Onlayn ictimai-siyasi qəzet
MSK sədri Məzahir müəllim keçən həftənin sonunda bələdiyyə seçkiləri üçün 755 namizədin qeydə alındığını, lakin 754 nəfər qaldığını bizə və bütün dünya ictimaiyyətinə xəbər verdi. Sən demə namizədlərdən 1 nəfər ölmüşdür.
Burada zəruri haşiyə çıxmalıyam. Mən yuxarıda “ölmək” yazdım, lakin sayın MSK sədrinin açıqlamasında belə deyildi. “Dünyasını dəyişib” – Məzahir müəllim belə dedi.
Niyə dəyişib, hara dəyişib, bu haqda əlaqədar orqanlar fikirləşməlidir. Öz dünyamızı nə üçün bəyənməyibdir? Burada bələdiyyənin, MSK və icra hakimiyyətinin hər hansı neqativ rolu vardırmı? Bunlar hamısı cavab gözləyən suallardır.
Ümumiyyətlə, dilçilik baxımından həyat dəyərlərimizə qiymət versək, başqa xalqlarda insanlar ölür, bizdə isə dünyasını dəyişir. Bu, yalnız dini qiymətləndirmə, guya bizi hansısa axirət dünyasının gözləməsi-filan mənasında deyil. Elə sırf dəyişməkdir. Bu dünyada nəsə xoşuna gəlmir, dəyişirsən başqa dünyaya. Azərbaycanın inkişafında nəyi xoşlamırlar?
Qayıdaq mövzuya. Mövzu isə odur ki, qabaqlar bizdə ölülərin bələdiyyə üzvlüyünə namizədliyi ləğv edilmirdi. O cümlədən, rəhmətliklər seçkidə aktiv iştirak edirdilər. Bu haqda çoxlu seçki prosesi videoları olurdu. Məsələn, hansısa seçkidə müşahidəçi ölünün adını səsverənlər siyahısında görüb etiraz etmişdi, məntəqə sədri isə bunu qəbul etmirdi. Aralarında belə maraqlı dialoq yaranmışdı:
“Müşahidəçi - A kişi, bu adam ölüb! Ölüb! Gedək qəbrini sənə göstərim!
Sədr – O sənin üçün ölüb, bizim üçünsə sağdır!”
Bəli. Gözəl dialoq idi. Eyni zamanda, ölkəmizdə ölüyə-diriyə hörmət qoyan iqtidarın varlığını isbat edərək ürəyimizi açmışdı, bizi sevindirmişdi.
Ancaq indi bələdiyyə üzvlüyünə namizəd ölən kimi adı siyahıdan çıxarılıb. Şəxsən mən bunu pisləyirəm. Yəqin hansısa Avropa komissiyasının tələbidir, yoxsa Məzahir müəllim belə milli mentalitetə zidd addım atmazdı. Qeyd edim ki, mən Avropanın əleyhinə deyiləm, sadəcə, oranın yaxşısını götürüb, pisini atmalıyıq. Ona görə bu saat Bakıda az-maz keyfiyyətli paltarlar elə ikinci əl dükanlarında tapılır.
Lakin müsbət hadisələr də baş verir. Misal üçün, deyirlər yaxın illərdə bizim türmələrdə ali təhsil almağa şərait yaradılacaqdır. Bu, necə ediləcək, hələlik məlum deyil, düşünürəm iki üsuldan istifadə oluna bilər. Birincisi, qiyabi təhsildir. Dustaq içəridə dərsini oxuyur, proqramı öyrənir, sonra onlayn imtahan verir. Ya da müəllimləri 3-5 sutkalıq içəri basırıq, gedib dustaq tələbələrdən imtahan götürürlər.
İkinci, daha mütərəqqi üsul elə cəzaçəkmə obyektlərinin özündə, nəzdində ali məktəblərin yaradılması ola bilər. Örnək üçün, Kürdəxanı Universiteti. Deyilişi də gözəldir: KU. İstər-istəməz adam Sovetlərin son nəfəsində, 1986-cı ildə rejissor Georgi Daneliyanın çəkdiyi “Kin-dza-dza!” filmini xatırlayır. Orada filmin qəhrəmanı olan iki sovet adamı başqa planetə düşürdülər və yerli xalq çatlan-ların dilində cəmi 7 söz olduğunu görürdülər. Bütün qalan sözlərin əvəzinə isə çatlanlar “ku” deyirdi. Planeti idarə edənlərlə kölələrin şalvarları rənginə görə dəyişirdi. Əsas mübadilə vasitəsi kibrit çöpü idi və sairə - kim baxmayıbsa dərhal baxsın. Olduqca realist filmdir, fantasmaqoriya üslubunda çəkilməsinə baxmayaraq. Şəxsən mənə hərdən elə gəlir “Kin-dza-dza!” filminin çəkiliş meydançasında yaşayıram.
Yazını da elə o filmdən mahnının sözləriylə bitirirəm:
Anacan, anacan, mən nə edim bəs? Ku!
Anacan, anacan, necə yaşayım? I-ı-ı-ı-ı!
Nə isti paltom var,
Nə isti alt paltarım.
Ku!”
08 Fevral 2025
07 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ