Onlayn ictimai-siyasi qəzet
Bütünlüklə bir geosiyasi qütbə proyeksiya olunmamaq, daha çox “geosiyasi ticarət” yapmaq və ölkə üçün daha çox dividendlər əldə etməyə cəhd etmək – bəli, neytral geosiyasətçilər qonşu Gürcüstanda son dövrdə baş verən prosesləri belə izah etməyə çalışırlar. Amma bu cür mülahizələri eşidəndə dərhal sual yaranır: İvanişvili və komandası özləri üçün dividendlər əldə etməyə cəhd edirlər, yoxsa Gürcüstan üçün? Şəxsən bizim bu xüsusda böyük şübhəmiz var: bizə elə gəlir ki, gürcü hakimiyyətinin “boz kardinalı” daha çox öz milyardlarını artırmağın və komandasını daha çox hakimiyyətdə saxlamağın qayğısını çəkir...
Əlbəttə, sual oluna bilər: bu illər ərzində Gürcüstanı Qərblə bağlı məyusluq yaşamağa vadar edən hər hansı detal olmadımı? Təbii ki, Tiflisin NATO-ya və Avropa İttifaqına inteqrasiyası çox çəkdi, amma bu, təkcə Gürcüstana münasibətdə olmadı, eyni problemi Ukrayna və Moldova da yaşadı. Əslində isə Tiflıs Avropa İttifaqına inteqrasiya ilə bağlı bir az ləngisə də, “namizəd dövlət” statusunu bir il gec alsa da bizə elə gəlir ki, o, NATO-ya inteqrasiya məsələsində Kiyevdən və Kişinyovdan bir az irəli getmişdi – Alyansla Gürcüstan arasında o qədər sənəd imzalanmışdı ki, sonuncuya NATO-nun qeyri-folrmal üzvü də deyirdilər. Ərazi bütövlüyünün təmin olunmasına, Abxaziya və Cənubi Osetiya münaqişələrinin həllinə gəldikdə isə, Qərb Gürcüstana bu xüsusda hər hansı söz verməmişdi, amma bu münaqişələr başlayandan Qərb həmişə birmənalı şəkildə Gürcüstanı müdafiə edib, müqayisə üçün deyək ki, onlar Azərbaycana münasibətdə heç vaxt bunu etməyiblər...
Qərbin səhvlərinə gəldikdə isə, qısaca onu deyək ki, Avropa və ümumiyətlə, Qərb bəzi kiçik dövlətlərin və xalqların bu geosiyasi areala inteqrasiya olunmaq üçün hər şeyə hazır olmalarından sui-istifadə etməmilidir. Bilirsiniz, siyasi, iqtisadi və hətta sosial hüquqlar həqiqətən də universaldır, burada “milli velosiped” kəşf etməyə dəyməz, amma mədəniyyətlərdə fərqlər var və Qərbin demokratik dairələri bunu daim nəzərə almalıdırlar. Sözsüz, demokratiya əleyhdarları da milli özünəməxsusluqlarla spekulyasiya etməməli, özlərinin avtoritarizmə sevgilərini, hakimiyyətdə daha çox qalmaq üçün bəzi feodal dəyərləri belə saxlamağa çalışmalarını milli özəlliklərlə bağlamamalıdırlar...
Qayıdaq qonşu Gürcüstana. Belə bir fikir də var ki, Gürcüstanın Qərbdən bir az aralanmasının səbəbi Rusiyanın Ukrayna ilə müharibə başlaması oldu, belə ki, ruslar hətta belə bəyanatlar verməyə başladılar ki, Ukrayndan sonra onların hədəfi Gürcüstan olacaq! Amma ruslar Ukrayna ilə apardıqları müharibəni uğurla bitirə biləcəklərmi? Bu müharibə də əfqan müharibəsi kimi fiasko ilə bitməyəcəkmi? Həm də Gürcüstan – Qərb müansibətlərində ciddi soyuma “xarici agentlər” haqqında qanunun qəbulundan sonra başlandı. Düzdür, buna qədər Gürcüstanın Rusiyaya qarşı sanksiyalara qoşulmaması və Moskvaya qarşı birmənalı münasibət sərgələməməsi də Qərbdə müəyyən narazılıqlar yaratmışdı, amma bunların hər hansı nəticəsi olmamışdı, əksinə Avropa İttifaqı məhz geosiyasi mülahizələri üstün tutaraq Tiflisə “namizəd dövlət” statusu verdi, halbuki o, heç də bütün öhdəliklərini yerinə yetirməmişdi...
İndi İvanişvilinin əsas seçki şüarı və fəlsəfəsi Gürcüstanın ərazi bütövlüyüdür – guya bu adam Abaxaziyanı və Cənubi Osetiyanı qaytaracağına söz verir. Mümkündürmü? Prinsipcə, ola bilər, amma bunun üçün Tifls özünün Qərblə bağlı planlarından bütünlüklə imtina etməlidir. İndiki Gürcüstan hakimiyyəti üçün bu, elə də böyük problem deyil, amma Gürcüstan üçün necə, doğrudanmı, ölkə üçün də bu heç də böyük problem deyil? Doğrusu, bu suala birmənalı cavab verə bilmirik, hər şey bircə həftə sonra, seçkilərdə blinəcək. Regionun tarixində ilk dəfədir ki, bir ölkədəki parlament seçkiləri bütün region üçün bu qədər önəm kəsb edir və bu qədər geosiyasi əhəmiyyətə malikdir. Odur ki, bir az səbr edək, onsuz da bir həftədən sonra hər şey bilinəcəkdir...
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ