İnsanlara hürriyət, millətlərə istiqlal!

"Biz ara-sıra toqquşmalarda qurbanları ona görə verdik ki..." - ŞOK FAKTLAR

"Vətən müharibəsində 3 min şəhid verən Azərbaycanın itkiləri mürəkkəb coğrafi relyefdə, silsilə müdafiə xəttinin mövcudluğu şəraitində hərbi nöqteyi-nəzərdən minimal itki hesab olunur. Nəzərə alınsa ki, hücumda olan ordu müdafiədə olan ordudan daha çox itki verir və müdafiədə olan Ermənistan ordusu iki dəfədən çox hərbçi itirib, bütün texnikası məhv edilib, Azərbaycanın qələbəsinin hərb tarixinə möhtəşəm qələbə kimi düşməsi danılmaz faktdır".

Musavat.com xəbər verir ki, bu fikirləri hərbi ekspert Ədalət Verdiyev bildirib.

edalet.jpg (248 KB)

O qeyd edib ki, 2023-cü il sentyabrın 20-də həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri heç də 3-5 erməni qulduruna qarşı deyil, müasir texnika, silah-sursata malik, şəxsi heyəti minlərlə ölçülən, döyüş təcrübəsi olan Ermənistan silahlı qüvvələrinin birləşmələrinə qarşı həyata keçirildi:

"Üstəlik, onlar uzun illərdir əlverişli müdafiə xətti qurmuşdular və yüksəklilərdə yerləşərək üstün mövqelərə malik idilər. Belə bir şəraitdə Azərbaycan Silahlı Qüvvələri cəmi 23 saat 58 dəqiqəyə onları ağ bayraq qaldırmağa məcbur etdi. Üstəlik, yenə də tədbirlərin miqyası və mahiyyəti etibarilə verilən itkilər çox azdır.

Əlbəttə, neçə hərbçimizin şəhid olmasından asılı olmayaraq, bu, bizim ürəyimizi ağrıdır. Heç bir ana, ata, bacı və qardaş, həyat yoldaşı, uşaq gözü yaşlı qalmalı deyil. Amma zaman var idi, biz millət kimi yox olmağa, bütün sərvətimizi verməyə hazır idik ki, işğal altında olan ərazilərimizi, Qarabağı, Xocalını, Xocavəndi, Xankəndini qaytaraq. Bu, bizim bir millət kimi mövcudluğumuz məsələsi idi.

Biz 90-cı illərdə 30 min qurban verdik, torpaqlarımız da getdi, milli mənliyimiz də tapdalandı. Hər dəfə ermənilərin bizim əsgərlərə necə işgəncə verməsi kadrlarını görəndə, qız-gəlinlərimizin erməni əsirliyində qalması və hansı faciələr yaşaması barədə oxuyanda sadəcə yaşadığımıza görə utandıq.

1992-ci ilin yanvarında Daşaltı əməliyyatında yüzlərlə hərbçimizi itirdik, amma heç nəyə nail olmadıq. İndi isə ən az itki ilə Qarabağın ermənilər yaşayan ərazisini bir günə nəzarətə götürdük. 2020-ci ilin noyabrında müharibə bitdikdən sonra ötən 3 il ərzində biz Ermınistanı sərhədlərimizdə möhkəmlənməyə qoymadıq, o tərəfdə bütün sərhəd boyu yüksəklikləri nəzarətə götürdük, Ermənistandan Qarabağa silah-sursat daşınmasının qarşısını aldıq, ermənilər Qarabağda bir santimetr belə əlavə tranşeya qaza, istehkam qura, möhkəmlənə bilmədilər. Biz ara-sıra toqquşmalarda qurbanları da ona görə verdik ki, düşməni güclənməyə, yeni mövqelər əldə etməyə qoymayaq. Sentyabrın 20-də həyata keçirilmiş antiterror tədbirlərinin uğuru həm 3 il ərzində ordumuzun daha da güclənməsi, həm də yuxarıda sadalanan bütün bu işlərə görə mümkün oldu.

Kim necə düşünür, düşünsün, amma həqiqətən də İlham Əliyev nəyi, nə vaxt və necə edəcəyini çox yaxşı bilir.

Torpağı qanla vermişdik, qanla da almalıydıq, aldıq da. Şəhidlərimizi ağlamalıyıq, ağlayırıq da. Amma bu gün göz yaşlarımız 90-cı illərdə aşağılanmış, təhqir edilmiş insanlarımızın göz yaşları deyil, qürur hissi keçirən, başını dik tutan, şəhidlərimizlə, igidlərimizlə fəxr edən xalqımızın göz yaşlarıdır.

Ona görə də niyə itki verdik sualını verməyək, az itki hesabına tariximizdə daha bir parlaq Qələbə səhifəsi açdığımızın əhəmiyyətini dərk etməyə çalışaq".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR