Onlayn ictimai-siyasi qəzet
Bədəvi Qəbilələri İttifaqının rəhbəri Şeyx İsmail əl-Xaldi “Syria TV” telekanalına verdiyi müsahibədə Suriyanın cənubunda baş verən son hadisələrlə bağlı danışıb.
Musavat.com-un xəbərinə görə, o bildirib ki, bölgədəki qəbilələr müharibə tərəfdarı deyil, əksinə, sülh və sabitlik arzusundadırlar.
Lakin buna baxmayaraq, təhlükəsizlik qüvvələri bölgədə tam nəzarəti bərpa edənədək əldə etdikləri torpaqlardan bir qarış belə geri çəkilməyəcəklər.
Şeyx əl-Xaldi vurğulayıb ki, onların əsas məqsədi mülki əhalini qorumaq və bölgədə sabitlik yaratmaqdır. Onun sözlərinə görə, bu məqsədə çatmaq “Hikmət əl-Cariyə sadiq olan silahlı milislər”in fəaliyyətləri ilə çətinləşir.
Şeyx əl-Xaldi bu milisləri vəhşilik törətməkdə, yalan məlumatlar yaymaqda və əldə olunmuş bütün razılaşmaları pozmaqda ittiham edib:
“Onların fəaliyyəti nəticəsində bölgədəki vəziyyət daha da gərginləşir. Bu səbəbdən onlara etibarımız yoxdur. Biz yalnız dövlətin təhlükəsizlik qüvvələrinin bölgəyə daxil olub idarəni tam şəkildə bərpa etməsini istəyirik. O vaxta qədər biz geri çəkilməyəcəyik”.
O qeyd edib ki, Bədəvi qəbilələrinin nümayəndələri dəfələrlə dialoq təşəbbüsləri göstəriblər, lakin qarşı tərəfin silahlı reaksiyası bu cəhdləri puç edib. Şeyx əl-Xaldinin fikrincə, bölgədə real və davamlı sabitlik yalnız rəsmi dövlət orqanlarının iştirakı və nəzarəti ilə mümkündür.
Musavat.com
19 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ