Onlayn ictimai-siyasi qəzet
Birləşmiş Ərəb Əmirliklərinin hakimiyyət orqanları ilin sonuna qədər ölkədə ikinci Atom Elektrik Stansiyasının (AES) tikintisi üçün müsabiqə elan etmək imkanını nəzərdən keçirir.
Musavat.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi BƏƏ-nin MAQATE-dəki daimi nümayəndəsi Həməd əl-Kaabiyə istinadən məlumat yayıb.
Agentlik bildirir ki, ölkədə ikinci atom elektrik stansiyasının tikintisi üçün müraciətlər xüsusən də Rusiya, Çin və ABŞ tərəfindən verilə bilər. Obyektin tikintisi BƏƏ hökumətinə “on milyardlarla dollara” başa gələ bilər.
Əl-Kaabinin sözlərinə görə, yeni atom elektrik stansiyası iki və ya dörd reaktordan ibarət ola bilər. O əlavə edib ki, ölkədə yeganə AES-in sonuncu reaktoru ilin sonuna kimi kommersiya istifadəsinə veriləcək, ona görə də BƏƏ hökuməti artıq gücün artırılması perspektivlərini öyrənməyə başlayıb. Əl-Kaabi həmçinin bildirib ki, BƏƏ nümayəndələri təfərrüatları dəqiqləşdirmədən artıq dünyanın aparıcı şirkətləri ilə atom elektrik stansiyalarının tikintisi ilə bağlı danışıqlar aparıblar.
BƏƏ hakimiyyətinin proqnozuna görə, yaxın 10 ildə ölkədə elektrik enerjisi istehlakı əhalinin və sənaye potensialının artması hesabına əhəmiyyətli dərəcədə yüksələcək. Ölkə uranın zənginləşdirilməsi ilə məşğul olmaq niyyətində deyil, ona görə də lazımi yanacağı beynəlxalq bazardan alır.
Qeyd edək ki, ərəb dünyasının ilk atom elektrik stansiyası olan Əbu-Dabi əmirliyində yerləşən “Barakah” 2020-ci ildə fəaliyyətə başlayıb. Dörd enerji blokundan birincisi 2020-ci il avqustun 1-də işə salınıb və 6 aprel 2021-ci ildə kommersiya istismarına verilib. Dördüncü reaktor 2024-cü ilin martında işə salınıb, lakin hələ də kommersiya fəaliyyətinə daxil olmayıb. Stansiyanın gücünün 5,6 giqavat olması planlaşdırılır ki, bu da ölkənin elektrik enerjisinə olan tələbatının təxminən 25 faizini təmin edəcək.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ