İnsanlara hürriyət, millətlərə istiqlal!

Bələdiyyə seçkilərinin təşviqatı başladı - tanınmış namizədlər

Partiyalar seçkiyə necə hazırlaşır - açıqlamalar

Yanvarın 6-dan bələdiyyə seçkilərində seçkiqabağı təşviqat başlayıb. “Yeni Müsavat” bildirir ki, bu, “Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nda öz əksini tapıb. 

Seçki Məcəlləsinə əsasən, təşviqatı qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri apara bilərlər. Qanunvericiliyə görə, təşviqat prosesi səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır. Təqvim planında bu müddət 2025-ci il yanvarın 6-dan başlayır, yanvarın 28-i saat 08:00-da başa çatır.

Bu il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkiləri ilə bağlı seçicilərlə görüş yerləri də müəyyənləşib. Mərkəzi Seçki Komissiyasından bildirilib ki, bələdiyyə seçkilərində qeydə alınmış namizədlərin, namizədləri qeydə alınmış siyasi partiyaların seçicilərlə görüşlərinin keçirilməsi üçün 3 min 730-u açıq, 2 min 182-si qapalı olmaqla, ümumilikdə 5 min 912 yerin ayrıldığı bildirilib. 

Bələdiyyə seçkiləri: hansı partiyalar iştirak edəcək? - Sorğu

Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımov isə bildirib ki, bəzi bələdiyyə üzvlüyünə namizədlərin seçki komissiyalarının üzvləri ilə qohumluq əlaqələri var, buna görə də həmin komissiya üzvünün fəaliyyətinin dayandırılması, ya da fəaliyyətinə müvəqqəti xitam verilməsi məsələsi meydana çıxır. Onun sözlərinə görə, seçkilərin yekunlarına qədər bu cür komissiya üzvlərinin fəaliyyətinə müvəqqəti xitam verilməlidir. 

Maraqlıdır, partiyalar təşviqat kampaniyasına necə hazırlaşır və namizədlər arasında tanınmış siyasətçilər varmı? Müxalifət təşkilatlarının bu seçkidə qalib gəlmək şansları nə dərəcədədir? 

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar yanvarın 5-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında yerli seçki qərargahları sədrlərinin iştirakı ilə müşavirə keçirilib.

Müşavirədə Yeni Azərbaycan Partiyasının bələdiyyə seçkilərinin keçiriləcəyi 118 seçki dairəsi üzrə irəli sürdüyü bütün namizədlərin qeydə alındığı vurğulanaraq onlara uğurlar arzulanıb.

Sonra YAP İdarə Heyətinin 2024-cü il 2 dekabr tarixli qərarı ilə təsdiq edilmiş Tədbirlər Planının icra vəziyyəti müzakirə olunub, ötən müddət ərzində nəzərdə tutulan bütün tədbirlərin vaxtında və mütəşəkkil qaydada həyata keçirildiyi qeyd edilərək yerli seçki qərargahlarının fəaliyyəti müsbət qiymətləndirilib.

Yanvarın 6-dan başlayacaq seçkiqabağı təşviqat mərhələsində qarşıda duran vəzifələrin icrasına dair fikir mübadiləsi aparılaraq müvafiq tapşırıq və tövsiyələr verilib, YAP Mərkəzi Aparatı tərəfindən hazırlanmış seçki proqramı və digər təşviqat materialları yerli seçki qərargahlarının sədrlərinə təqdim olunub.

Seçki prosesində müşahidəçilik institutunun rolu və əhəmiyyəti, müşahidə aparılması qaydaları, müşahidəçilərin hüquq və vəzifələri ilə əlaqədar maarifləndirmə məqsədilə istər məşvərətçi səs hüquqlu üzvlər, istərsə də seçki dairə və məntəqələrində səsvermə günü müşahidə aparacaq şəxslər üçün keçiriləcək təlimlərin önəmi vurğulanıb.

WhatsApp Image 2025-01-06 at 17.24.07.jpeg (108 KB)

Cavanşir Abbaslı 

AĞ Partiya sözçüsü Cavanşir Abbaslı bu seçkidə qələbə qazanacaq namizədlərin kifayət qədər çox olduğunu bildirdi: “Partiyamız bütün seçkilərdə olduğu kimi, bələdiyyə seçkilərində də aktiv iştirak edir. Artıq namizədlərimizin qeydə alınması prosesi də başa çatıb. AĞ Partiya hər bir seçkiyə qalibiyyət üçün qatılır. Bu seçkidə də qələbə qazanmaq üçün kifayət qədər şansları olan namizədlərimiz var. Məsələn, partiya başqanının müavini Rüfət Hacıbəyli Ağcabədidən seçkilərə qatılıb və qələbə qazanacağına şübhəmiz yoxdur. İndiyə qədər Rüfət bəy iki dəfə Ağcabədidən deputatlığa namizədliyini irəli sürüb və qələbə üçün yetərli sayılacaq səs də yığıb. Ümumilikdə hər bir namizədimizin qələbə imkanları yüksəkdir. Bu da AĞ Partiyanın ölkənin siyasi proseslərində aktiv iştirakından və ölkədə nüfuzunun kifayət qədər yüksək olmasından irəli gəlir. Yanvarın 29-da hər kəs bir daha AĞ Partiyanın ölkədəki nüfuzunu və yerini görəcək. Hər bir namizədimizə uğurlar arzulayırıq”.

Əli Orucov: "Mən üzərimə böyük məsuliyyət götürdüyümün fərqindəyəm..." -  MÜSAHİBƏ

 Əli Orucov

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) katibi Əli Orucov deyib ki, 60-a yaxın bələdiyyədə partiyanın üzvləri namizədliklərini irəli sürüblər: “Şanslı olduğumuz və qalib gələcəyimiz qənaətindəyik. AMİP ölkənin aparıcı partiyalarından biridir və cəmiyyətdə stabil tərəfdaşı var. Ona görə də qalib gələcəyimizə şübhə yoxdur. Təşviqat kampaniyasına partiya özü də dəstək göstərəcək. Seçkilərə qatılan namizədlərin özləri də həmin dairələrdə tanınmış və xalqla yaxından ünsiyyəti olan şəxslərdir. Ona görə də seçki imkanları çoxdur”. 

Memuar yazan Sabir Rüstəmxanlı kömək İSTƏDİ

Sabir Rüstəmxanlı

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı bildirib ki, müxtəlif rayonlarda namizədlər var: “Təxminən 30-a yaxın partiya üzvü namizədliyini verib. Seçki qanunlarına uyğun olaraq bütün proseslər gedir. Güman edirəm ki, namizədlərin əksəriyyəti qalib gələcək. Bələdiyyə seçkiləri Milli Məclisə seçkilərdən fərqlidir, oraya tanınmış adamları cəlb etmək çox da asan deyil. Namizədlərimiz partiyanın fəallarıdır”.

Pənah Hüseyn 44 yaşında vəfat edən bacısından YAZDI - FOTO

Pənah Hüseyn

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn deyir ki, partiya üzvülərinə sərbəstlik verilib, istəyən seçkilərdə iştirak edə bilər: “Partiya olaraq seçkilərdə iştirak etməyəcəyik, buna görə də üzvlərimiz sərbəst şəkildə seçkilərə qatıla bilərlər. Məndə olan məlumata görə, bəzi üzvlərimiz namizədliklərini fərdi qaydada irəli sürüblər. Partiyanın seçkilərdə iştirak etməməsi qərarı idarə heyətində verilib. Çünki seçkilərə ciddi maraq nümayiş olunmadı, həm də partiya kimi iştirak əlavə olaraq heç bir üstünlük gətirmir. Əksinə, iştirak etsək, bürokratik çətinliklərlə qarşılaşacağıq”. 

Böyük Quruluş Partiyasının Ali Məclisinin sədri Əjdər Əliyev bildirib ki, seçkilərə çoxdan hazırlıq gedirmiş: “Bələdiyyələrin səlahiyyətlərinin məhdud, funksiyalarının isə zəif olması ilə əlaqədar olaraq bu seçkilərə ictimai maraq yüksək deyil. Buna baxmayaraq, namizədlərimiz var və qalib gəlmə şanslarımız yüksəkdir. Namizədlər yerlərdə tanınan adamlardır”.

Şahanə RƏHİMLİ,
Musavat.com 




ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Yanvar 2025

09 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR