İnsanlara hürriyət, millətlərə istiqlal!

Bir gündə iki keçmiş həmsədr Bakıda: sülhə töhfə istəyi, yoxsa...

Kreml Brüsseli əldə olunmuş razılaşmaları “həyasızcasına” öz adına çıxmaqda ittiham edir, belə olan halda üç xüsusi nümayəndənin danışıqlara hansı xeyir verə biləcəyi şübhəlidir

Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi aprelin 25-də Bakıda idi. Azərbaycan Prezidenti İlham Əliyev onu qəbul etdi və görüşdə sərhədlərin delimitasiyası və demarkasiyası, Azərbaycan tərəfinin təqdim etdiyi 5 prinsip əsasında iki ölkə arasında sülh müqaviləsinin hazırlanması məsələləri müzakirə olundu.

Həmçinin İ.Əliyev qeyd etdi ki, sərhədlərin delimitasiyası və demarkasiyası üzrə Azərbaycan milli komissiyasının tərkibi artıq müəyyən edilib. Bu həmin Xovayevdir ki, de-fakto dəfn olunmuş ATƏT-in Minsk Qrupunda rusiyalı həmsədr idi. İndi isə ölkəsinin xüsusi nümayəndəsidir.

Ötən həftə isə ABŞ-ın Qafqaz danışıqları üzrə baş müşaviri Endrü Şoferi regiona səfər etmişdi. Şofer də amerikalı keçmiş həmsədrdir. İki sabiq həmsədrin, indi isə Qarabağ üzrə xüsusi nümayəndənin Bakı səfəri bir neçə aspektdən diqqət çəkir: əvvəla, Minsk Qrupu faktiki dağılsa da, hər üç ölkənin Qarabağ danışıqları masasından möhkəm yapışdıqları qeyd olunmalıdır. Hər üç ölkə Qarabağ danışıqlarına “illərini sərf etsə də”, heç bir nəticə əldə olunmayıb, amma buna baxmayaraq, yenə də özlərini danışıqların bir hissəsi görməkdə davam edirlər.

Hazırda Ukrayna müharibəsi səbəbindən Rusiya hər iki ölkə ilə konflikt vəziyyətindədir. Ötən həftə Rusiya XİN nümayəndəsi Mariya Zaxarova bildirib ki, Paris və Vaşinqton ATƏT-in Minsk Qrupundan imtina edir, Brüssel isə Ermənistan-Azərbaycan barışığında Rusiyanın vasitəçiliyini əlindən almaq istəyir. Rusiya XİN-in nümayəndəsi yüksək diplomatik fəallığın Vaşinqtonla Parisin Minsk Qrupunun işini iflic etməsindən sonra yarandığını vurğulayıb. Sözçü Brüsseli Rusiya-Azərbaycan-Ermənistan arasında ən yüksək səviyyədə əldə olunmuş razılaşmaları “həyasızcasına” öz adına çıxmaqda ittiham edib.

O, Azərbaycanla Ermənistanın sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat kommunikasiyalarının bərpası, eləcə də humanitar problemlərin həlli ilə bağlı Minsk Qrupunun ötən il təqdim etdiyi təklifləri, Bakı ilə İrəvan arasında sülh razılaşmasının hazırlanması məsələlərini sadalayıb. Belə olduğu halda, üç xüsusi nümayəndənin Qarabağ danışıqlarına hansı xeyir verə biləcəyi şübhəlidir. Rusiyanın maraqları aydındır və konflikt zonasına yaxındır, sülhməramlıları Qarabağdadır. Bəs o halda ABŞ və Fransanın Qarabağ danışıqlarında iştirak israrının mənası nədir? Erməni lobbisi qarşısında öhdəlikdir, yoxsa dövlət maraqları tələb edir? Üstəgəl, Ermənistan daim çalışırdı ki, əgər bir platformada durum onun istəklərini qane etməsə, dərhal digər platformaya keçsin və orada prosesə sıfırdan başlasın, yaxud ayrı formada fəaliyyətini davam etdirsin.

Xəyal Bəşirova İMZA-da vəzifə verildi

 Xəyal Bəşirov

Siyasi ekspert Xəyal Bəşirovun “Yeni Müsavat”a bildirdiyinə görə, sülhün əldə edilməsi istiqamətində hər üç ölkə səmimi görünmür. X.Bəşirov düşünür ki, Rusiya Cənubi Qafqazın onun təsir dairəsindən çıxmasını qətiyyən istəmir: “Xüsusən Rusiya dünya ilə qarşıdurma yaşadığı bir dövrdə bölgədə öz mövcudluğunu qoruyub saxlamağa çalışır. Digər tərəfdən, Ukrayna müharibəsi fonunda Qərbin Uzaq Şərqə doğru qapıları üzünə bağlanıb deyə yeganə dəhliz Cənubi Qafqazdır. Ona görə ABŞ və Avropa bizim regionda münaqişənin alovlanmasını istəmir, sadəcə, sülhün əldə edilməsini öz adına yazmaq arzusundadır. Bütün hallarda bu yarışın getməsi bizə uyğun gəlir. Sadəcə, bu ölkələr Minsk Qrupunda olarkən heç bir nəticə əldə edilmədi, indi xüsusi nümayəndələr təyin olunması ilə  bir-birinə qarşı mübarizə aparırar”. Ekspert Cənubi Qafqazda fəallığın olmasını Ukrayna hadisələri ilə əlaqələndirir: “Ukrayna müharibəsinin nəticəsi bizim bölgənin məsələlərinə təsir edəcək. Əgər müharibə bu məcrada davam edəcəksə, Azərbaycan-Ermənistan arasında sülh sazişi vasitəçiliyi uğrunda rəqabət davam edəcək. Ermənistana gəldikdə, əslində rəsmi İrəvanın niyyəti əvvəldən bəlli idi. Onlar ayrı-ayrı platformalardan yararlanmaqla manevr edir, yalnız öz qeyri-konstruktiv maraqlarını təmin etmək üçün danışıqlar prosesində təmsil olunurlar. Hazırda Rusiya və Avropa İttifaqı kimi platformalardan Azərbaycan uğurla istifadə edir. Hər iki platformanın olması Minsk Qrupunun missiyasını da sıfıra endirir. İndiki halda bu rəqabət və aktivlik prosesin sönməsinə imkan verməyəcək. Azərbaycanın da marağı budur ki, özünə sərf etmədiyi hallar istisna olmaqla, proses ləngiməsin”.

Şahin Cəfərli/ Foto: pressklub.az · Mikroskop

Şahin Cəfərli

Təhlilçi Şahin Cəfərlinin sözlərinə görə, Rusiya özünün tərtib etdiyi 10 noyabr razılaşmalarının həyata keçirilməsində, o cümlədən Azərbaycan və Ermənistan arasında nəqliyyat kommunikasiyalarının açılmasında maraqlıdır: “Nəqliyyat əlaqələrinin bərpası üçün sərhəd problemlərinin həlli lazım olduğundan, Rusiya bu istiqamətdə də hansısa bir çözümün tərəfdarıdır. Amma təbii ki, prosesin onun liderliyində aparılması şərti ilə. Lakin Moskva Qarabağ mübahisələrinə birdəfəlik, qəti olaraq nöqtə qoyacaq hərtərəfli sülh müqaviləsinin imzalanmasında maraqlı deyil. Moskva bu məsələni Azərbaycan-Ermənistan sülh prosesindən ayırıb. Putin-Paşinyan birgə bəyanatında ”Dağlıq Qarabağ nizamlanmasının siyasi-diplomatik vasitələrlə aparılmasına ehtiyac"dan bəhs olunması məsələyə 44 günlük müharibədən əvvəlki yanaşmaları xatırladır".

Ölkə başçısının Tərtərdə qeyd etdiyi bir sıra məqamlar olduqca vacibdir" - Turan  Rzayev

 Turan Rzayev

Siyasi şərhçi Turan Rzayevin fikrincə, Rusiya indiki məqamda Ermənistan müxalifəti üzərindən həm Paşinyana təzyiq edir, həm də sərhəddə təxribatların törədilməsinə şərait yaradır: “Səbəb isə aydındır. Kreml bununla Brüsseli prosesdən kənarlaşdıraraq moderatorluğu öz əlinə almaq istəyir. Bunu aprelin 23-dəki təxribat da təsdiqləyir. Aydın məsələdir ki, hazırda Ermənistan ordusu daxilində Qarabağ klanına, əslində isə Kremlə sadiq qüvvələr var. Mümkündür ki, elə təxribatı həmin qüvvələr həyata keçirib. Ermənistan ən qısa zamanda ordu daxilində təmizləmə işləri aparmalıdır. Çünki bu kimi təxribatların yaxın günlərdə təkrarlanma ehtimalı yüksəkdir. Prosesin hansı qüvvənin nəzarətində həyata keçirilməsindən asılı olmayaraq Ermənistan məsuliyyət daşıyır. Rəsmi Bakı isə bu kimi təxribatlara uzun müddət səssiz qalmayacaq”.

Rus politoloq Aleksey Malaşenko isə erməni mətbuatına bildirib ki, Qərb və Rusiya yalnız Ukrayna münaqişəsində deyil, həm də Cənubi Qafqaz məsələlərində rəqabət aparırlar. O, bugünlərdə baş verən prosesləri dönüş nöqtəsi kimi səciyyələndirib. Qeyd edib ki, Ermənistan-Azərbaycan münaqişəsinin həlli uğrunda rəqabət başlayıb və bu, regionda kimin lider olacağını müəyyən edəcək. Onun sözlərinə görə, Qərb Cənubi Qafqazda Rusiya ilə hər cür əlaqələrdən qəsdən imtina edir, onu regiondan tamamilə çıxarmağa çalışır.

Emil SALAMOĞLU
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR