İnsanlara hürriyət, millətlərə istiqlal!

Bərdə terrorunun ikinci ildönümü - ANIM TÖRƏNİ

 

İkinci Qarabağ müharibəsi dövründə - 2020-ci il oktyabrın 28-də düşmənin silahlı birləşmələri Bərdə şəhərində növbəti dəfə dinc sakinlərin sıx məskunlaşdığı yaşayış məntəqələrini, mülki və ticarət obyektlərini, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarının yerləşdiyi ərazini "Smerç" raketləri ilə atəşə tutmasından iki il ötür.

Ermənistanın beynəlxalq hüquqla qadağan olunan kaset bombalarından istifadə etməklə endirdiyi zərbələr nəticəsində 20 nəfər mülki şəxs və Fövqəladə Hallar Nazirliyinin 1 əməkdaşı şəhid olub, 70-ə yaxın insan isə yaralanıb.

Eyni zamanda bir neçə mülki obyekt dağıdılıb, avtomobillər yararsız vəziyyətə düşüb, sakinlərə külli miqdarda ziyan dəyib.

Prezident Administrasiyasının və QHT-lərə Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə Bərdə terrorunun ikinci ildönümü ilə əlaqədar rayonda anım törəni keçirilib.

Dəhşətli hadisənin baş verdiyi ərazidə terror qurbanları anılıb, onların xatirəsi yad edilib.

 

Musavat.com xəbər verir ki, tədbirdə Prezident Administrasiyasının QHT-lərlə iş üzrə sektor müdiri Vüsal Quliyev,  Müdafiə Nazirliyinin rəsmisi  Abdulla Qurbani, rayonun icra başçısı Vidadi İsayev, deputat Fatma Yıldırım, şəhid anaları çıxış ediblər.

Daha sonra Bərdə rayon Mədəniyyət Mərkəzində QHT -lərə Dövlət Dəstəyi agentliyinin rəsmisi Elnur Bağırlının moderatorluğu ilə "Müharibə Cinayətləri: mülki şəxslərlə hücum" mövzusunda konfrans keçirilib.

Dövlət himnimizin səsləndirilməsindən sonra şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edilib.

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva ermənilərin Azərbaycan xalqına qarşı birinci və ikinci Qarabağ müharibələri zamanı çoxsaylı müharibə cinayətləri, kütləvi qırğınlar, terrorlar törətdiyini, beynəlxalq aləmin bu insanlıq əleyhinə cinayətlərə adekvat reaksiya vermədiyini bildirib. 

Daha sonra icra başçısı Vidadi İsayev çıxış edərək, müharibə dövründə Bərdə əhalisinin xain düşmənlə savaş zamanı göstərdiyi şücaətlərdən, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan qələbəmizdən söz açdı, informasiya cəbhəsində bundan sonra da işlərin mütəşəkkil qaydada aparılmasının vacibliyini vurğuladı.

PA rəsmisi Vüsal Quliyev çıxışında İkinci Qarabağ savaşı zamanı mütəmadi olaraq mərmi yağışına məruz qalmalarına baxmayaraq, Bərdə əhalisinin qəhrəmanlıq göstərdiyini, rayonu kimsənin tərk etmədiyini, hər kəsin bacardığı köməyi göstərdiyini bildirdi.

V.Quliyev QHT-lərə təşkilatlanaraq, dil bilgiləri əldə edərək informasiya savaşında, dövlət maraqlarının qorunmasında fəallıq göstərməyi, təşəbbüskar olmağı, beynəlxalq qurumlara edilən müraciətlərə onlardan reaksiya, cavab istəməyi tövsiyə etdi.

Deputat Fatma Yıldırım Ermənistanın Azərbaycan xalqına qarşı cinayətlərinin hələ də davam etdiyini, postmüharibə dövründə xeyli sayda vətəndaşımızın mina qurbanı olduğunu, ermənilərin 10 noyabr Bəyanatından sonra da gizli şəkildə minalar basdırmaları faktlarının aşkarlandığını diqqətə çatdırdı.

O, Prezident İlham Əliyevin siyasəti nəticəsində bu gün dünyada xeyli dostumuz olduğunu dedi və QHT-lərə həmin ölkələrlə əməkdaşlıq qurmağın, həqiqətlərimizi bütün mümkün platformalarda çatdırmağa çalışmağın, Azərbaycan qarşı olan qüvvələrlə, ölkələrlə mütəşəkkil şəkildə mübarizə aparmağın vacibliyini vurğuladı.

 

"Vətəndaş Maarifləndirilməsi" İctimai Birliyinin rəhbəri, "Yeni Müsavat" Media Qrupun redaktoru Elşad Məmmədli dedi ki, müasir dövrümüzdə informasiya savaşı əsasən sosial şəbəkələr üzərindən aparılır və bu platformalarda savadlı, nizamlı şəkildə işlərin aparılmasına xüsusi diqqət yetirilməlidir. O, QHT-lərin beynəlxalq təşkilatlarla əməkdaşlığının artırılmasının zəruriliyini vurğuladı. 

Tədbirin sonunda Azərbaycan QHT-ləri xalqımıza qarşı çoxsaylı müharibə və mülki cinayətləri, dinc sakinlərə qarşı terror törətmiş Ermənistanın cəzalandırılması çağırışı ilə beynəlxalq təşkilatlara bəyanat ünvanlayıblar.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR