Onlayn ictimai-siyasi qəzet
Son zamanlar mal və quzu ətinin bahalaşması barədə məlumatlar yayılıb. Paytaxt bazarlarında dana ətinin 15-16 manata, quzu ətinin 20-24 manata təklif olunduğu qeyd olunub. Bildirilib ki, sümüksüz və sümüklü ət arasında da qiymət fərqi var.
Real TV-nin bu barədə hazırladığı süjetdə satıcılar deyiblər ki, ötən aylara nisbətən ətin qiymətində cüzi dəyişiklik olub. Buna səbəb olaraq satıcılar heyvan qıtlığını və yemin daşınma xərclərinin baha olmasını göstəriblər. Son on ildə iribuynuzluların sayının beş faiz azaldığı diqqətə çatdırılaraq, bunun da qiymətlərin artmasına təsir etdiyi vurğulanıb.
Maraqlıdır, ətin bahalaşmasına real səbəb nədir? Əgər doğrudan da bahalaşma iribuynuzlu heyvanların sayının azalmasından qaynaqlanırsa, o zaman ölkəmizdə heyvandarlıq təsərrüfatında belə vəziyyətin yaranmasına səbəbi nədir? Bu problemi həll etmək üçün çıxış yolu nədir? Fermerlərin həvəsləndirilməsi, heyvandarlıq təsərrüfatlarının inkişafı üçün hansı addımlar atılmalıdır?
Mövzu ilə bağlı Medianews.az-a danışan iqtisadçı Pərviz Heydərov bildirib ki, Azərbaycanda ət məhsulunun qiymətinin artması ardıcıl xarakter alıb.
Onun sözlərinə görə, belə getsə biz hələ bu sahədə yeni-yeni qiymət artımlarının şahidi olacağıq: “Ölkədə daxili istehlak üzrə tələbatın ödənilməsi getdikcə daha çox idxaldan asılı vəziyyətə düşür. Ət idxalı 2024-cü il ərzində 2023-cü illə müqayisədə dəyər ifadəsi ilə 42 milyon 817 min dollar və ya 49,4 faiz, miqdar ifadəsilə isə 16 min 982 ton və ya 40,7 faiz artıq olub. Bu, çox ciddi mənfi bir tendensiyadır. Hər hansı bir məhsulun idxalı isə əgər artırsa, qiymət istər-istəməz kənar amillərin təsirləri altına düşür. Belə ki, yerli heyvandarlıq məhsullarımıza tələb əslində daha yüksəkdir. Ancaq, yerli istehsal azaldığı və idxal genişləndiyi üçün, alıcılar keyfiyyətə üstünlük verdiklərindən ətin qiyməti idxalın müqabilində getdikcə daha çox qalxır və qalxmalıdır da… Ona görə ki, bazarda tarazlıq pozulur və qiymət amili də tələb və təklif nisbətindən kənara çıxır. Odur ki, yerli istehsal və tədarük azaldıqca qiymətlər də qalxmaqda davam edəcək”.
İqtisadçı P.Heydərov deyib ki, ölkədə heyvandarlıq bərbad gündədir: “Bu, son illər ərzində belə vəziyyətə düşüb. Yəni, illər öncə, biz ən əsas ərzaq məhsulları sırasında ət ilə özümüzü 90-95 faiz səviyyəsində təmin edirdiksə, bu tendensiyanı artıq, 4-5 ildir ki, itirmişik. Çünki pambıqçılığın və bir sıra digər sahələrin inkişafına müvafiq diqqətin artırılması nəticəsində heyvandarlığa böyük zərbə dəydi. Örüş yerləri azaldı, yem problemə çevrildi və sair. Yəni, qeyri-neft ixracımızı genişləndirmək məqsədilə aqrar sahədə atılan addımlar və yürüdülən siyasətdə balans pozuldu. Bu, çox böyük ciddi səhv yanaşma idi. Ən əsası, bu, ərzaq təhlükəsizliyi məsələsinin təmini məqsədilə üst-üstə düşmədi və düşmür də. Ona görə də yeyinti məhsulları tədarükü və istehsalı sahəsində malik olduğumuz bir sıra əlverişli xammal bazasını itirdik. Hesab edirəm ki, 2025-ci ildə kənd təsərrüfatı sahəsində, xüsusən heyvandarlıq təcili şəkildə bərpa olunmalıdır. Əvvəlki örüş yerlərinin heç olmasa bir hissəsi qaytarılmalıdır, ucuz yem bazasının təşkili üçün müvafiq tədbirlər görülməli, xüsusən də fərdi, xırda təsərrüfatlar üzrə iri və xırda buynuzlu heyvanların saxlanılmasına maraq bərpa olunmalıdır. Bu sahədə dövlət dəstəyi – stimullaşdırma həyata keçirilməidir”.
30 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ