Onlayn ictimai-siyasi qəzet
Deputat Bəhruz Məhərrəmov Milli Məclisdəki büdcə müzakirələrində çıxış edərkən əvvəlcə dünyadakı ikili standartlardan bəhs edib.
“Hər kəs şahiddir ki, 30 il işğal və təcavüzə məruz qalarkən Qarabağ və Şərqi Zəngəzurda insanlıq adına nə varsa - infrastruktur, mədəni-tarixi irs, hətta qəbir daşlarına qədər məhv edilib talanarkən müəyyən istisnalarla heç kim səsimizə səs vermədi” - deyə deputat bildirib.
B.Məhərrəmov ardınca bunları söyləyib: “Harada idi o donor təşkilatları? Harada idi bu gün bölgəmizdə “İnsan haqlarına”, “siyasi məhbus” tandeminə, rəngli inqilablara milyonlar xərcləməyə hazır olan qlobal təsisatlar? Yaxud bu gün Qarabağda, Şərqi Zəngəzurda Ermənistanın törətdiyi ekoloji, mədəni və humanitar fəlakətin nəticələrini aradan qaldırarkən, Livan ölçüdə bir ərazini minalardan təmizləyərkən kim bizim üçün bir manatından keçir? Bütün işləri bu gün Azərbaycan öz büdcəsi hesabına, öz imkanları ilə görür. Əksinə, işğal dövründə, soyqırımlar yaşananda, Gəncə, Bərdə, Tərtərdə dinc insanlar kasetli bombalarla atəşə tutulanda susan həmin o beynəlxalq ictimaiyyət bu gün utanmazcasına bizi ittiham etməyə çalışır. Təbii ki, cənab İlham Əliyev hər kəsin layiq olduğu və başa düşdüyü dildə cavabını verir. Nəticədə bütün maneələrə rəğmən, məhz Müzəffər Ali Baş Komandanın qətiyyəti hesabına artıq ərazi bütövlüyümüz, sərhəd toxunulmazlığımız, bütün ölkə üzrə konstitusion quruluşumuz bərpa olunub”.
Deputat deyib ki, bütün bunlar ciddi maliyyə imkanı, müstəqil və güclü siyasi iradə tələb edir: “Bu mənada 2024-cü il dövlət büdcəsi haqqında layihə həmin gücün, iradənin tərəddüdsüz olaraq uğurlu inikası hesab edilə bilər. Unutmayaq ki, biz stabil, siyasi və iqtisadi təlatümlərdən kənar bir bölgədə yaşamırıq. Maraqların kəsişdiyi qaynar bir coğrafiyada yerləşirik, bütün bunlara rəğmən, məhz cənab İlham Əliyev daim bizim əsas problemimizə çevrilən bu coğrafi mövqeni tariximizdə ilk dəfə geostrateji üstünlüyə və kapitala çevirməklə Azərbaycanı pandemiya, qlobal iqtisadi böhran və müharibələrdən qalib çıxarıb. Bu gün əminliklə deyə bilərik ki, Azərbaycan regionda təhlükəsizlik adasıdır”.
B.Məhərrəmovun sözlərinə görə, hazırda dövlət hesabına işlərdə vəkilə hər iş saatı üçün 6 manat olmaqla, bir iş üzrə orta hesabla 115 manat civarında ödəniş olunur ki, həmin məbləğin də 30 faizi vergi, sığorta və digər xərclərə məruz qalır:
“Çox təşəkkür edirik ki, cənab Prezident məsələyə müdaxilə edərək bu il 26 iyul Fərmanı ilə Nazirlər Kabinetinə “dövlət hesabına hüquqi yardıma görə məbləğin dəyişdirilməsi zərurətinin öyrənilməsini tapşırıb. Vəkillər Kollegiyası da təhlil apararaq vəkilə ödənilən haqqın 20 manat məbləğində müəyyən edilməsini təklif edib. Təklif Ədliyyə Nazirliyi tərəfindən də məqbul sayılıb. Eyni zamanda Hüquq siyasəti və dövlət quruculuğu komitəsində də işçi qaydada məsələ araşdırılıb.
Müqayisə üçün nəzərinizə çatdırım ki, Türkiyədə işlərin xüsusiyyəti və işə baxılma mərhələlərinə uyğun olaraq bu məbləğ 90, Rusiyada isə 30 manatdan başlanır və artaraq dəyişir. Əlbəttə, lokal reallıqları nəzərə almaq vacibdir və bu mənada təklif olunan 20 manat rəqəminin məqbul olması şübhə doğurmur. Bu mənada, hörmətli cənab Baş nazir, Sizdən komitəmiz adından məsələnin həlli üçün köməyinizi xahiş edirik”.
Deputat daha sonra deyib ki, təmsil etdiyi Biləsuvarda əsas problem ənənəvi su qıtlığı məsələsidir: “Aydındır ki, məsələ hökumətin diqqətindədir, sadəcə indiki məqamda quraqlıq və su çatışmazlığı ucbatından ciddi ziyana düşmüş fermerlərlə bağlı müəyyən addımların atılmasını sizdən xahiş edirəm”.
E.Paşasoy,
Musavat.com
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ