İnsanlara hürriyət, millətlərə istiqlal!

Beş dövlətin əsiri - BMT-də dəyişikliklər zərurəti

Təhlükəsizlik Şurasının iclasının nəticələri Azərbaycan üçün qaneedici olsa da, prosesin özü BMT-nin siyasi manipulyasiyaların alətinə çevrildiyini göstərdi

Ermənistanın saxta humanitar şousunun müzakirəyə çıxarılması fiasko olsa da, bu fakt bir daha onu göstərdi ki, BMT Təhlükəsizlik Şurası artıq bəşəri dəyərləri özündə ehtiva edən platforma deyil.  BMT Təhlükəsizlik Şurasının iclasının nəticələri Azərbaycan üçün qaneedici olsa da, prosesin özü BMT-nin öz məqsəd və prinsiplərinə zidd formada siyasi manipulyasiyaların alətinə çevrildiyini də göstərdi.

Məlumatlara görə, ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild bu payız dünya liderlərinin Nyu-Yorkda keçiriləcək illik toplantısı ərəfəsində Təhlükəsizlik Şurasının mümkün genişləndirilməsi ilə bağlı 193 ölkənin diplomatları ilə məsləhətləşmələr aparır. ABŞ administrasiyası BMT Təhlükəsizlik Şurasına veto hüququ olmayan əlavə 6 daimi üzvün daxil edilməsini təklif edir.

Məlumdur ki, BMT TŞ-nin 5 daimi və veto hüququna malik üzvü arasında (ABŞ, Rusiya, Çin, Fransa və Britaniya) milyard yarımlıq islam dünyasından bir ölkə də yoxdur. O da bəllidir ki, Azərbaycan Prezidenti İlham Əliyev azı iki dəfə analoji təşəbbüslə çıxış edib. Birinci dəfə bu ilin yanvarında yerli telekanallara müsahibəsində deyib ki, BMT Təhlükəsizlik Şurasının formatı artıq köhnəlib: “Ona görə, əlbəttə ki, Təhlükəsizlik Şurasında yeni üzvlər olmalıdır. Mütləq bir daimi yer müsəlman ölkəsi üçün ayrılmalıdır və bunu İslam Əməkdaşlıq Təşkilatı özü müəyyən etməlidir, o seçim etməlidir, iki illik, ya üç illik rotasiya prinsipi əsasında. Bir yer də Qoşulmama Hərəkatına verilməlidir və orada sədrlik edən ölkə o daimi yerdə olmalıdır, əgər veto hüququ qalacaqsa, onda o yeni iki üzvə də veto hüququ verilməlidir”.

Siyasi ekspertlər də hesab edir ki, yeni üzvlərə veto haqqının verilməyəcəyi halda ənənəvi 5 daimi üzvün üstün imkanlarının saxlanması yenə də istənilən nəticəni verməyə bilər. O səbəbə təzə üzvlərin də veto haqqının olması beynəlxalq məsələlərdə daha ədalətli mövqe ortaya qoyulması və BTM TŞ-nin effektivliyinin artırılması ilə nəticələnə bilər.

Məsələ artıq o dərəcədə günün tələbinə çevrilib ki, hətta BMT-nin baş katibi Antoniu Quterreş də BMT TŞ-də islahatların aparılmasının vaxtının çatdığını dilə gətirib. Bu ilin mayında Xirosimada keçirilən G7 sammitindən sonra mətbuat konfransında Quterreş bəyan etmişdi ki, BMT Təhlükəsizlik Şurasında və Bretton-Vuds institutlarında islahatların aparılmasının vaxtı çatıb və onları “bugünkü dünyanın reallıqlarına” uyğunlaşdırmaq lazımdır. “Qlobal maliyyə arxitekturası köhnəlib, işləmir və ədalətsizdir”, - deyə A.Quterreş bildirmişdi.

Beləliklə, Azərbaycan Prezidentinin qaldırdığı məsələ BMT baş katibi səviyyəsində faktiki olaraq dəstəklənib. Hər keçən gün BMT TŞ-də islahatların vacibliyini ortaya çıxarır.

Yeganə Hacıyeva: "Başda Fransa olmaqla Aİ Qarabağdakı ermənilərdən istifadə  edir"

 Yeganə Hacıyeva 

Siyasi ekspert Yeganə Hacıyeva “Yeni Müsavat”a şərhində bildirdi ki, İkinci Dünya müharibəsindən sonra yaradılan  Təhlükəsizlik Şurasının daimi üzvlərinin əsas missiyası BMT-ni öz maraqlarını yeritmək üçün alət kimi istifadə edərək Afrika, Yaxın Şərq kimi regionlarda resurslar ələ keçirmək oldu: “BMT TŞ-də ən çox qazanan ölkə həmişə Fransa olub. Son illərdə, xüsusən COVİD-19 pandemiyası zamanı bretton woods sisteminin, yəni BMT TŞ-nin dünya üçün müsbət nəsə vermədiyi, yetərsiz olduğu bir daha ortaya çıxdı. 2022-ci ildə Rusiyanın Ukraynaya hərbi hücumu isə qlobal səviyyədə problemləri, BMT TŞ-nin tamamilə iflic olduğunu ortaya çıxardı: ”BMT TŞ-nin beş daimi üzvündən biri BMT-nin üzvü olan dövlətin ərazisinə hərbi hücum etdi və ərazisinin bir hissəsini işğal elədi. TŞ-nin digər üzvü bu məsələni müzakirəyə çıxardı. Amma 5 daimi üzvdən biri olan aqressor dövlət buna veto qoydu. Beləliklə, Təhlükəsizlik Şurasının iflic, işlək olmadığı bir daha isbat oldu. Bu sistemin özünü doğrultmadığı, islahatlara ehtiyac olduğu şəksizdir. İdarə edənlərlə idarə olunanlar arasında uçurum, qeyri-uzlaşma bu sistemi iflic vəziyyətinə gətirib. Artıq dünyada onlara etimad qalmayıb. Dünyanın bir nömrəli beynəlxalq təşkilatının Təhlükəsizlik Şurası “xristian klubu” kimi tanınır. İlk növbədə daimi üzvlər sırasında iki milyarddan çox müsəlmanı təmsil edən dövlət olmalıdır. İslam dünyasının maraqları bretton woods sistemində qorunmadı və qorunmur. Ona görə də İslam Əməkdaşlıq Təşkilatının rotasiya qaydasında müəyyən edəcəyi bir müsəlman dövləti TŞ-nin daimi üzv olmalıdır. Təhlükəsizlik Şurasının daimi üzvlərinin sayı artırılacaqsa, veto hüququ onların hər birinə verilməlidir. İslahatlar bir və ya bir neçə ölkəyə BMT Təhlükəsizlik Şurasında mövqelərini daha da möhkəmələndirməyə xidmət edəcək islahatlar olmamalıdır".

Ekspert qeyd etdi ki, Təhlükəsizlik Şurasının 5 daimi üzvü olan ölkələr özlərinin veto hüququndan istifadə edərək qərar və qətnamələrin qəbul edilməsini bloklayırlar. Bu nöqteyi-nəzərdən BMT dünyanın bütün coğrafi mövqelərini əhatə edən qlobal xarakterli məsələləri müzakirə edərkən həmişə bu 5 dövlətin geosiyasi maraqlarının toqquşmasından irəli gələn qərarsızlıqlara tuş gəlir və bu səbəbdən də səmərəli fəaliyyət göstərə bilmir: “Azərbaycan Prezidenti İlham Əliyev də BMT-nin yenidən qurulması, eyni zamanda qurumun həm Təhlükəsizlik Şurasının, həm də Baş Məclisinin fəaliyyətini artırmaq üçün təkliflər verib. Məlum olduğu kimi, BMT Təhlükəsizlik Şurasının 5 daimi, 10 da keçici, 2 il müddətinə seçilmiş üzv ölkəsi var. Keçici üzvlərin heç bir veto qoymaq səlahiyyəti yoxdur. Onların tərkibi hər iki ildən bir təzələnir. Amma 5 daimi üzv orada qəbul edilən qərarların hamısını öz nəzarətində saxlayır. Ona görə də bu gün bir çox dövlətlər-islam ölkələri, Qoşulmama Hərəkatı, digər qurumlar tərəfindən belə səslər eşidilməkdədir ki, Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməli, oraya yeni üzvlər qəbul olunmalıdır. Almaniya kimi böyük dövlət Təhlükəsizlik Şurasının daimi üzvlüyünə iddia edir. Bunu demək mümkündürsə, BMT-nin ilk növbədə, Təhlükəsizlik Şurasının üzvlərinin tərkibinin dəyişdirilməsini, onların sayının 15-ə qaldırılmasını təklif edən dövlətlər çoxdur. Azərbaycan da, İslam Əməkdaşlıq Təşkilatı da, Qoşulmama Hərəkatı da bu mövqedədir. BMT-nin işini daha səmərəli qurmaq üçün Baş Məclisində dəyişikliklər aparması təklifləri var. Bir sözlə, BMT-nin dünyada sülh və əmin-amanlığın başlıca qoruyucusu kimi səmərəli fəaliyyəti üçün bu təşkilatda ciddi struktur islahatlarına ehtiyacın olduğunu əksər dövlətlər deyir. BMT-də islahatlar ilk növbədə elə BMT-nin özünü xilas etmək üçün aparılmalıdır”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR