İnsanlara hürriyət, millətlərə istiqlal!

Bir sorğunun şok nəticəsi

Ermənilərin yarısı müharibə, cəmi 3 faizi isə konstitusiya dəyişikliyi istəyir! Bakıdan ermənilərə “Özünüzə gəlin!” xəbərdarlığı

Ermənistanda keçirilən sorğuda respondentlərin 33,3%-i ermənilərin Qarabağa “ləyaqətlə qayıtması” üçün şərait yaradılmalı olduğunu düşünür. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə iyulun 10-da jurnalistlərlə görüşdə “Gallup” beynəlxalq tədqiqat mərkəzinin Ermənistan nümayəndəliyinin direktoru Aram Navasardyan bildirib.

Onun sözlərinə görə, 29,5% hesab edir ki, Ermənistan gələcəkdə Qarabağ məsələsini yenidən gündəmə gətirmək üçün fürsət gözləməlidir. 21,5% Ermənistanın Qarabağ üzərində nəzarətini bərpa etməyə çalışmalı olduğunu bildirib. 10,2% hesab edib ki, Qarabağ səhifəsini başqa problemlərə yol verməmək üçün çevirmək lazımdır. 4,6% isə bu suala cavab verməkdə çətinlik çəkib", - deyə o əlavə edib.

Göründüyü kimi, erməni əhalisinin tən yarısı - 50%-i (29,5 + 21,5) başlarına gələnlərdən hələ də dərs götürməyib, revanşist hisslər və arzularla yaşayır. Yoxsa nə demək “Ermənistan gələcəkdə Qarabağ məsələsini yenidən gündəmə gətirmək üçün fürsət gözləməlidir”, yaxud “Ermənistanın Qarabağ üzərində nəzarətini bərpa etməyə çalışmalıdır”? 

Belə çıxır ki, Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının yer aldığı konstitusiya ilə bağlı keçiriləcək referendum baş tutmaya bilər. Təsadüfi deyil ki, həmin sorğu zamanı rəyi soruşulanların 54,8%-i baş nazir Nikol Paşinyanın işini mənfi qiymətləndirib, cəmi 3 faiz isə konstitusiyanın dəyişdirilməsinin tərəfdarı olduğunu söyləyib. Yəni erməni əhali yenə müharibəmi istəyir?

Yada salaq ki, bu ilin iyununda Azərbaycanda keçirilən analoji sorğu zamanı respondentlərin 84%-i Ermənistanla sülhün tərəfdarı olduğunu bildirmişdi. 

Yusif Bağırzadə prezidentliyə namizəd oldu

Yusif Bağırzadə

Politoloq Yusif Bağırzadə “Yeni Müsavat”a bildirdi ki, sorğunun nəticələri Ermənistanda real vəziyyəti əks etdirir və bu fakt erməni toplumunun revanşist hisslərlə yaşadığının sübutudur: “Bu həm də Azərbaycanın sülh sazişinin imzalanması üçün konstitusiya və digər hüquqi sənədlərdə ölkəmizə qarşı yer alan ərazi iddiaları ilə bağlı müddəaların dəyişdirilməsi tələbində nə qədər haqlı olduğunu göstərir. Əhalinin 51 faizinin Qarabağ məsələsini yenidən gündəmə gətirmək üçün fürsət gözləməli olduğunu, Ermənistanın Qarabağ üzərində nəzarətini bərpa etməyə çalışmalı olduğunu bildirməsi, bunun müqabilində cəmi 3 faiz respondentin konstitusiyanın dəyişdirilməsinin lehinə olması  həqiqətən də Ermənistan üçün acınacaqlı vəziyyətin hökm sürdüyünü deməyə əsas verir. Paşinyan da ictimai rəyin məhz bu yöndə olduğunu nəzərə alaraq konstitusiya dəyişikliyi ilə bağlı məsələni gecikdirir.

Problem ondadır ki, Ermənistan ictimaiyyəti hələ də sülh olmayacağı halda Ermənistanı nəyin gözlədiyinin fərqində deyillər. Sülhün alternativi müharibədir və bizim də daha 30 il müddətinə boş danışıqlara vaxt sərf etmək fikrimiz yoxdur. Başqa sözlə, bizim sülh sazişi olmadan da birtərəfli şəkildə beynəlxalq səviyyədə tanınmış sərhədlərimizdə möhkəmlənmək hüququmuz var. Ermənistanın buna maneçilik törətməsi halında isə bunun acı nəticələri ilə üzləşəcək".

Politoloq vurğuladı ki, Paşinyan hakimiyyəti məhz bu şəkildə maarifləndirmə işi aparmalı və insanlara başa salmalıdır ki, sülh olmadan Ermənistanın Rusiyanın boyunduruğundan qurtulması və bununla da Avropa istiqamətində irəliləməsi mümkün olmayacaq: “Ermənistanda Avropaya inteqrasiya tərəfdarlarının, vizasız gediş-gəliş imkanı əldə etmək istəyənlərin daha çox olduğunu nəzərə alsaq, bu səpkili təbliğat effekt verə bilər. Yox, bu baş verməyəcəksə, yəni Ermənistanda çoxluq yenə konstitusiya dəyişikliyinin əleyhinə olacaqsa, o zaman baş verə biləcəklərin bütün məsuliyyəti Ermənistanın üzərinə düşəcək. Bunu Ermənistan əhalisi də, beynəlxaq təşkilatlar da, tez bir zamanda sülh sazişinin imzalanmasını istəyən beynəlxalq güclər də nəzərə almalıdır”.

Abutalıb Səmədov partiyasını niyə bağladı? – Özü danışdı - GlobalInfo.az

Abutalıb Səmədov

“Alyans” Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov isə bildirdi ki, sülh sazişi ilə bağlı Azərbaycan Prezidenti dövlətimizin mövqeyini qəti şəkildə dəfələrlə ortaya qoyub: “Konstitusiyada dəyişiklik edilmədən preambuladakı o müddəalar konstitusiyadan çıxarılmadan sülh müqaviləsinin imzalanması mümkün deyil. Çünki Azərbaycana qarşı orada ərazi iddiaları var və Qarabağın Ermənistan ərazisi olduğu iddiası əksini tapır. Ermənistanın arqumenti ondan ibarətdir ki, indiki dövrdə referendum keçirib konstitusiyanı dəyişmək mümkün deyil, çünki əhalinin böyük əksəriyyəti bunun əleyhinə çıxış edir. Bu da reallıqdır. Ancaq bütün hallarda əgər Ermənistan sülh istəyirsə, hakimiyyət əhalisini başa salmalı və izah eləməlidir ki, referendum, konstitusiyanın dəyişdirilməsi, qonşu dövlətlərə qarşı ərazi iddialarından imtina olunması Ermənistanın dövlət kimi yaşamasının əsas şərtidir. 

O da izah olunmalıdır ki, Azərbaycanla imzalanan sülh sazişi beynəlxalq müqavilə olaraq Ermənistan qanunlarından daha yüksək hüquqi qüvvəyə malikdir, ancaq Ermənistan konstitusiyasından yüksəkdə deyil və Konstitusiya Məhkəməsi bu müqavilə parlamentdə təsdiq olunarkən rəy verməlidir. Konstitusiya Məhkəməsinin rəyi belə olacaq ki, müqavilə konstitusiyaya uyğun deyil. Uyğun deyilsə, onda referendum keçirilib konstitusiyada dəyişiklik edilməlidir. Yəni ya əvvəl dəyişdirilməlidir, yaxud sülh sazişi imzalanandan sonra dəyişdirilməlidir. Əks halda, sülh müqaviləsini parlamentdə təsdiq etmək mümkün olmayacaq. 

Bunu xalqa başa salmaq rəsmi İrəvanın üzərinə düşür. Azərbaycanın bəzi müxalifət qurumlarına da bunu başa salsalar pis olmaz. Biz deyəndə onlar başa düşmürlər, bəlkə Nikol Paşinyan deyəndə başa düşdülər. Erməni xalqı başa düşməlidir ki, qonşu dövlətlərə ərazi iddiaları ana qanundan çıxarılmadan sülhə getmək mümkünsüzdür. Bu səbəbdən Azərbaycan tutduğu qəti mövqedə dayanmalıdır. Qarabağı almaq üçün nə zamansa müharibəyə başlamağın lazım olduğunu hesab edən ermənilər isə Yerablur qəbiristanlığına bir daha gedib nəzər salsalar yaxşı olar. Paşinyanın rəqiblərinin nüfuzu həddən artıq aşağıdır. Bu vəziyyətdə o, xalqı ilə ünsiyyətdə olmalı, ona reallıqları anlatmalıdır".  

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR