İnsanlara hürriyət, millətlərə istiqlal!

Benzinin qiymətində dəyişiklik avtomobil bazarına necə təsir edəcək?-Ekspertlərin şərhi  

Azərbaycanda Aİ-95 premium markalı benzinin qiymətində dəyişiklik edilməsi avtomobil bazarına təsirsiz ötüşməyəcək. Nəqliyyat ekspertləri həm ekoloji, həm də alış-satış baxımından müəyyən çətinliklərin yarana biləcəyini proqnozlaşdırırlar.

“Azərbaycana idxal olunan yeni avtomobillər əsasən Aİ-95 markalı benzinlə işləyən avtomobillərdir. İkinci əl avtomobil bazarında isə Aİ-92 markalı benzinlə işləyən avtomobillər üstünlük təşkil edir. Aİ-95 markalı benzinin qiymətinin artması avtomobil bazarında qiymətlərin kəskin yüksəlməsi yaxud azalması ilə nəticələnməyəcək”.

Bu fikirləri Musavat.com-a Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirib. O qeyd edib ki, ikinci əl avtomobil bazarında Aİ-95 markalı benzinlə çalışan avtomobillərə tələb azala bilər, lakin qiymətdə kəskin dəyişiklik olmayacaq:

“Qiymət artımı dizel mühərrikli avtomobillərə və hibrid avtomobillərə marağı artıracaq. Mühərrik həcmi kiçik olan avtomobillərə də maraq artacaq. Dizel mühərrikli avtomobillərə tələbatın artması mənfi haldır. Məlumdur ki, bu növ nəqliyyat vasitələri atmosferə daha çox karbon qazı buraxır”.

Nəqliyyat eksperti Elməddin Muradlı isə qeyd etdi ki, Aİ-95 markalı benzinin qiyməti bahalaşdıqca avtomobil bazarında premium markalı benzin işlədən avtomobillərin qiyməti ucuzlaşır: “Aİ-92 markalı benzinlə Aİ-95 markalı benzin arasında 1 manat fərq var. Gəliri yüksək olmayanlar 10 litr yanacaqda 10 manat itirmək istəməz. Son illərin istehsalı olan avtomobillər premium markalı benzinlə işləyir. Təbii ki, Azərbaycan avtomobil parkının yenilənməsi üçün yeni avtomobillərin gətirilməsi lazımdır. Bu da o deməkdir ki, premium benzinlə işləyən avtomobillərin satışı ilə məşğul olanlar əziyyət çəkəcəklər. Azərbaycanın Aİ-95 markalı benzinin istehsalına başlaması vəziyyətdən çıxış yolu ola bilər. Zavodlar tikilir, bir ildən bir qədər artıq zaman lazım ola bilər, amma biz bunu gözləyirik”.

Ekspert qiymət dəyişikliyinin yollardakı sıxlıqla əlaqəli ola biləcəyini düşünür: “Yol şəbəkəsi yarada, tıxacı tənzimləyə bilmirlər. Əksinə, avtomobillərin aksiz vergisini, əlavə dəyər vergisini, yanacağın qiymətini artırırlar. Azərbaycanda bu metodlardan dəfələrlə istifadə olunub. Dünya bazarında neftin qiymətinin bahalaşmasını əsas gətirirlər, lakin neftin qiyməti ucuzlaşanda benzinin qiymətində dəyişiklik olmur. İki dəfə belə fakt qeydə alınıb ki, neftin qiyməti ucuzlaşanda premium markalı benzin 0.10 AZN ucuzlaşıb. İndi isə 0.40 AZN artırıblar”.

E.Muradlı artımın avtomobil bazarına ciddi təsir göstərəcəyini, durğunluq yarana biləcəyini, lakin bunun müəyyən müddət davam edəcəyini bildirdi.  

Qeyd edək ki, ötən gecədən Aİ-95 premium markalı benzin 0,4 manat bahalaşıb və yeni satış qiyməti 2 manat təşkil edir.

 

Nigar Həsənli,
Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR