəyyən iqtisadi siyasətlərin tətbiqini nəzərə alaraq inflyasiyanın artımının nisbətən mülayim olacağı qənaətinə gəliblər. Lakin hər iki proqnoz ABŞ-ın yeni administrasiyasının tarif siyasətini reallaşdırmağa başlamasından əvvəl hazırlandığı üçün Mərkəzi Bankın uçot dərəcəsi ilə bağlı növbəti qərarını elan edərkən inflyasiya gözləntilərinə dəyişiklik edəcəyi ehtimalı böyükdür. Belə ki, hazırda Azərbaycanda inflyasiyaya təsir göstərəcək əsas amillər – xarici faktorlar ciddi risklər formalaşdırır. Donald Trampın aprelin əvvəlindən rüsumlarla bağlı qərarları, həmçinin OPEK+ ölkələrinin hasilatı artırmaq tempini kəskin sürətləndirmək qərarı dünya neft bazarında qiymətlərin 62-63 dollar həddinə düşüb. O cümlədən Azərbaycan neftinin qiyməti büdcədə nəzərdə tutulan 70 dollarlıq həddən 5 dollara aşağıya enib. Bundan əlavə, ölkənin ikinci ən böyük ixrac məhsulu olan təbii qazın əsas satış bazarında – Avropada yanvardan bəri ən aşağı səviyyəyə - 400 dolla civarına qədər azalıb. Neft-qaz bazarı hazırda ABŞ-la Çin arasında getdikcə alovlanan tarif-ticarət müharibəsinin sonuncunun iqtisadiyyatına gözlənilən mənfi təsirləri altındadır. Belə ki, Trampın tətbiq etdiyi 125 faizlik rüsumlar ABŞ-a ildə 600-700 milyard dollarlıq mal ixrac edən Çin üçün böyük problemlər yarada bilər. Qısa müddətdə bu qədər malın digər bazarlara yönəldilməsi qeyri-mümkün olduğuna görə Çində istehsalın zəifləməsi, sonda isə ölkənin istehlak tələbinin azalması qaçılmaz görünür. Ən böyük istehlakçı olan Çində tələbin azalması isə dünya xammal bazarlarında qiymətlərin sürətli enişinə gətirəcək ən ciddi amildir.
Eyni səbəbdən İqtisadiyyat Nazirliyinin də may-iyun aylarında proqnozuna dəyişiklik etməsi gözləniləndir.
İqtisadçı Eldəniz Əmirovun Musavat.com-a dediyinə görə, beynəlxalq qurumların müxtəlif ölkələrin iqtisadi artım göstəricilərinə dair proqnozları il ərzində dəyişdirilir: “Bu, bir ənənədir. Rüblər üzrə proseslər analiz olunaraq proqnozlar yenilənir. Ona görə ki, proqnozlar adətən əvvəlki dövrün göstəriciləri nəzərə alınmaqla hazırlanır. Bu zaman çoxsaylı faktorlar: ölkələrdəki investisiya mühiti, xərcləmələr, siyasətlər modelləşdirilməklə analiz edilir, alqoritmlər vasitəsilə növbəti dövr üçün proqnozlar verilir. Bu baxımdan, aprel-iyun ayları ərzində Donald Trampın hansı qərarları alacağını, bazarların ona hansı reaksiyaları verəcəyini tamamilə düzgün hesablayıb hansısa real proqnoz vermək çox çətindir”.
Ekspertə görə, proqnozlaşdırma aparan qurumların Azərbaycanla bağlı proqnozları dövlət sifarişlərinin həcmi, investisiya mühiti, neft sektoruna yatırılan investisiyalar, neft hasilatı həcmlərində sabitliyin saxlanması imkanları, nəhayət, rəsmi qurumların məlumatları, yerli ekspertlərin fikirləri nəzərə alınmaqla hazırlanır: “Ümumiyyətlə, ölkəmizdə inflyasiya proseslərinə ən böyük təsir göstərən iki mühüm faktoru xüsusi qeyd etmək olar. Bunlardan birincisi idxal, ikincisi isə rəqabətdir. Əlavə olaraq, ölkəyə daxil olan neft gəlirlərinin həcmi, onların məcmu tələbə təsiri kimi amillər də var. İdxal inflyasiyasının payı həmişə yüksəkdir. Bu, yerli amillərin də inflyasiyanın artmasına təsirini gücləndirir”.
E.Əmirov hesab edir ki, hökumətin inflyasiya proqnozlarının hazırkı şəraitdə özünü doğrultma ehtimalı 50 faizin altındadır: “Xarici faktorların inflyasiyaya artım istiqamətində təsirləri çox güclənib”.
Dünya SAKİT,
Musavat.com
18 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ